Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:14

'Qocalan Avropa qaçqınlardan və miqrantlardan faydalana bilərdi' –BMT


Pensionerlər
Pensionerlər

Qaçqınlar və miqrantlar Avropaya qocalmaqda olan əhalisini saxlamaqda kömək edə bilərdi, səhiyyə və sosial təminat sistemləri üzərindəki yükü yüngülləşdirərdi. BMT-nin çərşənbə günü yaydığı hesabatda belə deyilir.

1/3-İ 60 YAŞINDA

Əhalinin qocalması ömür uzunluğunun artması və təbii artım əmsalının düşməsinin nəticəsidir. Sonucda səhiyyə, pensiya və sosial təminat sahələrinə təzyiq artır.

Avropada hər dörd nəfərdən birinin yaşı ya 60-dır, ya da daha çoxdur. Bu göstəricinin daha da yüksələcəyi gözlənir. Bu arada Avropa ölkələrinin bir çoxunda immiqrantlara inamsızlıq güclənməkdədir.

BMT-nin dünya əhalisinin perspektivləriylə bağlı hesabatında deyilir ki, 2050-ci ilədək Avropa əhalisinin 1/3-i 60 yaşında, yaxud daha yaşlı olacaq.

Qlobal götürəndə isə, 2100-cü ilədək 60 və yuxarı yaşlıların sayı 3 dəfədən çox artacaq, indiki 962 milyon nəfərdən 3.1 milyarda yüksələcək.

ÖMÜR UZANIR

Dünyanın ən gənc qitəsi sayılan Afrikada 60 və yuxarı yaşlıların sayı builki 5 faizdən 2100-cü ildə 20 faizədək yüksələ bilər.

BMT bildirir ki, dünyada ömür uzunluğu kişilər üçün 69, qadınlar üçün 73 yaşa qalxıb. 2000-2005-ci illərdə bu göstərici kişilər üçün 65, qadınlar üçün 69 idi.

Təbii artım əmsalı dünyanın, demək olar, hər yerində azalmaqdadır, o cümlədən, ən yüksək göstəricinin qeydə alındığı Afrika regionunda. Belə ki, 2000-2005-ci illərdə hər qadına ortalama 5.1 uşaq düşürdüsə, indi bu rəqəm 4.7-dir.

Avropada isə əks tendensiya gedir. 2000-2005-ci illərdə hər qadına ortalama 1.4 uşaq düşürdüsə, 2010-2015-ci illərdə bu, 1.6 olub.

HƏR İL 83 MİLYON NƏFƏR ARTIR

Dünyanın 47 ən az inkişaf etmiş ölkəsində hazırda artım əmsalı 4.3-dür və həmin ölkələrdə əhalinin sayının 2050-ci ildə 1.9 milyarda çatacağı gözlənir.

Dünya əhalisinin sayı 7.6 milyarda çatıb və hər il 83 milyon nəfər artır.

Çində 1.4 milyard, Hindistanda 1.3 milyard adam yaşayır və dünyanın ən çox əhalisi olan iki ölkəsidir. Yeddi ilə Hindistanın əhalisinin Çini ötəcəyi gözlənir.

Dünyanın yeddinci böyük ölkəsi olan Nigeriyanın əhalisinin Birləşmiş Ştatları ötəcəyi və 2050-ci ilədək dünyada əhali sayına görə 3-cü yerə çıxacağı gözlənir.

Dünyada hər 100 qadına 102 kişi düşür.

XS
SM
MD
LG