Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:09

Əbülfəs Qarayevin məhkəmədə dindirilməsi tələb olundu


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini istəyir. Sultanov bunu sentyabrın 10-da öz məhkəməsində dilə gətirib.

2020-ci ilin mayında sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramovla birlikdə həbs olunan Sultanovun işi sonradan ayrılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 10-da məhkəmədə "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov dindirilib. Məlum olub ki, bu şirkət Azərbaycan Milli İncəsənət Muzeyinin təmiri ilə bağlı tenderin qalibi olub. Muzeyin təmirinə 31 milyon manat vəsait ayrılıb.

31 milyonun yetərincə böyük vəsait olduğunu vurğulayan hakimlər niyə məhz "Azəraqrartikinti" ASC-nin tenderin qalibi olmasıyla maraqlanıb. Ömərov cavabında bildirib ki, bu şirkət əvvəllər də dövlət əhəmiyyətli binaların təmir-bərpası ilə bağlı tenderlərin qalibi olub. Məsələn, Milli Məclisin binası, "Gülüstan" Sarayı və s.

"Xaricilər bizimkilər kimi deyil"

İncəsənət Muzeyinin təmirinə bu qədər böyük vəsait ayrılmasını isə şahid belə izah edib: "Təmir prosesinə xaricilər də cəlb olunmuşdu. İtalyanlar bizdən 12 milyon pul almışdı. Xaricilər bizimkilər kimi deyil, onlar yaxşı şəraitli ev, istirahət istəyirlər. Bəzən nağd vəsait lazım olurdu. Bu zaman hesabdan çıxarıb nağdlaşdırırdıq, təyinatı üzrə istifadə edirdik".

Şahid Ömərov vurğulayıb ki, işlərin necə həyata keçirilməsindən ovaxtkı Mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olub: "Xahiş edirəm, onu çağırıb dindirin. Bir çox işlərdən onun da xəbəri var".

Ardınca təqsirləndirilən Sultanov özü də sabiq nazirin məhkəməyə çağırılmasını istəyib.

Məhkəmənin sabiq nazirlə bağlı məsələyə münasibəti sentyabrın 16-da keçiriləcək növbəti iclasda məlum olacaq.

"Azəraqrartikinti" ASC-nin rəhbəri deputat Ağalar Vəliyevdir.

Xatırlatma

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tarixi-mədəniyyət binalarının təmir-bərpası zamanı 6 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində suçlanan Sultanov istintaq dövründə ziyanı ödəyib. Bunun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq Xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min, və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarıyla həbs qoyulub. O, həmin əmlakların da ziyanın ödənilməsinə yönləndirilməsi üçün razılıq verib.

Sultanovla birlikdə həbs olunan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun məhkəməsi yekunlaşıb. O, rüşvət alma ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

Sabiq nazir müavini özünü təqsirli bilmir.

XS
SM
MD
LG