Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Ekspert: 'Beləcə dövlət büdcəsinin vəsaiti havaya sovrulur'-media icmalı


arxiv foto
arxiv foto

Kirayə mənzil bazarı, idxalda artımın qiymətlərə təsiri, sosial siyasət və başqa məsələlər medianın toxunduğu mövzularındandır…

“Kirayə mənzil bazarında bahalaşma günlük evlərdə müşahidə olunur”

“Redaktor.az” saytı-nda “Kirayə mənzil bazarında qıtlıq-qiymətlər bahalaşıb” sərlövhəli yazı oxumaq olar.

Müəllif kirayə mənzil bazarındakı vəziyyətlə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev-lə söhbətləşib.

Yazıda qeyd edilib ki, yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlər kirayə evlərə tələbatı artırıb:

“Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də sayta açıqlamasında bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:

“Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur... Kirayə ev tapmaq çətinləşib. Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsindən sonra kirayə evlərə olan tələbat nisbətən azalıb”.

O, qeyd edib ki, kirayə ev tapmaq məsələsində problemlə əsasən, bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr qzləşir:

“Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, “Sovetski”, “Kubinka” kim ərazilərdə 100-150 manat civarında kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib...”.

Ekspertə görə, oktyabr ayından etibarən kirayə mənzil bazarında stabillik yaşanacaq:

“Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır... Kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir”.

“Ət və ət məhsulları hər keçən gün bahalaşmaqda davam edir”

“Yeni Müsavat” qəzeti-ndə “Xaricdən gətirilən mallar ölkədə bahalıq yaradır-ekspert” sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, Azərbaycan hökumətinin iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biri də idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və idxalın yerli istehsalla əvəzlənməsidir. Lakin müəllif qeyd edir ki, son 1 ilin statistikasında idxal rəqəmlərinin artdığı müşahidə edilir:

“Bu artımı bəzi ekspertlər gömrük sistemində şəffaflığın təmin olunması və ölkəyə gətirilən bütün məhsulların dövlət qeydiyyatından keçməsi ilə əlaqələndirirlər. Lakin təbii ki, digər səbəblər də az deyil”.

Mövzunu qəzetə şərh edən iqtisadçı Vüsalə Əhmədova bildirib ki, idxalın əmtəə strukturuna nəzər salınsa, statistik göstəricilər üzrə bütün növ mallarda artımın müşahidə olunduğunu görünər:

“Diri heyvan, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd məhsulları, quş yumurtası, təbii bal... idxalında davamlı artım müşahidə olunur”.

Milyonlarla pullar xərclənərək yeni cins heyvanlar gətirildi. Ancaq heç bir faydası olmadı...

İqtisadçının sözlərinə görə, Azərbaycanın kifayət qədər təbii imkanlarının olmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının idxalının ildən-ilə artması təəssüf doğurur:

“Ət və ət məhsulları hər keçən gün bahalaşmaqda davam edir. Milyonlarla pullar xərclənərək Hollandiya, Afrika, Fransadan yeni cins iri və xırda buynuzlu heyvanlar gətirildi. Ancaq heç bir faydası olmadı. Digər tərəfdən də, milyonlarla manat sərf olunaraq ölkəyə aqrotexnika vasitələrinin gətirildiyi deyilir, ancaq yenə də fermerlər ən çox texnika çatışmazlığından əziyyət çəkirlər. Beləcə dövlət büdcəsinin vəsaiti havaya sovrulur. Azərbaycanın ümumi torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bunun cəmi 50 faizi əkinə yararlı torpaq sahələridir. Torpaqların 40 faizi eroziyaya uğrayıb...” .

İqtisadçı onu da vurğulayıb ki, bazarda idxal məhsullarının həcminin artması bahalaşmanı şərtləndirən əsas faktorlardan biridir:

“... Məsələn, keçən ilin analoji dövrü ilə müqayisədə düyünün qiymətində 38 faiz, kartofun qiymətində 133 faiz, soğanın qiymətində isə 83 faiz artım baş verib...”.

“4,2 milyon vətəndaş,...”

Bakıda bazar, 14 fevral 2017
Bakıda bazar, 14 fevral 2017

“Azərbaycan” qəzeti-ndə isə “4,2 milyon vətəndaş, 5,3 milyard manat vəsait” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Yazıda vurğulandığına görə, Azərbaycanda da dövlətin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir:

“2019-cu il isə sosial sahədə inqilabi islahatlar ilinə çevrilib desək yanılmarıq. Belə ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib ”.

Müəllifin qeyd etməsinə görə, bunlardan başqa, dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb.

Yazıda daha sonra da oxuyuruq:

“Beləliklə, Prezidentin imzaladığı hər iki sosial paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat olmaqla ümumilikdə 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,3 milyard manatın ayrılmasını nəzərdə tutur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG