Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:09

E.Şıxlı: 'Əllərini uzadırlar ki, mənə də pay verin'


Axırıncı dəfə nə vaxt qəzet almısınız?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Axırıncı dəfə nə vaxt qəzet almısınız?

Prezident İlham Əliyev iyulun 22-də qəzetlərə əlavə maliyyə yardımının ayrılmasına dair sərəncam imzalayıb. Sənəddə deyilir ki, məqsəd çap mediasının maddi-texniki bazasını gücləndirməkdir. Bu məqsədlə prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat köçürüləcək.

Mütəxəssislərdən bu addımı bəyənən də var, bu cür maliyyə ayırmalarının faydasız olduğunu, artıq neçənci dəfədir dövlət büdcəsindən milyonların havaya sovrulduğunu düşünənlər də.

A.Quliyev
A.Quliyev

A.Quliyev: «Bildiyim qədər, qəzetlər, hələlik...»

«Bütün hallarda bu, mediaya bir dəstəkdir. Hansı formada yardım göstərilir-göstərilsin, onun son göstəricisi maliyyə ilə ifadə olunur», - «Bakı xəbər» qəzetinin redaktoru Aydın Quliyev prezidentin sərəncamından danışarkən belə deyir və sözünə davam edir: «Əsas - maliyyənin ayrılmasıdır. Kim bu şəkildə maliyyənin ayrılmasından narahatdır? Sözün düzü, bunu basa düşə bilmirəm, xüsusən də indiki şəraitdə. Çap mediasının dəstəyə, xüsusən də maliyyə dəstəyinə böyük ehtiyacı var. Burda qorxulu, qeyri-müəyyən bir şey görmürəm».

Redaktor sözügedən 1 milyon manatın hazırda çap olunan qəzetlər arasında bölüşdürüləcəyini düşünmür: «İlin əvvəlində müsabiqənin şərtləri dəyişdiriləndə həmin vəsaitin xeyli hissəsi qəzetlərə ödənib. Sadəcə, bu, KİV-ə Dəstək Fondunun qəzetlərə öncədən xərclədiyi vəsaitin ödənilməsi üçündür. Bildiyim qədər, qəzetlər, hələlik, bundan nəsə almayacaqlar».

Yeri gəlmişkən, son bir neçə ildə dövlət başçısı KİVDF xətti ilə ölkədə nəşr edilən əksər qəzetlərə maddi yardım göstərib. Bu ildən aztirajlı, gündəlik nəşr edilməyən bəzi qəzetlərə bu yardım dayandırılıb.

Media ekspertlərinin fikrincə, dövlətin belə yardımları qəzetlərin problemini çözmür, əksinə, hökumətdən asılı vəziyyətə salır.

B.Həziyev
B.Həziyev

B.Həziyev: «Həmin yardımı daha çox saytımızı qurmağa istifadə etdik»

Bir neçə ay öncə çapını dayandırmış və eyniadlı sayta rəhbərlik edən «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyev ötən ilədək prezidentin yardımından yararlandıqlarını bildirir və «həmin yardımı daha çox saytımızı qurmağa istifadə etdik», - deyə əlavə edir. O, ölkədə yayım şəbəkəsinin dağıldığını, reklam bazarının, rəqabətin, abunənin olmadığını, çap vasitələrinin qiymətlərinin getdikcə artdığını ayrıca vurğulayır:

«Azad media bazarı olmayan yerdə çap mediasının fəaliyyəti mümkün deyil. Ona görə saytın inkişafına çalışdıq».

B.Həziyev azad medianın fəaliyyəti üçün tələb olunan şərtləri belə sıralayır: yaradıcılıq üçün azadlıq olmalıdır, istehsalat üçün sərmayə qoyulmalıdır, texnoloji inkişaf və kommersiya üçün rəqabət olmalıdır. Onun dediyinə görə, bunlar olmadan müstəqil mediadan danışmaq mümkün deyil.

E.Şıxlı
E.Şıxlı

E.Şıxlı: «Sadəcə, əllərini uzadırlar ki...»

«Ayna»-«Zerkalo» qəzetlərinin redaktoru Elçin Şıxlı ayrılan vəsaitin düzgün, səmərəli istifadə edilmədiyini və bu üzdən ortada nəticə olmadığını bildirir: «Söhbət bu pulun kimlərə verilməsindən getmir, söhbət nəyə, nə üçün verilməsindən gedir. Vəsait mətbuatda çatışmayan məqamları düzəltməyə, mətbuatın inkişafına yönəldilirsə, əhəmiyyəti olacaq. Ancaq bizdə, çox təəssüf ki, hər şey kimlərəsə verilir. Ona görə də problem yaranır. Vəsait qəzetlərə verilməməlidir. O pullar qəzetlərin işləməsi üçün mühitin normallaşdırılmasına xərclənməlidir. Qəzetlərə pay ayrılmamalıdır. Qəzetlərin işləyib özlərini dolandırması üçün mühit yaradılmalıdır».

Redaktorun fikrincə, böhrandan çıxmaq üçün birinci növbədə «darmadağın edilmiş» yayım şəbəkəsi bərpa edilməlidir. O, qəzet oxumaq vərdişi olmayan yeni nəslə bunu aşılamaq üçün aksiyalar keçirilməsini, məsələn, metro stansiyalarında, avtovağzallarda, dəmiryol vağzalında, hava limanında, universitetlərdə, hətta orta məktəblərdə pulsuz qəzet paylanmasını təklif edir.

Son zamanlar sosial mediada, mütəxəssis çevrələrində, ictimai müzakirələrdə yerli KİV-lərin toxunduğu mövzular tənqid edilir, orda ölkənin ciddi problemlərinin, demək olar, əks olunmamasına, jurnalist araşdırmalarına çox az hallarda yer ayrılmasına irad tutulur. Bu durumda, E.Şıxlının təklif etdiyi kimi, qəzetlər oxuculara pulsuz paylansa, oxucu orda oxumalı mövzular tapa biləcəkmi? E.Şıxlı bu məqama da münasibət bildirir: «O başqa məsələ. Ən əsas məsələlərdən biri də budur. Çünki qəzetə pul paylananda, artıq onun içində nə olub-olmamağı barədə düşünmür, sadəcə, əllərini uzadırlar ki, mənə də pay verin».

B.Sadıqov
B.Sadıqov

Birləşmək, ya təbii ələnmə?

AzadlıqRadiosuna Milli Mətbuat Günü ərəfəsində müsahibə verən deputat, rəsmi «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov bəzi qəzetlərin birləşərək böhrandan çıxmasından danışmışdı: «...maliyyə güclərini birləşdirib qəzet, ya saytlarını yaşatsınlar. Hər şeydə dövləti günahlandıraq, gözümüzü dövlətə dikək ki, bizə dayaq olsun... Bu, sovet dövrü deyil, hər şeyi dövlət idarə etsin».

Bizimyol.info saytının redaktoru B.Həziyev deputatın təklifini çıxış yolu saymır. Onun sözlərinə görə, ölkədə azad medianın fəaliyyəti üçün şərtlər olduğu halda təbii şəkildə ələnmə gedəcək, bazar iqtisadiyyatının tələblərinə cavab verən nəşrlər və ya elektron media qalacaq, zəiflərsə başqaları ilə ya birləşəcək, ya da tamam sıradan çıxacaq. Redaktor süni şəkildə birləşməni mümkün saymır.

İyulun 22-də Azərbaycanda ilk qəzetin – «Əkinçi»nin çapından 144 il ötdü. Milli media istər çar Rusiyası, istərsə sovet dövründə ciddi problemlərlə üzləşib. Ancaq mütəxəssislər düşünürlər ki, Azərbaycan qəzetçiliyi son 10-15 ildə özünün ən ağır dövrünü yaşayır və bunu azad iqtisadiyyatın olmaması, siyasi hakimiyyətin asılılıq yaratması, «Monitor» jurnalının redaktoru Elmar Hüseynov qətlə yetiriləndən sonra daxili senzuranın işə düşməsi, çoxsaylı jurnalist və bloqerlərin həbsi, təqibi ilə izah edirlər.

XS
SM
MD
LG