Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:19

Dustaq maşının yük yerindən düşüb qaçıb


E.Məmmədov
E.Məmmədov

Dustaqların qatardan qaçmasıyla bağlı məhkəmədə yeni detallar üzə çıxıb. Məlum olub ki, qaçan dustaqlardan biri – «Qoca» ləqəbli Etibar Məmmədov sonradan ölkəni tərk edib Gürcüstana keçmək istəyib. Bakıdan Qazaxa da maşının yük yerində gedib. Ağstafa ərazisində maşını saxlayanda isə yük yerindən düşüb qaçıb. Sentyabrın 3-də dustaqların qaçmasıyla bağlı məhkəmədə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı Fərhad Quliyev bu barədə danışıb.

Deyib ki, dustaqların qaçmasından sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulmuşdu. Postda xidmət zamanı bir maşına baxış keçirəndə görüblər ki, başqa bir avtomobil anidən dönüb qayıtdı. «Opel» markalı həmin maşının arxasınca gediblər: «Kəndin girəcəyində maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən bir nəfər düşüb qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq».

Taksi sürücüsü Məhəmməd Hacıyev, maşında arxa oturacaqda olmuş Günay Hacıyeva indi bu işə görə həbsdə olan 13 nəfər arasındadır.

Təqsirləndirilən şəxslərdən hadisə günü dustaqların Lənkərandan gətirildiyi qatarda qarovul rəisinin müavini olmuş Fuad Hacıyevin vəkili isə bu işlə bağlı istintaqdan narazılıq edir. Deyir ki, Penitensiar Xidmətin konvoy taborunun komandiri Bəhruz Abdullayevə işçilərin ezamiyyət pullarının və başqa təyinatla ayrılmış vəsaitlərin bir hissəsinin mənimsənilməsinə görə də ittiham verilib. İddia olunur ki, polkovnik işçilərindən F.Hacıyevin də pulunu mənimsəyib: «Bu ittiham heç bir sübuta əsaslanmır. Bəhruz Abdullayevin Fuad Hacıyevin pulunu mənimsədiyi yazılıb, amma Fuad zərərçəkmiş kimi tanınmayıb. Fuad Hacıyev onsuz da pulunun mənimsənildiyini iddia etmir, şikayətçi deyil. Məhkəmədə də dedi ki, pulu onun kartına köçürülüb, bütün məbləği də özü alıb. Məsələ ondadır ki, əgər Bəhruz Abdullayevə bu ittiham verilibsə, o zaman Fuad Hacıyev də zərərçəkmiş kimi tanınmalıydı».

Vəkil vəsatət verib ki, istintaqı aparmış prokurorluq bu məsələyə münasibət bildirsin.

Məhkəmə vəsatəti qəbul edib, ona sentyabrın 5-də keçiriləcək növbəti iclasda baxılacaq.

Xatırlatma

Bu cinayət işi üzrə 13 nəfər həbs olunub. Onların arasında Penitensiar Xidmətin Konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri, müğənni Fədayə Laçın da var.

B.Abdullayevə CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə), digər təqsirləndirilənlərə isə 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.

İş üzrə daha bir nəfər axtarışdadır.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar.

29 yaşlı Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanılıb. E.Məmmədovsa 10 gün sonra əməliyyat nəticəsində ölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG