Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

Ötən il dünyada əsas silah istehsalçılarının gəliri azalıb


Belqradda silah sərgisi
Belqradda silah sərgisi

2022-ci ildə dünyada 100 ən böyük şirkətin silah və hərbi xidmət satışından gəliri, tələbdə kəskin artıma baxmayaraq 3.5 faiz azalıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dekabrın 4-də yaydığı hesabatda belə deyilir.

Ötən il 100 əsas şirkətin silah istehsalı və hərbi xidmətdən gəliri 597 milyard dollar olub.

SIPRI gəlirdə azalmanı, əsasən, ABŞ və Rusiya şirkətlərinin silah satışından gəlirinin düşməsi ilə izah edir, sifarişin növbəti illərdə artacağını proqnozlaşdırır.

"2022 və 2023-cü illərdə sifariş blankları və silaha tələbin artması gələn illərdə ilk 100 şirkətin silah satışından gəlirinin əhəmiyyətli artacağını göstərir", – qurum bildirir.

2015-ci ildən bəri...

Hesabat onu da üzə çıxarıb ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumu 2022-ci ildə silah tələbatını yüksəldib. Ancaq işçi çatışmazlığı, qiymətlərin artması, təchizat zəncirində pozuntular bir çox şirkətlərin istehsalı artırma səylərini əngəlləyib.

İllik azalmaya baxmayaraq, 2022-ci ildə əsas 100 şirkətin silah satışından gəliri 2015-ci ildəkinə nisbətən 14 faiz yuxarı olub. SIPRI məhz 2015-ci ildə Çin şirkətlərini də reytinqə salmağa başlayıb.

Siyahının başında ABŞ-ın "Lockheed Martin", "Raytheon Technologies" və "General Dynamics" şirkətləri gəlir.

ABŞ və Rusiya silah istehsalçılarının gəlirinin azalmasına baxmayaraq, Asiya və Yaxın Şərq şirkətlərinin gəliri əsaslı şəkildə artıb.

Yaxın Şərqdən 100-lüyə düşən yeddi şirkətin silah gəliri 11 faiz artaraq 17.9 milyard dollara yüksəlib. Bu, region üzrə ən böyük illik artımdır.

Çin, Rusiya, Ukrayna

SIPRI-nin məlumatına görə, 2022-ci ildə Çin ilk 100 şirkətin silah gəlirlərinin 18 faizini əhatələyib. Birləşmiş Ştatlar 51 faizlə birinci yerdədir.

Reytinqdəki səkkiz Çin şirkətinin toplam gəliri 108 milyard dollar olub.

İlk yüzlükdəki yeddi Britaniya şirkətinin cəmi illik gəliri isə 41.8 milyard dollara bərabərləşib.

İki Rusiya şirkətinin silah satışından toplam gəliri 12 faiz azalaraq 20.8 milyard dollara bərabər olub. SIPRI bildirir ki, Rusiyanın silah industriyasında şəffaflıq azalmaqdadır, ümumilikdə Rusiya şirkətləri haqda məlumat çatışmazlığı mövcuddur.

Top 100-də yeganə Ukrayna şirkəti "UkrOboronProm"un silah satışından illik gəliri 10 faiz azalaraq 1.3 milyard dollara bərabərləşib. Əslində, şirkətin gəliri nominal ifadədə yüksəlib, ancaq ölkədəki yüksək inflyasiya buna təsirini göstərib.

XS
SM
MD
LG