Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 21:33

Əfqan Muxtarlının səhhətinin pisləşdiyi bildirilir


Həbsdəki jurnalist Əfqan Muxtarlının səhhətində ciddi problemlərin yarandığı bildirilir.

Bu haqda jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb.

L.Mustafayeva bildirib ki, Ə.Muxtarlı ürək və ciyər nahiyələrindəki kəskin ağrılardan əziyyət çəkir.

Vəkili tibb idarəsində olub

Jurnalistin vəkili Nemət Kərimli isə AzadlıqRadiosuna deyib ki, Ə.Muxtarlının sağlıq durumu ilə bağlı gərəkli addımların atılmasından ötrü Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət göndərib.

Vəkilinin bildirməsinə görə, tibbi müayinə zamanı Ə.Muxtarlının səhhətindəki problemlər müəyyən edilib.

“Əfqan Muxtarlı rentgen müayinəsindən keçib. Həkiminin deməsinə görə, ciyərində ləkə var. Bu gün (5 aprel) tibb idarəsinin rəhbərliyi ilə görüşdüm”, deyən vəkili onlardan Əfqan Muxtarlının ixtisaslaşmış həkim müayinəsindən keçirilməsini xahiş etdiyini vurğulayıb.

Vəkilin deməsinə görə, tibb idarəsindən ona gərəkli addımların atılacağı bildirilib.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-da həbs olunub. Jurnalist CM-nin 206 (qaçaqmalçılıq), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunub. İddia olunur ki, Azərbaycan sərhədini qanunsuz keçən Ə.Muxtarlının üzərindən 10 min avro pul tapılıb.

Jurnlist isə ittihamları qəbul etmir. Gürcüstandan zorla, döyülərək Azərbaycana təhvil verildiyini vurğulayır.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.

Hazırda həmin hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstanda da istintaq aparıldığı açıqlanıb.

Ancaq ölkənin hüquq-mühafizə orqanları jurnalistin döyülərək Azərbaycana təhvil verilməsi ilə bağlı iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG