Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:12

Əbülfəz Bünyadov: 'Ayağım çürüyür, gözləyirsiniz ki, kəssinlər...'


Əbülfəz Bünyadov Nardaran hadisələri zamanı aldığı yaralardan iflic olub

“Ayaq barmaqlarım çürüməyə başlayıb. Gözləyirsiniz ki, ayağımı kəssinlər, sonra bir tədbir görəsiniz?” – 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda güllələnib iflic olmuş Əbülfəz Bünyadov aprelin 27-də məhkəmədə hakimə belə deyib.

Əbülfəz Bünyadovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır. Onun sözlərinə görə, qohumlarının, hətta bacılarının, həkimlərin belə onun evinə gəlməsinə martın 19-dan qoyulan qadağa davam edir.

Bünyadov 2016-cı ilin dekabrında həbsdən buraxılandan sonra onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və Nardaranda yaşadığı evin qarşısında gecə-gündüz polislər dayanır. Bünyadovun sözlərinə görə, evə gələnləri də içəri daxil olmağa polislər qoymur: “Deyirlər ki, “yuxarıdan” belə tapşırıq verilib”.

Əbülfəz Bünyadov ötən məhkəmə iclaslarında bu məsələni qaldrandan sonra hakim Ə.Hacıyev bildirmişdi ki, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərib, idarə rəisinin özü ilə danışıb.

Aprelin 27-də keçirilən məhkəmədə Əbülfəz Bünyadov bildirib ki, heç bir dəyişiklik yoxdur:

“Mənim yaralarım sarınmalıdır, yuyunmalıyam. Özüm hərəkət eləyə bilmirəm deyə, bunu da ancaq yaxın qohumlarım eləyirdi. İki aydır yuyunmayan adam olar? Yaralarım açılıb tökülüb. Çünki məni tərpədə biləcək adam yoxdur evdə. Hətta həkimləri də buraxmırlar. Təcili yardım ancaq məni məhkəməyə gətirəndə evə girə bilir”.

Hakim bildirib ki, yenidən aidiyyəti orqanlara müraciət edəcək.

Məhkəmə iclasinda dörd nəfər şahid və zərərçəkmiş qismində tanınan bir nəfər polis əməkdaşı dindirilib. Sözügedən şahidlərin istintaqa ifadələrində “Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun ölkədə dini dövlət yaratmaq cəhdi, dövlət çevrilişinə hazırlaşması barədə fikirlər yer alıb.

Şahidlər məhkəmədə həmin ifadələri təsdiqləməyiblər.

Əbülfəz Bünyadovun məhkəməsi mayın 11-də davam edəcək.

Xatırlatma

Əbülfəz Bünyadov “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Əbülfəz Bünyadov polislərin ölümü, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə suçlanır. O, özünü təqsirli bilmir və ittihamların saxta olduğunu deyir.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını söyləyir.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG