Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:04

Həbsdəki redaktor Cəlilabada ‘etap’ edilib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqov Kürdəxanı təcridxanasından Cəlilabad rayonuna aparılıb.

Bu haqda jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun dediyinə görə, jurnalistin “etap” edilməsi Cəlilabadda yeni məhkəməsinin başlaması ilə əlaqədardır.

Bu günlərdə rayon məhkəməsində Cəlilabad rayon icra hakimiyyətinin keçmiş başçısı Əziz Əzizovun Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılacağı bildirilir.

Sevinc Sadıqova həyat yoldaşının sağlamlıq durumunun yaxşı olmadığını, təzyiqinin tez-tez yüksəldiyini və ayaqlarında şiş əmələ gəldiyini bildirib. Onun sözlərinə görə, aprelin sonlarında əri Kürdəxanıda aclıq aksiyasına başlayıb və ağzını tikib.

“ Turan” agentliyinin xəbərinə görə, Cəlilabad Rayon Məhkəməsindən deyiblər ki, Əfqan Sadıqovun məhkəmə prosesi mayın 4-də başlayacaq.

Penitensiar Xidmətdən Sadıqovun durumu və həyat yoldaşının onun ağzını tikib aclıq aksiyası keçirməsi ilə bağlı dediklərinə münasibət almaq mümkün olmayıb. Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə Əfqan Sadıqovun səhhətinin həkim nəzarətində olduğunu bildirmişdi.

İftixar Qurbanov əlavə etmişdi ki, Sadıqov aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə də alıb.

Əfqan Sadıqov 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Əfqan Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər.

İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Əzizovun qaldırdığı bildirilir. Bu dəfə o, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilir. Redaktor bu ittihamı da qəbul etmir.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alır.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG