Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:22

Terror planlaşdırmaqda ittiham edilən rusiyalı məhkəmədə danışdı


Eduard Dubakov
Eduard Dubakov

Eduard Dubakov Dağlıq Qarabağa qanunsuz səfər etməkdə, orada hərbi təlimlərdə iştirakda və Azərbaycana qarşı terror-təxribat planlaşdırmaqda ittiham olunur

Dağlıq Qarabağa qanunsuz səfər etməkdə, orada hərbi təlimlərdə iştirakda və Azərbaycana qarşı terror-təxribat planlaşdırmaqda ittiham olunan Rusiya vətəndaşı Eduard Dubakov bu ittihamları qəbul etmir. O, iyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən istintaqa ifadəsindən də imtina edib.

Bu ilin yanvarında Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanan Dubakov deyir ki, o, bura terror törətməyə yox, mükafatını almaqdan ötrü gəlmişdi.

O, iddia edir ki, 2018-ci ildə Minskdə Azərbaycan xüsusi xidmət orqanları onu əməkdaşlığa cəlb edib:

“Məni Bakıya növbəti tapşırığı və mükafatımı almaq üçün çağırmışdılar. Zəng eləyib, gəldiyimi xəbər verdim. Yerimi bildilər, bulvarda başıma torba keçirib apardılar. Mənim Ermənistan kəşfiyyatıyla əlaqəm olmayıb”.

“Mən terrorçu deyiləm”

Atasının Bakı ermənisi olduğunu, uşaq vaxtı Azərbaycana gəlib-getdiklərini deyən Dubakov eyni zamanda, Rusiya xüsusi xidmət orqanları ilə də əməkdaşlıq elədiyini bildirib.

O “Mən terrorçu deyiləm” deyib.

Dubakov saxlanarkən baş verənlərin şahidi olmuş Arif Osmanov da iyulun 7-də onun məhkəməsində dindirilib. Hal şahidi deyib ki, Hərbi Qənimətlər Parkında Dubakov saxlanarkən onun çantasından erməni və rus dillərində yazılar, telefon çıxıb.

Məhkəmədə iş materiallarındakı sənədlər də tədqiq olunub. Orada göstərilib ki, Dubakov bir neçə dəfə Rusiyadan Ermənistana, oradan da Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib. Orada hərbi təlimlərdə iştirak edib. O, hərbi təlimlərdən sonra Azərbaycanda terror törətmək üçün Bakıya gəlib və bu zaman tutulub.

İfadəni təzyiq altında verdiyini deyir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin arayışında da onun Ermənistana bir neçə dəfə getdiyi qeyd olunub.

İş materiallarına əsasən, onun telefonundan “Artsaxski" adlı istifadəçi ilə yazışmaları aşkarlanıb.

Məhkəmədə Dubakovun istintaqa ifadəsi elan edilib.

“Rusiyada yaşamağına baxmayaraq, ata tərəfindən erməni olduğumu unutmamışam. Videoya baxandan sonra erməni xalqına kömək etmək istədim. 2018-ci ildə Ermənistana gəldim, orada təlimlərə cəlb olundum. Məqsəd Dağlıq Qarabağda döyüşlərdə iştirak etmək, partlayışlar törətmək idi”, – Dubakov istintaqa ifadəsində belə yazıb.

Dubakov bu ifadədən imtina edib. O bildirib ki, ifadə təzyiq altında verilib.

Məhkəmə prosesi iyulun 14-də davam edəcək. Həmin gün məhkəmə istintaqının yekunlaşacağı, prokurorun çıxış edəcəyi gözlənilir.

Dubakova qarşı Azərbaycan CM-in 214 (terrorçuluq), 218.2 (Cinayətkar birlikdə (təşkilatda) iştirak etmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham verilib.

Bu ittihamlar üzrə 15 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG