Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:06

'Sözsüz mahnını Maqomayevdən yaxşı oxuyan müğənni'


The Telegraph qəzeti yazır ki, məşhur sovet müğənnisi Eduard Anatolyeviç Xilin populyarlığı 1990-cı illərdə sönsə də, yeni internet mədəniyyəti qoca sənətçini diqqət mərkəzinə gətirib.

Məqalədə deyilir ki, onun “Xoşbəxtəm ki, nəhayət yurduma qayıdıram” mahınısı 2009-cu ildə YouTube saytına yüklənəndən bəri virtual müsiqi aləmini “yoluxdurub”.

Beləliklə də, el arasında daha çox "Trololol" adı ilə tanınan mahnı Xili “əbədiləşdirib”.

Müğənni 2012-ci ildə vəfat etsə də, Google onun 83-cü ildönümünü ənənəvi və populyar Doodle videosu ilə yad edib.

Eduard Xil kimdir?

Xil 1934-cü ildə Rusiyada doğulub və Smolensk şəhərində İkinci Dünya Müharibəsinə düşən çətin uşaqlıq dövrünü yaşayıb.

Onu ailəsindən ayıraraq uşaq evinə göndəriblər və o bir də doğma yurda müharibədən sonra qayıdıb.

Lakin o istedadlı doğulmuş uşaq idi və müharibədən sonra məşhur Leninqrad Konservatoriyasına daxil olmuşdu.

Xil sovetlərin parlaq müğənnisinə çevrilmiş və çoxsaylı dövlət mükafatları almışdı. O həm də dünya boyunca qastrollara çıxırdı.

Bəs bu Trololol məsələsi nədir?

Xil bir sənətçi kimi məşhur olsa da, onun əsl məşhurluğu 1976-cı ildə oxuduğu mahnı 2009-cu ildə YouTube saytına yüklənəndən sonra daha da artıb.

“Xoşbəxtəm ki, nəhayət yurduma qayıdıram” mahnısı bir Amerika kovboyunun dilindən yazılmışdı.

Belə görünür ki, mahnının sözləri sovet senzurası tərəfindən qadağan edildikdən sonra Xil mahnını “Oh hohohoho oh ya yah ya ya yah" kimi sözlərlə oxumağı qərara alıb. Mahnının adı isə dəyişidirilərək “Vokaliz” olub.

Xilin ifasında bu mahnının 1976-cı il variantı müğənniyə “cənab Trololo” ləqəbini də qazandırıb. İndiki nəsil elə bilir ki, internet trolları sözü burdan yaranıb.

Xili həm də “Rus rickroll”u adlandırırlar. Çünki Rick Astley-nin “Mən heç vaxt səndən dönməyəcəyəm” (Never Gonna Give You Up) mahnısını internet istifadəçiləri zarafat tələsi kimi işlədirlər. Hər hansı faydalı internet saytını axtararkən bu mahnı çıxır. Belə bir zarafat...

Amma əsas məsələ budur ki, cənab Trololoya YouTube-da çox sayda parodiya yerləşdirilib.

Xil özünün internet şöhrətini görəcək qədər uzun ömür yaşayıb. Pərəstişkarlarına və onu parodiya edənlərə də qulaq asıb.

O ömrünün son illərində AzadlıqRadiosuna müsahibəsində demişdi: “Mən çalışdım ki, mahnı mümkün qədər şən alınsın. Çox işıqlı mahnı idi. 1966-cı ildə bəstələnməsinə baxmayaraq köhnəlməmişdi”.

Lakin sözü gedən mahnının versiyalarını YouTube-da axtaranda bəlli olur ki, The Telegraph səhv edib və ya ona yanlış məlumat verilib.

YouTube saytındakı şərhlərdən belə başa düşmək olar ki, bu sözsüz, daha doğrusu “cəfəng sözlü” mahnını ilk dəfə Sovet televiziyasında azərbaycanlı ulduz Müslim Maqomayev ifa edib.

Yeri gəlmişkən, Müslim Maqomayevin ifasında bu mahnıya YouTube saytında 2 milyon 225 mindən çox baxış olub. Tamaşaçı şərhlərindən birində qeyd edilir ki, Maqomayev mahnının ilk ifaçısı olsa da, Xil onu daha yaxşı oxuyub.

Bu məsələdə hərənin öz fikri ola bilər.

The Telegraph qəzetinin verdiyi variantda Xilə 35 milyona yaxın baxış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG