Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Dzerjinskinin heykəlini ‘yerinə’ qaytarmaq istəyirlər


1991-ci ilin avqustunda Dzejinskinin heykəli Lubyansk meydanından belə götürülümüşdü
1991-ci ilin avqustunda Dzejinskinin heykəli Lubyansk meydanından belə götürülümüşdü

Moskva Şəhər Dumasının hakim Vahid Rusiya partiyasından olan sədri Aleksey Şapoşnikov Feliks Dzerjinskinin heykəlinin Moskvadakı Lubyansk meydanına qaytarılması məsələsinin şəhər referendumuna çıxarılmasını təklif edib.

Şapoşnikovun fikrincə, Dzerjinskinin paytaxtın mərkəzindəki meydanda olub-olmaması məsələsini hakimiyyət, sakinlərin, memarların və tarixçilərin rəyini nəzərə almaqla həll etməlidir.

Moskva Dumasının spikeri deyib ki, “ədalət hissini unutmaq olmaz”.

Şapoşnikov bu məsələ ilə “ədalətin” nə əlaqəsi olduğunu izah etməyib.

Bundan əvvəl Rusiya çekistlərinin başçısının abidəsinin Lubyansk meydanına qaytarılması üçün şəhər hakimiyyətinə təşəbbüs qrupu müraciət etmişdi.

Onların arasında “Həqiqət naminə” partiyasının lideri Zaxar Prilepin, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov, jurnalist Lesya Ryabtseva və bloger Dmitri Puçkov da vardı.

III İvan, yoxsa Andropov

Lubyansk meydanı ilə bağlı başqa təkliflər də səsləndirilir.

Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy ictimai palatanın iclasında demişdi ki, bu meydan üçün “barışdırıcı” bir fiqur hazırlanmalıdır.

Onun fikrincə burada qoyulacaq abidə həm dövləti qane etməli, həm də ictimaiyyət üçün məqbul olmalıdır.

O belə bir “fiqura” misal olaraq DTK-nın keçmiş sədri və Sov.İKP-nin keçmiş baş katibi Yuri Andropovun adını çəkmişdi.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu təkliflə pravoslav-monarxiya təmayülü olan bir qrup alim və mədəniyyət xadimi də çıxış edib.

Onlar bu meydanda “Böyük Moskva knyazı” III İvana abidə qoyulmasını istəyirlər.

Onlar deyirlər ki, III İvan Rusiya dövlətçiliyinin banisi olub.

Burada knyaz Aleksandr Nevskiyə heykəl qoyulmasını təklif edənlər də var.

Bəziləri isə düşünürlər ki, ən yaxşısı meydanda böyük fəvvarənin qurulmasıdır.

NKVD-dən FTX-yə

Ümumrusiya Fövqəladə Komissiyasının (ÇK) banisi Feliks Dzerjinskinin Lubyanskdakı heykəli 1958-ci ilin dekabrında qoyulmuşdu.

Fövqəladə Komissiya sonradan kütləvi repressiyaları ilə ad çıxarmış NKVD-yə çevrilmişdi.

Hazırda bu meydanın yaxınlığında NKVD-nin xələfi – Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yerləşir.

İndiki prezident Vladimir Putin uzun illər FTX-nin əməkdaşı olub və bir çox məsul vəzifələrə bu orqandan olanları təyin edib.

Dzerjinskinin buradakı heykəli 1991-ci ildə SSRİ-ni bərpa etmək cəhdinin ardınca xalq kütlələrinin tələbi ilə demontaj olunmuşdu.

Əslində heykəli etirazçılar yıxıb-sürümüşdülər.

Buna baxmayaraq heykəl sındırılmayıb və Moskva hakimiyyəti tərəfindən ayrıca parkda saxlanıb.

Rusiyada Dzerjinskinin heykəlinin “öz yerinə” qaytarılması tələbi ilə vaxtaşırı müxtəlif kommunist təmayüllü və kremlyönlıü qüvvələr çıxış edirlər.

Moskvada referendumların keçirilməsini nəzərdə tutan qanunvericilik aktı mövcud olsa da, indiyədək paytaxtda ümumxalq səsverməsi olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG