Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Vaqon bələdçisi 'dustaq üçün mobil telefon, qadın və şəraitdən' danışıb


2017-ci il oktyabrın 22-də səhər Lənkərandan məhkəmədən qaytarılarkən Biləcəri stansiyasında xüsusi vaqondan qaçan dustaqlardan biri Etibar Məmmədov təcridxanada sərbəst şəkildə üç mobil nömrədən istifadə edirmiş.

Gecə-gündüz tanışlarıyla saatlarla danışan Etibar Məmmədovun sentyabrın 18-dən oktyabrın 21-nə qədər təkcə müğənni Fədayə Laçınla 32 dəfə danışığı barədə çıxarış var. Elə vaxt olub ki, telefon danışığı 1 saat 12 dəqiqə çəkib.

Etibar Məmmədov məhkəməyə aparılıb-gətirildiyi qatarın pəncərəsi, alt hissədəki açarın görüntülərin şəkillərini çəkib, "Whatsapp" proqramı vasitəsiylə göndərib. Ondan sonra pəncərəni açmaqdan ötrü lazım olan açar tapılıb.

Etibar Məmmədovun o telefonları necə əldə etdiyini aydınlaşdırmaq üçün dustaqların qaçması məsələsini araşdıran məhkəmə Bakı İstintaq Təcridxanasına sorğu göndərmişdi.

Təcridxanadan Etibar Məmmədovun saxlandığı korpusa nəzarət edən dörd nəfərin adı məhkəməyə göndərilib. Həmin şəxslər oktyabrın 3-də dindirilib.

Bir dustaq təcridxanada üç mobil telefondan necə istifadə edib?

O dövrdə təcridxananın rəis müavini olmuş (hazırda 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəis müavinidir-red.) Yaşar Məhərrəmov deyir ki, bu məsələdən xəbəri olmayıb.

Onun sözlərinə görə, həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə telefonla danışmaq icazəsi var. Onda da nəzarətçi nömrəni yığır və danışmaq üçün dustağa verir.

Təcridxananın rejim-nəzarət bölməsinin müfəttişi Hümbət Zülfüqarov, Ramin Kazımov və Nicat adlı əməliyyat müvəkkili də deyir ki, Etibar Məmmədovda telefon görməyiblər.

"Qəzəl oxuyurdu"

Təqsirləndirilən müğənni Etibar Məmmədovla nə haqda danışmaları haqda suala belə cavab verib: "Qəzəl oxuyurdu..."

Dustaqların qaçdığı qatarın bələdçisi olmuş İsmayıl Hüseynov da məhkəmədə dindirilib. O bildirib ki, qatarda qarovul rəisi Ceyhun Səmədovun göstərişi əsasında bələdçi öz kupesini qaçan dustaqlar Etibar Məmmədovla Əli Ağamiyə verilib, özü isə əsgərlərin otağına gedib. Ancaq bunun müqabilində pul almayıb: "Dedilər ki, Etibar Məmmədovla digər dustaqlar arasında düşmənçilik var, bu otaqda qalsın. Mən də göstərişə tabeyəm".

Şahid təsdiqləyib ki, dustaqlar Lənkərana aparılanda qatarda Fədayə Laçını, hadisə günü də Etibar Məmmədovun yanında başqa bir xanımı görüb.

"Cinayəti boynuna götürmək üçün 50 min pul təklif elədi"

İsmayıl Hüseynovun istintaqa ifadəsi elan olunub. Orada yazılıb ki, qarovul rəisi və müavinləri pul müqabilində Etibar Məmmədovun istədiyi qadınları qatara buraxırdılar: "Pul alıb, dəfələrlə mənim otağımda dustaqlara şərait yaradıblar. Etibar Məmmədov və Əli Ağami qatarda sərbəst gəzirdi. Fədayə Laçın da mənim otağımda olub. Alınan puldan mənə verilməyib. Mən istəmədən o otağımı qoyub, gedib əsgərlərin otağında qalırdım".

Ancaq bələdçi deyir ki, pul alınmasını görməyib.

Etibar Məmmədovgil qaçan gün Lənkərandan gələrkən qatarda olmuş başqa dustaqlar - Tərlan Məmmədov və Rəşad Yusifov da məhkəmədə dindirilib. Onların istintaqa ifadəsində deyilir ki, Etibar Məmmədovun üç mobil telefonu olub, bunu Penitensiar Xidmətin əməkdaşları da bilib, ancaq heç nə deməyiblər.

"Qarovul rəisinin müavininə pul verib, nə istəyirdilər, onu eləyirdilər. Hadisə günü qatarda mən Etibar Məmmədov və Əli Ağami ilə söhbətləşmişəm. Etibar Məmmədov ona cinayəti boynuna götürməsi üçün 50 min təklif elədi, o razılaşmadı. Sonra "Qoca"nı bələdçinin otağına apardılar", - Bunlar Rəşad Yusifovun istintaqa ifadəsindəndir.

Ancaq onlar bu ifadələri təsdiqləməyiblər.

Məhkəmə oktyabrın 8-də davam edəcək.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın, qaçan dustaqlardan biri Əli Ağami də var.

Bəhruz Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. Etibar Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində öldürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG