Artıq istintaq başa çatıb və iş məhkəməyə verilib. Polkovnikdən müğənniyədək 13 nəfər hakim önünə çıxarılacaq
Ötən il oktyabrın 23-də Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya istintaq təcridxanasına qaytarılarkən qatardan iki dustağın qaçmasına görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 13 nəfərə çatıb.
Eyni işə görə daha bir nəfər də axtarışdadır. Bu barədə təqsirləndirilən şəxslərdən birinin vəkili - Vilayət Nadirov məlumat verib.
Vəkilin sözlərinə görə, artıq bu iş üzrə ibtidai istintaq tamamlanıb. Hazırla vəkillər və təqsirləndirilən şəxslərin özləri cinayət işinin materiallarıyla (ifadələr, ekspert rəyləri və s.-lə) tanış olurlar. Tanışlıq mərhələsi başa çatınca, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Tabor komandiri də var, müğənni də
Məhkəmə önünə çıxarılacaq təqsirləndirilənlər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayev, müğənni Fədayə Məmmədova (Laçın) da var.
Bu cinayət işiylə bağlı araşdırmalar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. Təqsirləndirilən şəxslərə CM-in 304 (həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə ittiham verilib.
Oktyabrın 22-dən 23-nə keçən gecə qatardan qaçan dustaqlar Əli Ağami və Etibar Məmmədov olub. Ə.Ağami oktyabrın 26-da Şirvanda həbs edilib. “Qoca” ləqəbi ilə tanınan 37 yaşlı E.Məmmədovsa noyabrın 2-nə keçən gecə onun tutulması üçün keçirilən əməliyyatda öldürülüb.
Xatırlatma
Onların hər ikisi qəsdən adam öldürməkdə suçlanırdı. 1989-cu il doğumlu Ə.Ağamiyə hadisədən təxminən bir ay sonra – 2017-ci ilin noyabrında hökm oxunub və ona 19 il həbs cəzası kəsilib.
Ə.Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində iki nəfərin öldürülməsində təqsirli bilinib. Şirvan sakinləri olan 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayev şəhərin T.Ələkbərov küçəsində yerləşən kafedə güllələniblər. Z.Sarıbalayev hadisə yerində keçinib, xəstəxanaya yerləşdirilmiş E.Nəciyevsə orada dünyasını dəyişib.
Bu cinayətə görə həbs edilən 5 nəfərdən ikisi qatardan qaçan dustaqlar idi. Qaçış olayından öncə prokuror onların hər ikisinə 19 il iş istəmişdi.