BMT bildirir ki, Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsində 19-u əməkdaşı həlak olub.
149 sərnişin və 8 heyət üzvünün olduğu təyyarə Əddis Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə uçurmuş, havaya qalxandan az sonra qəzaya düşüb. Qəzanın səbəbi bəlli deyil.
BMT-nin Baş katibi Antonio Guterres qəza qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Ölənlər içində 32 keniyalı, 18 kanadalı, beş almaniyalı, Rusiya, Avstriya və İsveçin hərəsindən üç nəfər olub.
Kanadanın Baş naziri Justin Trudeau bəyanat yayaraq hadisə qurbanlarına görə dünya ictimaiyyəti ilə birgə kədərləndiklərini bildirib.
Slovakiyada deputat Anton Hrnko Facebook-da yazıb ki, qəzada onun həyat yoldaşı və qızı həlak olub.
***
Efiopiyda təyyarə qəzasından sağ çıxan olmayıb
Efiopiyda sərnişin təyyarəsi qəzaya uğrayıb.
“Boinq 737” təyyarəsi Efiopiyanın paytaxtı Əddis Əbəbədən Keniyanın paytaxtı Nayboriyə uçurmuş.
Bu barədə Reuters agentliyi martin 10-da hava şirkətinin nümayəndələrinə istinadla xəbər verir.
İlkin məlumata görə, “Ethiopian Airlines” hava şirkətinə məxsus təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub.
Efiopiya hökuməti ölənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.
Amma qəzanın hansı şəraitdə baş verməsi və kimlərinsə sağ qalıb-qalmaması hələ ki, bəlli deyil.
Flightradar24.com saytının məlumatına görə, ET302 reysi ilə hərəkət edən təyyarə Addis-Abeba hava limanından qalxdıqdan 3 dəqiqə sonra- təxminən 3 km hündürlükdə olarkən radardan çıxıb.
Bu 2019-cu ildə dünyada baş verən ilk belə qəzadır.