Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Öz ölkəsində tanınmayan tanzaniyalı Nobel mükafatçısı


Əbdülrazak Qurna
Əbdülrazak Qurna

Bu il ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş tanzaniyalı yazıçı Əbdülrazak Qurnanın həmyerlisi, müstəqil konsultant Elsi Eyakuze "Foreign Policy" jurnalı üçün yazdığı məqaləsində qeyd edir ki, kimlik və dil baxımından bölünmüş ölkələrdə ədəbiyyat həssas məsələyə çevrilir. O yazır ki, onun özü də daxil olmaqla, tanzaniyalıların çoxu Əbdülrazak Qurnanı oxumayıblar. Qurna Zənzibarda doğulsa da, ölkəsini 18 yaşında tərk edib. O, əsasən, tanınmayan yazıçıdır.

Nobel mükafatçıları arasında tanınmayan şair və yazıçılara çox rast gəlinir. Ancaq Qurna ilə bağlı yeni sayıla biləcək şey onun vətəni Tanzaniyada həqiqətən tanınmamasıdır. Əlbəttə, onun həmvətənləri bu xəbəri eşidəndə çox seviniblər. Ancaq yazıçının bu ilədək öz vətənində tanınmaması ölkədə kimlik, ədəbi mədəniyyət və parçalanma ilə bağlı ciddi suallar doğurub.

Təkamüldə olan kimlik

Müəllif yazır ki, Tanzaniya Tanqanika və yarımuxtar Zənzibar arxipelaqının birliyidir. O qeyd edir ki, ölkəsində kimlik hissi hələ təkamül etməkdədir. Burada Zənzibarın müstəqilliyi uğrunda hərəkat da var. Bu hərəkat, adətən, dünya xəbərlərində əks olunmur. Ümumi seçkilərdən öncə və sonra, habelə seçkilər zamanı adalar təzyiqə məruz qalır. 60 il bundan əvvəl yaranan Tanzaniya ziddiyyətlər, gizli zorakılıq və təhlükəli sirlərlə doludur. Bütün bunlara rəğmən, ölkənin ayaqda qalması həqiqətin müxtəlif formalarının, o cümlədən tarixi, jurnalistik həqiqətlərin, azadlıq və sənətdə dürüstlüyün qurban verilməsi sayəsində baş verir. Qurnanın qələbəsi bu ağrılı məsələlərin çoxunu yenidən gündəmə gətirir.

Müstəmləkəçinin dili

Məqalədə daha sonra deyilir ki, Tanqanika ilə Zənzibarın birliyini formalaşdıran qanlı inqilablar özlərindən sonra ağrılı irs qoyub gedib. İrqi, sinfi, dini və hətta cinsi fərqlər bu irsin bir hissəsidir. Müəllifin sözlərinə görə, yazıçılar bu köhnə yaraları qurdalamağı sevirlər.

"Qurna İngiltərədə yaşayan və ingiliscə yazan, təqaüdə çıxmış professordur. Tanzaniya cəmiyyəti isə hazırda milli qürur bəhanəsi ilə ikidilliliyi rədd edən antiintellektual dövrünü yaşayır. Müstəmləkəçinin dili olan, ancaq eyni zamanda bizə dünyanın qapısını açan ingilis dilinin Tanzaniya təhsilindəki rolu və yeri haqda müzakirə davam edir. Bu mövzu tez-tez millətçi gündəmin bir parçasına çevrilir", – müəllif yazır. O qeyd edir ki, bütün bunlar Tanzaniyanın yaranışından bəri hakimiyyətdə olan və get-gedə daha da avtokratlasan hakim partiyanın Qurnanı "millətin övladı" adlandırmasının qarşısını almayıb.

Hökumətin xofu

Postmüstəmləkə, müasir milli dövlət qurmaq üçün o qədər iş görmək tələb olunur ki, bizim tez-tez uğursuzluğa düçar olmamız təəccüblü deyil. Ancaq hökumətin tənqidi və fərqli düşüncəni boğmaq üçün istifadə etdiyi antiintellektualizm ədəbiyyat üçün ciddi maneədir. Düzdür, ölkə yoxsul olduğundan öz vətəndaşlarına oxuyub-yazma bacarıqlarını verməkdə ciddi çətinlik çəkir. Ancaq bu, həm də qəsdən edilir. Xalqın doğru-düzgün ədəbiyyat kimi qəbul etdiyi ədəbiyyat senzura və kurasiyaya məruz qalır.

Əbdülrazak Qurna kimi yazarların işləri ictimai kurrikulumun bir parçası olarsa, gənc tanzaniyalıların düşüncələrində hansı qığılcımları alovlandıra bilər? Hökumət bundan xoflandığı üçün tanzaniyalılara onların mədəniyyətinin şifahi olduğunu, çox oxumağın boş vaxtı çox olan elit təbəqəyə xas olduğunu yeritməyə çalışır.

Müəllif məqaləsində daha bir maraqlı məqama toxunur: "Bu il ədəbiyyat sahəsində Nobel mükafatını qazanmaqla Qurna Tanzaniya, Suahili və Afrikaya böyük xidmət etmiş oldu. O, işləri mürəkkəbləşdirdi. O bizi kim olduğumuz və kimin "biz"im bir parçamız olmadığı haqda danışmağa məcbur etdi. Bura necə gəlib çıxmışıq və hara getmək istəyirik?..".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG