Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:06

Nardaran əməliyyatında iflic olan Əbülfəz Bünyadova 15 il həbs istənilib


Əbülfəz Bünyadov
Əbülfəz Bünyadov

2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini tam itirmiş Əbülfəz Bünyadova 15 il həbs cəzası istənilib. İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Fərid Nağıyevin təklifi belə olub.

PROKUROR: “İTTİHAMLAR SÜBUTA YETİRİLİB”

Prokuror deyib ki, Əbülfəz Bünyadova qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Söhbət əməliyyatda dünyasını dəyişmiş iki polisin ölümünə görə verilmiş qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd də daxil, təxminən 20 maddədən gedir.

YATAQ XƏSTƏSİ OLDUĞUNDAN EVƏ BURAXILMIŞDI

Nardaranda əməliyyatın keçirildiyi evin sahibi olan Əbülfəz Bünyadov yataq xəstəsi olduğundan onun haqqındakı cinayət işi əməliyyatda həbs olunan ilahiyyatçı Taleh Bağırov və daha 16 nəfərin işindən ayrılıb. O, 1 il 1 ay həbsdə saxlandıqdan sonra polis nəzarətinə vermə qətimkan tədbiri ilə evinə buraxılıb.

“MƏHKƏMƏ ZALINDAN HƏBS OLUNSUN!”

Prokuror çıxışında təklif edib ki, Bünyadov məhkəmə zalında həbs olunsun. Onun evə buraxılana qədər saxlandığı həbs müddəti ümumi cəzadan çıxılsın. Cəzanın ilk üç ilini həbsxana rejimində (Qobustanda) çəksin.

ELXAN İSGƏNDƏROVA 14 İL HƏBS İSTƏNİLDİ

Dövlət ittihamçısı Əbülfəz Bünyadovla birlikdə mühakimə olunan Elxan İsgəndərova 14 il həbs verilməsini istəyib.

Elxan İsgəndərov “Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Elçin Qasımovun saxlanmasına görə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən etirazlarda iştiraka görə həbs olunub. Ona qəsdən adam öldürməni çıxmaqla, Əbülfəz Bünyadova verilən ittihamlar irəli sürülüb.

“TERROR TƏŞKİLATI QEYDİYYAT İSTƏR?”

Elxan İsgəndərovun vəkili Fariz Namazlı təqsirləndirilən şəxslərin hər ikisinin günahsız olduğunu, heç bir cinayət törətmədiklərini, əksinə özlərinin cinayətin qurbanı olduqlarını deyib: "Bu adamları mütəşəkkil birliyin üzvü kimi təqdim ediblər.

Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvləridir. Bu təşkilat 2015-ci ilin yanvarında yaranandan sonra dəfələrlə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət olunub. Hər dəfə bir bəhanə ilə qeydə almayıblar. Terror təşkilatı qeydiyyat üçün dövlət orqanına müraciət edər?".

“KİTABÇA ƏMƏLİYYATDAN SONRA HAZIRLANIB”

Cinayət işində bəhs olunan "Tale Bağırzadənin müraciəti" adlı kitabçadan danışan vəkilin sözlərinə görə, o kitabça Nardaran əməliyyatından sonra hazırlanıb: "Əgər əvvəldən hazırlanıb, Nardaran işinə görə həbs olunanların evindən çıxıbsa, necə olur ki, orada bu hadisələrdən bəhs edilir?"

“BİR ƏMƏLƏ İKİ CƏZA?”

Elxan İsgəndərovun bir əmələ görə iki dəfə cəzalandırıldığını söyləyən müdafiəçi deyir ki, öncə aksiyada iştiraka görə ona 30 sutka inzibati həbs verilib. Həbsdən buraxılandan sonra haqqında cinayət işi başlanıb, axtarışa verilib.

Hüquq-mühafizə orqanlarının təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu pozmasını xatırladan Fariz Namazlı yada salıb ki, məhkəmə hökmü olmadan onlar "cinayətkar" adlandırılıb, “Müsəlman Birliyi Hərəkatı” cinayətkar birlik kimi təqdim olunub.

“SÜBUT YOXDUR”

Vəkil əlavə edib ki, Nardaran əməliyyatında dünyasını dəyişmiş polislərin məhz təqsirləndirilən şəxslər tərəfindən öldürüldüyünü təsdiqləyən sübut yoxdur. Əksinə, onların bu işdə təqsirsizliyini təsdiqləyən xeyli sübutlar var.

VƏKİL AĞLADI...”ONA NECƏ 15 İL VERMƏK OLAR?”

Əbülfəz Bünyadovun vəkili Nardanə Fərzəliyeva isə müvəkkilinin durumu haqqında danışarkən ağlayıb: "Bu işdə zərərçəkən varsa, o da Əbülfəz Bünyadov özüdür. Bu adam adi ehtiyaclarını özü ödəyə bilmir, ona necə 15 il həbs vermək olar? Dörd azyaşlı uşağı var, biri heç 3 yaşa çatmayıb. Onun haqqında bəraət hökmü çıxarmağınızı xahiş edirəm. Hətta bəraət hökmü çıxarmasanız belə, vəziyyəti ilə əlaqədar cəza çəkməkdən azad edin".

“ÖLƏNLƏRİN HAMISINI ÖZLƏRİ GÜLLƏLƏYİB”

Əbülfəz Bünyadov məhkəmədə son sözünü deyib. Bildirib ki, kimsədən nə isə xahiş etmək niyyətində deyil. Heç bir cinayət törətmədiyini deyən Bünyadovun sözlərinə görə, həmin gün polislər əliyalın adamlara hücum edib və ölənlərin hamısını da özləri güllələyiblər.

“BİZ İSTƏMİŞİK Kİ...”

"Mən ömrümü yaşamışam artıq. Bu vəziyyətdə uzun yaşamayacam. Mən heç bir cinayət törətməmişəm. Biz siyasi, dini baxışlarımıza görə cəzalandırılmışıq. Biz istəmişik ki, ölkədə korrupsiya olmasın, kasıbların əsgər balaları ölməsin, bir dəfə də deputatın, nazirin balası şəhid olsun..."

Hakim onun sözünü kəsib: "Bura tribuna deyil, məhkəmədir".

“ƏMƏLİYYATDAN 10 GÜN ÖNCƏ BİZİ TELEKANALLARDA TERRORÇU KİMİ TANIDIRDILAR”

Son sözünün davamında Əbülfəz Bünyadov bildirib ki, hələ Nardaran əməliyyatından on gün öncə telekanallarda onların əleyhinə materiallar verilir, "terrorçu" kimi təqdim olunurdular.

Onun fikrincə, Nardaran əməliyyatı onlara qarşı başlanmış planın tərkib hissəsi idi: "O əməliyyatın çəkilişləri var, zaman gələcək, üzə çıxacaq. Adamları öldürənlər görünəcək. Biz Allahın ədalətinə inanırıq. Şərəf duyuram ki, əqidəm üçün mübarizə apardım, əqidəm üçün yaşadım, əqidəm üçün ölürəm..."

Məhkəmə iyulun 11-də digər təqsirləndirilən Elxan İsgəndərovun son sözü ilə davam edəcək.

XATIRLATMA:

Əbülfəz Bünyadov “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Əbülfəz Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG