Dünya xəbərləri
'Telegram'ın qurucusu 'terrorçular və ekstremistlər' siyahısında
Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) "Telegram" messencerinin qurucusu Pavel Durovu "terrorçular və ekstremistlər" siyahısına salıb.
Bundan əvvəl Rusiyada Durova qarşı "terror fəaliyyətinə yardım" ittihamı ilə cinayət işi açılıb. İstintaqın versiyasına görə, "Telegram" administrasiyası Ukrayna xüsusi xidmət orqanlarının Rusiyada diversiya və terror aktlarını hazırlamaq, əlaqələndirmək üçün fəal istifadə etdiyi kanalları, çatları və botları silməyib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iddia edir ki, 2025-ci ilin iyulundan Rusiyada "Dayvinçik/Leo" botunun 12-22 yaşlı 46 istifadəçisi saxlanılıb. FSB-nin versiyasına görə, onlar Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə polis əməkdaşlarına hücum edib, bəzi yerləri yandırıblar.
P.Durov 2026-cı ilin fevralında barəsində cinayət işi açıldığını açıqlayıb. Apreldə Rusiyada 20 il əvvəl yaşadığı ünvana göndərilən çağırış vərəqəsində o, "şübhəli şəxs" kimi göstərilib.
Bəzi qəzetlər FSB-nin materiallarına istinadla iddia edirlər ki, "Telegram" "xüsusi hərbi əməliyyat" (SVO) şəraitində NATO ölkələri və Ukraynanın xüsusi xidmət orqanlarının "əsas alətinə" çevrilib. Moskva Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalını "SVO" adlandırır.
2026-cı ilin aprelində Rusiya hakimiyyətinin "Telegram"ı ölkədə bloklamaq cəhdlərinə cavab olaraq Durov rusiyalıları "Rəqəmsal Müqavimət" hərəkatına qoşulmağa çağırmışdı. O, messencerin internet trafikini Rusiyada aşkarlamağı və bloklamağı daha da çətinləşdirəcəyinə söz vermişdi.
Bütün xəbərləri izləyin
Odessa yaxınlığında Azərbaycan heyətinin olduğu gəmiyə dron hücumu olub
news.az portalı və "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirovun yaydığı məlumata görə, Odessa limanı yaxınlığında göyərtəsində 12 Azərbaycan və bir Türkiyə vətəndaşı olan quru yük gəmisi hücuma məruz qalıb. "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" adlı gəmiyə üç dron zərbəsi endirilib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Zərbələr gəmiyə ciddi ziyan vursa da, o, hərəkətini davam etdirə bilib.
İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki ticarət gəmisinə dronlarla hücum edilib. Gəminin kapitanı həlak olub, göyərtədəki 10 Azərbaycan vətəndaşı isə sahilə çıxa bilib.
İyunun əvvəlində isə Azov dənizində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu gəmilərə dron hücumları nəticəsində dörd nəfər həlak olub, dörd nəfər yaralanıb.
Ukrayna Rusiyanın dörd tankerini vurduğunu bildirir
Ukrayna ordusu Rusiyanın Qara dəniz və Azov dənizindəki dörd tankerinə zərbələr endirib. Bu haqda iyulun 30-da Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib.
Brovdi "Telegram"da yazıb ki, son üç həftə ərzində ümumilikdə 205 tanker hədəfə alınıb. Onlardan 130-u Azov dənizində, 75-i isə Qara dənizdə vurulub.
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) iyulun 30-da səhər saatlarında bildirib ki, gecə saatlarında Marşall adaları bayrağı altında üzən "Nissos Sifnos" tankerinə hücum edilib. Gəmi "Tengizchevroil" şirkətinin neftini yükləyərkən konsorsiumun VPU-3 üzən yükləmə qurğusunda olub. Bu qurğu Qara dənizdə, Novorossiysk yaxınlığında yerləşir.
Konsorsiumun məlumatına görə, hücum nəticəsində tankerin yük göyərtəsində yanğın baş verib. Yanğın söndürülüb, tanker üzmə qabiliyyətini qoruyub saxlayıb, neft sızması baş verməyib və xəsarət alan olmayıb.
"Marathi" adlı tanker isə dəniz terminalından azı 11 kilometr məsafədə, neft yükləmək üçün terminala yaxınlaşarkən hücuma məruz qalıb. CPC bildirib ki, hücumlardan sonra neftin yüklənməsi müvəqqəti dayandırılıb.
Bu il Almaniyada anomal istilərdən 10 min nəfər ölüb
Bu il Almaniyada təxminən 9 min 800 nəfər isti ilə əlaqəli səbəblərdən həyatını itirib. Almaniyanın Robert Kox İnstitutu (RKI) bunu iyulun 30-da həftəlik hesabatında bildirib. Bu arada Almaniyanın bir sıra bölgələrində havanın temperaturunun 40 dərəcə Selsidən yuxarı qalxacağı gözlənilir.
RKI-nin məlumatına görə, isti ilə əlaqəli ölümlərin ən böyük hissəsi 75 yaş və daha yuxarı yaş qrupunun payına düşür.
İnstitut qeyd edib ki, orta həftəlik temperaturun 20 dərəcə Selsidən yuxarı olduğu dövrlərdə ölüm göstəricisi əhəmiyyətli dərəcədə artır.
"Buna görə də bu yay baş verəcək istilik dalğalarının da ölüm hallarının artmasına səbəb olacağını gözləyirik", – RKI bildirib.
Almaniyada iyunda artıq rekord səviyyədə istilik dalğası müşahidə olunub və ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcə Selsi və daha yüksək olub.
Rusiyanın Ukraynaya zərbələrindən 13 nəfər həlak olub
İyulun 30-da Rusiyanın Ukraynaya hava zərbələrindən azı 13 nəfər həlak olub. Qonşu Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün qırıcı təyyarələrini havaya qaldırıb.
Ukraynanın əksər regionlarında hava həyəcanı siqnalları verilib. "Reuters" agentliyinə danışan şahid Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib. Kiyev meri Vitali Kliçko "Telegram"da yazıb ki, şəhərdə yaşayış təyinatlı olmayan bir neçə obyektdə yanğın baş verib.
Kiyevdə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Dnepropetrovsk və Poltava vilayətlərində isə daha altı nəfər, o cümlədən iki uşaq həyatını itirib.
Krivoy Roq şəhərində 5 və 12 yaşlı iki qız daxil olmaqla altı nəfər ölüb, səkkiz nəfər yaralanıb. Şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul Rusiyanın Voronej vilayətindən "İskəndər-M" ballistik raketi buraxdığını bildirib.
Polşa sərhədi yaxınlığındakı Lvov şəhərində Rusiya raketləri iki yaşayış binasına ziyan vurub, xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar. Hücum nəticəsində 26 nəfərin yaralandığı bildirilir.
Prezident Volodimir Zelenski bundan əvvəl Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığını bildirmişdi.
Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, onun qüvvələri Kiyev, Lvov və Dnepropetrovsk da daxil olmaqla Ukraynanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərə, eləcə də üç yük gəmisinə zərbələr endirib.
Avropa İttifaqı və NATO üzvü olan Polşa X sosial şəbəkəsində hava məkanını qorumaq üçün qırıcı təyyarələrini havaya qaldırdığını bildirib.
Bu arada Rusiyanın "Wildberries" ən böyük onlayn pərakəndə satış şirkətimə hücumlar davam edir. Ölkənin qərbində yerləşən Penza şəhərində Ukraynanın dron hücumundan sonra "Wildberries" şirkətinin anbarında yanğın baş verib.
2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan Moskva və Kiyev mülki əhalini qəsdən hədəfə aldıqlarını inkar edirlər.
Rusiyada Ukraynaya pul göndərən jurnalistə 12 il həbs cəzası verilib
Moskva şəhər Məhkəməsi jurnalist Darya Şipaçyovanı dövlətə xəyanət işi üzrə 12 il azadlıqdan məhrum edib. Məlumatı "Mediazona" yayıb.
"T-invariant" nəşrinin mənbələrinə görə, cinayət təqibinə Şipaçyovanın doğulduğu və çoxsaylı qohumlarının yaşadığı Ukraynaya pul köçürməsi səbəb olub. Jurnalistin tanışları onun pulu mülki şəxsə göndərdiyini bildiriblər.
Şipaçyova 2025-ci il aprelin 23-də Moskvadakı mənzilində saxlanılıb. "Mediazona" jurnalistin dostlarına istinadla yazır ki, gecə saatlarında onun evinə OMON əməkdaşları basqın edib, bundan sonra isə jurnalistlə əlaqə kəsilib. O, əvvəlcə Rostovdakı istintaq təcridxanasına, daha sonra isə Moskvadakı "Lefortovo" istintaq təcridxanasına köçürülüb.
Şipaçyovanın rəfiqələri "Nastoyaşşeye Vremya" və "T-invariant"a bildiriblər ki, saxlanmazdan az əvvəl jurnalist hədələnib. Bunu Rusiyada qadağan olunmuş "Mujskoye Qosudarstvo" (Kişi Dövləti) qruplaşmasının tərəfdarlarının etdiyi ehtimal olunur. O, həmçinin feminist fikirlərinə görə sosial şəbəkələrdə təqiblərə məruz qalıb.
İttiham irəli sürüldükdən sonra Şipaçyova istintaqla əməkdaşlığa razılaşıb. Məhkəmə işi cəmi saat yarıma araşdırıb.
35 yaşlı Şipaçyova elmi, tibbi jurnalistika və sosial problemlər üzrə ixtisaslaşıb.
"Vyorstka" nəşri yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan dövlətə xəyanət, casusluq və xarici dövlətlə əməkdaşlıq ittihamları üzrə azı 1904 nəfərə cinayət işi açılıb.
2026-cı ilin ilk altı ayında Rusiyada bu maddələr üzrə 312 nəfər məhkum edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 nəfər çoxdur. Nəşrin hesablamalarına görə, bu, indiyədək rekord göstəricidir. İttiham olunanların cəmi 4 faizi dövlət sirrinə çıxış imkanına malik olub, təxminən üçdə biri isə təsadüfi şəxslər olub.
Fransada meşə yanğınları 250 mindən çox insanı evindən didərgin salıb
İyulun 27-də Fransa prezidenti Emmanuel Makron nəzarətdən çıxmış iri meşə yanğınları ilə bağlı böhran iclası keçirib. Yanğınlar 250 mindən çox insanı evlərindən didərgin salıb. "The Associated Press" yanğınların yayılma sürətinin azalması əlamətlərinin də olduğunu yazır.
Fransanın cənub-qərbindəki Jironda bölgəsində Parisdən dörd dəfə böyük ərazi yanaraq külə dönüb. Amma ötən gecə vəziyyət "ümumilikdə sabit" qalıb. Bu, ötən həftədən bəri davam edən yanğının əvvəlki günlərlə müqayisədə zəiflədiyini göstərir.
Yeni təxliyələr elan olunmayıb. Fransa avqustda turizm mövsümünün pik dövrünə hazırlaşır, Jirondanın rəsmi qurumları turistlərin bölgəyə axınının qarşısını almaq məqsədilə əlavə məhdudiyyətlər tətbiq edib. Uşaqlar və əlillər üçün istirahət düşərgələrinin fəaliyyəti qadağan olunub.
Yanğınlar nəticəsində Jirondada ümumilikdə 220 min nəfər təxliyə olunub. Landlar bölgəsində isə daha 36 min nəfər evlərini tərk edib. Onların bir hissəsinə sonradan geri qayıtmağa icazə verilib.
Ondan çox ölkə yardım məqsədilə Fransa və İspaniyaya təyyarələr, helikopterlər, yanğınsöndürənlər və digər resurslar göndərib. Hər iki ölkədə yanğınlar nəticəsində 330 mindən çox insanın evini tərk etdiyi bildirilir.
Makron hökumətin böhran iclasından sonra açıqlama verməyib. Həftəsonu isə X sosial şəbəkəsində yazdığı paylaşımda yanğından zərər çəkmiş icmalara uzunmüddətli dəstək vəd edib.
İspaniyada Madrid ətrafında və Valensiya bölgəsində meşə yanğınları nəzarətdən çıxıb. Rəsmi orqanlar 76 min nəfəri təxliyə edib, daha 30 min nəfərə isə evlərini tərk etməmək göstərişi verilib.
İspaniya və Fransada bu il istilər tez başlayıb. Meşələr və kolluqlar həddindən artıq quruyub və yanğınlar görünməmiş miqyas alıb. Bu vəziyyət iqlim dəyişikliyinə qarşı daha qəti tədbirlərin görülməsi çağırışlarını gücləndirib.
İspaniyanın baş naziri Pedro Sançes deyib ki, "meşə yanğınları fövqəladə iqlim vəziyyətinin nəticəsidir".
Madriddən qərbdə Barselonanın ərazisindən beş dəfə böyük sahə yanıb.
Litvadan təklif: Rusiya vətəndaşları ölkəyə girərkən Moskvanın təcavüzünü pisləsin
Litvanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya və Belarusun bəzi vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını təklif edir. Söhbət işğal olunmuş Ukrayna ərazilərində təhsil və elm, mədəniyyət, idman və əyləncə sahələrində fəaliyyət göstərmiş, Litvaya bu sahələrdə çalışmaq üçün getmək istəyənlədən gedir. Eyni təklif Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini birbaşa və ya dolayısı ilə dəstəkləyən və ya bu müharibədə iştirak edən şəxsləri də nəzərdə tutur.
"Delfi"nin məlumatına görə, Rusiya və Belarus vətəndaşlarından bəyannamə imzalamaları tələb oluna bilər. Sənəddə Rusiyanın Ukraynaya qarşı təcavüz pislənəcək, BMT Nizamnaməsi və prinsiplərinə, Ukraynanın müstəqilliyi və suverenliyinə dəstək ifadə olunacaq.
LRT bildirir ki, "Ukraynaya qarşı hərbi təcavüzlə əlaqədar məhdudlaşdırıcı tədbirlər haqqında" qanuna bununla bağlı dəyişikliklər təklif olunur.
Qanun layihəsi Litvada yaşamaq icazəsi olan Rusiya və Belarus vətəndaşlarına strateji obyektlərin və hərbi poliqonların yaxınlığında daşınmaz əmlak almağı qadağan edir. Bu məhdudiyyət onlara məxsus hüquqi şəxslərə də şamil ediləcək.
XİN həmçinin Litvada yaşamaq icazəsi olmayan Belarus vətəndaşlarına da ölkədə daşınmaz əmlak almağın yasaqlanmasını təklif edir. Rusiya vətəndaşları üçün bu məhdudiyyət artıq 2023-cü ildən qüvvədədir.
Qanun qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minə bilər.
Rumıniya bir həftədə üçüncü Rusiya dronunu vurduğunu açıqlayıb
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı iyulun 26-da səhər saatlarında ölkənin hava məkanında daha bir dronu vurub. Bu, son günlər vurulan üçüncü drondur. Hadisə Odessa yaxınlığındakı Sulina-Kiliya bölgəsində, Rumıniyanın ərazi suları üzərində baş verib. Bu barədə Rumıniya prezidenti Nikuşor Dan X sosial şəbəkəsində yazıb.
Dan onu da yazıb ki, Rumıniya Baş Prokurorluğunun araşdırması iyulun 24-də səhər vurulan dronun Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə olunduğunu üzə çıxarıb. Onun sözlərinə görə, bu məlumatlar Rusiyaya göndəriləcək diplomatik notanın əsasını təşkil edəcək.
"Rusiya Federasiyasının Rumıniyanın hava məkanını pozmağa davam etməsi yolverilməz və qəbuledilməzdir. Bu hava məkanı həm də NATO və Avropa İttifaqının hava məkanıdır. Belə hərəkətlər qəbuledilməzdir və müttəfiqlərimizlə birlikdə buna son dərəcə ciddi yanaşırıq", – deyə Rumıniya prezidenti bildirib.
Bundan əvvəl Dan iyulun 25-də səhər Sfıntu-Georqe şəhərindən 10 kilometr qərbdə ikinci dronun vurulduğunu açıqlayıb.
İyulun 26-dakı insidentdən sonra Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirini çağırıb.
Zelenski bu gün Britaniyada, sabah Vaşinqtonda görüşlər keçirəcək
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 27-də Londonda Böyük Britaniyanın yeni baş naziri Endi Börnemlə görüşəcək.
Leyboristlər Partiyasından Kir Starmerin istefasından sonra Börnem bir həftə əvvəl vəzifəyə başlayıb. Zelenski onun qəbul etdiyi ilk xarici lider olacaq.
"Böyük Britaniya Ukraynanın yanındadır və dəstəyimiz sarsılmaz qalır", – Börnem səfər ərəfəsində bildirib.
"Rusiya qətiyyətimizə şübhə etməməlidir. Ukrayna üçün davamlı və ədalətli sülh əldə olunanadək geri çəkilməyəcəyik", – o əlavə edib.
Börnem və Zelenskinin Böyük Britaniyada üç həftədir dəniz təhlükəsizliyi və mina əleyhinə təlimlərdə iştirak edən 200 ukraynalı hərbçi ilə də görüşəcəyi planlaşdırılır.
"Stone Cloak" sistemi
Səfər zamanı Börnemin Böyük Britaniyanın yeni "Stone Cloak" elektron müharibə sisteminə aid texnologiyanın əqli mülkiyyət hüquqlarını Ukrayna ilə bölüşəcəyini açıqlayacağı gözlənilir. Bu, Ukraynaya həmin sistemi öz ölkəsində istehsal etməyə imkan verəcək.
Rəsmilərin bildirdiyinə görə, dronlara quraşdırılan planşet ölçülü bu radioelektron mübarizə qurğuları Rusiya HHM sistemlərinin onları izləməsinə və hədəfə almasına mane olur.
Dauninq-Strit vurğulayıb ki, 2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başlayandan bəri Böyük Britaniya Ukraynaya 25 milyard funt sterlinq həcmində (33 milyard ABŞ dolları) ümumi dəstək göstərib. Bunun 16 milyard funt sterlinqi (21 milyard ABŞ dolları) birbaşa hərbi yardımdır.
Zelenski Londona səfərdən sonra iyulun 28-də Vaşinqtona gedərək ABŞ prezidenti Donald Trampla görüşəcək.
Zelenskinin bu ayın əvvəlində vəfat etmiş ABŞ senatoru Lindsi Qremin dəfn mərasiminə qatılacağı gözlənilir. Respublikaçı senator Ukraynanın fəal tərəfdarlarından idi və ölümündən bir neçə gün əvvəl Kiyevdə Zelenski ilə görüşmüşdü.
Bu arada Ukraynada müharibə qurbanlarının sayı artmaqdadır. İyulun 26-da Kiyev Rusiyanın ballistik raket hücumuna məruz qalıb. Gün ərzində digər regionlara hava zərbələrində azı altı nəfər həlak olub.
Trampdan yeni gömrük rüsumları - 10-12.5 faiz
ABŞ prezident Donald Tramp administrasiyası iyulun 24-də Avropa İttifaqı ölkələri, Çin və Rusiya daxil olmaqla 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları elan edib. Məlumatı ABŞ Ticarət Nümayəndəliyinin Ofisi yayıb.
Bu qərardan öncə dünyanın demək olar ki, bütün ölkələrinə tətbiq edilən 10 faizlik qlobal rüsumların müddəti başa çatıb. Rusiya həmin siyahıda olmayan azsaylı ölkələrdən biri idi. ABŞ Ali Məhkəməsi həmin rüsumların iyulun 24-dək ləğv edilməsinə qərar vermişdi.
Yeni rüsumlar 10 faizdən 12,5 faizə qədər dəyişəcək. Administrasiya bunu həmin ölkələrin “məcburi əməyin tətbiqi ilə istehsal olunmuş malların idxalına yetərincə qadağa qoymaması” ilə izah edib.
Məcburi əməyin məhdudlaşdırılması üçün tədbirlər görən ölkələr, o cümlədən Avropa İttifaqı üzvləri üçün rüsum dərəcəsi 10 faiz olacaq. Rusiya və Çin daxil digər ölkələrə isə 12,5 faizlik rüsum tətbiq ediləcək.
Avropa İttifaqı yeni rüsumları "xoşagəlməz sürpriz" adlandırıb. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas xüsusilə ittifaqın məcburi əməyin tətbiqində ittiham olunmasını əsassız saydığını bildirib. Faktiki olaraq Aİ üçün vəziyyət dəyişmir, çünki 10 faizlik rüsumlar qüvvədə qalır.
ABŞ administrasiyasının qərarına Meksika, Braziliya və Avstraliya kimi ölkələr daha sərt reaksiya veriblər. Həmin ölkələr üçün rüsum dərəcəsi 12,5 faiz müəyyən edilib.
ABŞ ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra kəskin azalıb. Hazırda ildə təxminən 4 milyard dollar təşkil edir. ABŞ Rusiyadan əsasən gübrələr, nadir metallar və nüvə yanacağı idxal edir.
ABŞ Rusiya universitetlərini 'qara siyahı'ya salıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "şübhəli fəaliyyətlə məşğul olan" və ölkənin milli təhlükəsizliyinə təhdid yaradan xarici qurumların yenilənmiş siyahısını dərc edib. Siyahıda Çin, Rusiya və İranda fəaliyyət göstərən 130 ali təhsil və elmi-tədqiqat müəssisəsi yer alıb.
Pentaqonun rəsmi saytında bildirilir ki, "ABŞ tədqiqatçılarına, akademik qurumlarına və sənaye tərəfdaşlarına bu siyahıdakı istənilən qurumla əməkdaşlıq, maliyyələşdirmə və ya məlumat mübadiləsi məsələlərində son dərəcə ehtiyatlı davranmaq tövsiyə olunur".
Siyahıya Rusiyanın 33 ali təhsil və elmi-tədqiqat ocağı salınıb. Bunların arasında Moskva Dövlət Universiteti, Ali İqtisadiyyat Məktəbi, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Moskva Aviasiya İnstitutu, Kurçatov İnstitutu, Skolkovo Elm və Texnologiya İnstitutu və digər qurumlar var.
"T-invariant" nəşri apreldə yazmışdı ki, oliqarx Oleq Deripaskanın maliyyə dəstəyi ilə Moskva Dövlət Universitetində süni intellekt fakültəsi açılıb. Nəşrin məlumatına görə, həmin fakültəyə Rusiya prezidenti Vladimir Putinin kiçik qızı rəhbərlik edir. O, eyni zamanda universitetin Süni İntellekt və İntellektual Sistemlər Problemləri üzrə Perspektiv Araşdırmalar İnstitutunun direktorudur.
İranın MKİ obyektlərinə zərbələrində Rusiya izi: Kreml şərh etmir
İranın Körfəz regionundakı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) obyektlərinə təşkil etdiyi dron hücumları Rusiyanın bu prosesdə mümkün roluna dair sualları gündəmə gətirib.
Bu barədə ABŞ kəşfiyyatındakı məlumatlara bələd olan dörd mənbə "Reuters" agentliyinə məlumat verib. Amma agentlik rəsmi şəxslərin bu xüsusda hələlik qəti qənaətə gəlmədiyini yazır.
Bununla belə, mənbələr hücumların effektivliyini, yüksək dəqiqliklə reallaşdırılmasını və Rusiyanın İrana göstərdiyi geniş texniki dəstəyi mümkün sübutlar kimi önə çəkirlər.
Kreml iyulun 23-də bu xəbərləri şərhsiz buraxıb.
"Reuters" və digər media qurumlarının məlumatına görə, mart ayında ən azı iki MKİ obyekti hədəf alınıb. Bunlardan birinin ABŞ-nin Ər-Riyaddakı səfirliyində yerləşən MKİ stansiyası, digərinin isə İraqın şərqindəki gizli obyekt olduğu bildirilir. Bəzi mənbələr əlavə MKİ məntəqələrinin də zərbələrə məruz qaldığını desələr də, detalları danışmayıblar.
Qərb kəşfiyyat xidmətlərindən birinin daxili sənədində Rusiyanın regiondakı MKİ obyektlərinin hədəfə alınmasında rolu olması ehtimalından söz açılır.
Rusiyanın İrana hədəf koordinatları ötürə biləcəyi ilə bağlı narahatlıqlar ötən həftəsonu daha da güclənib. İran İordaniyadakı ABŞ hərbi bazasına ballistik raketlərlə zərbələr endirib; iki hərbçi həlak olub.
Ağ ev mövzu ilə bağlı sorğunu MKİ-yə yönləndirsə də, idarə rəsmi açıqlama verməyib. Eyni zamanda, İranın BMT-dəki nümayəndəliyi, Rusiya Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı hökuməti də "Reuters"in suallarını cavablandırmaqdan yayınıb.
Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıblar
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi barədə siyasi razılıq əldə ediblər. "Reuters" agentliyi bu barədə iyulun 23-də dörd Aİ diplomatına istinadla məlumat yayıb.
Diplomatlardan ikisinin sözlərinə görə, məhdudiyyətlər sırasına Rusiya neftinin qiymət tavanının 12 aylıq dondurulması daxildir. Həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ötürülməsinə icazə verən və avtomatik uzadılacaq birillik istisna da nəzərdə tutulur.
"Üzv dövlətlər Yunanıstana həmrəylik nümayiş etdirdilər. Gələcəkdə Yunanıstanın da digər ölkələrə eyni dəstəyi verəcəyi gözlənilir", – Aİ diplomatlarından biri bildirib.
Hazırda sanksiyalar paketi üzrə texniki işlər yekunlaşmaq üzrədir. Sənədin rəsmən qəbulu üçün bu gün, iyulun 23-də günortadan sonra yazılı prosedura start veriləcək.
Rusiya neftinin qiymət tavanına edilən düzəlişlərin bir il müddətinə dondurulması Rusiyanın "müharibə maşınının bazar şoklarından faydalanmasının qarşısını alacaq". Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, yeni paket çərçivəsində daha 32 Rusiya bankı, kriptovalyuta şirkəti və neft ticarəti platforması Aİ-nin əməliyyat qadağası siyahısına salınır.
Fon der Lyayen əlavə edib ki, bu paket həmçinin Rusiyanın kölgə donanmasını dəstəkləyən gəmiləri hədəf alır və Rusiya hərbçilərinin Aİ-yə girişinin rəsmən qadağan olunması istiqamətində mühüm addımdır.
Ermənistanda Samvel Karapetyanın qardaşı oğluna cinayət işi açılıb
Ermənistan Prokurorluğu parlament seçkilərində "Güclü Ermənistan" alyansının seçki siyahısına rəhbərlik etmiş və deputat mandatı qazanmış Narek Karapetyana cinayət işi açıb. Bu haqda Baş Prokurorluğunun nümayəndəsi AzadlıqRadiosunun erməni xidməti və “Armenpress” agentliyinə məlumat verib.
Narek Karapetyan zorakılıq və ya hədə-qorxu tətbiq etməklə insanları toplantıda iştiraka məcburetmə, xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması maddələri ilə ittiham olunur.
Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası onu cinayət məsuliyyətinə cəlb etməyə, lakin həbs etməməyə icazə verib. 35 yaşlı Karapetyan deputat seçildiyi üçün deputat toxunulmazlığı var.
Narek Karapetyan Rusiyada sərvət toplamış iş adamı, “Güclü Ermənistan”ın lideri Samvel Karapetyanın qardaşı oğludur. Samvel Karapetyan hazırda ev dustaqlığında saxlanılır. O, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırışlar, konstitusiya quruluşunu devirməyə cəhd və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
Prokurorluğun Narek Karapetyanla bağlı vəsatəti Samvel Karapetyanın silahdaşı Alik Aleksanyanın həbs olunduğu cinayət işi ilə əlaqədardır. Alik Aleksanyan xüsusilə külli miqdarda çirkli pulların yuyulması və seçicilərin ələ alınmasında ittiham edilir.
Bundan bir gün əvvəl – iyulun 21-də isə hazırda seçkiqabağı rüşvət paylamaqda ittiham olunaraq həbsdə saxlanılan "Güclü Ermənistan"ın daha iki namizədi – David Qazinyan və Ayk Sukiasyan deputat mandatı alıblar.
Rusiyadan gedənlərin hüquqları məhdudlaşdırılır
Rusiya Dövlət Duması ölkədən getmiş Rusiya vətəndaşlarının hüquqlarını məhdudlaşdıran qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
Sənədə əsasən, ölkədən getmiş və hər hansı cinayət işi və ya müəyyən inzibati xətalara görə cəzanın icrasından yayınan şəxslərə bir sıra qadağalar tətbiq ediləcək.
AzadlıqRadiosunun rus xidməti yazır ki, bu şəxslərə xarici pasport almaq, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət ünvanlamaq, "Qosusluqi" dövlət elektron xidmətlər portalından yararlanmaq qadağan olunacaq. Onlar Rusiyadakı pul vəsaitləri və əmlaklarını idarə edə bilməyəcəklər.
Rusiya diplomatik nümayəndəlikləri xaricdə saxlanılan Rusiya vətəndaşlarına hüquqi dəstək göstərməyəcək, əksər konsulluq və notariat xidmətlərini təqdim etməyəcəklər. Yalnız şəxsin sağ olduğunu təsdiqləyən sənəd veriləcək, həmçinin görmə məhdudiyyətli şəxslərin imzası təsdiqlənəcək.
Qanun ordunun "nüfuzdan salınması", Rusiyaya qarşı sanksiyalara və ölkənin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə "xarici agentlər" və "arzuolunmaz təşkilatlar" haqqında maddələr üzrə ittiham edilən Rusiya vətəndaşlarına şamil olunacaq.
Baş Prokurorluq bu məhdudiyyətlərə məruz qalan şəxslərin açıq reyestrini rəsmi internet səhifəsində dərc edəcək.