Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:34

Dünya Bankı Azərbaycana kredit ayırdı


Dünya Bankı

Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə DB məlumat yayıb. Kreditin 400 mln. dolları Azərbaycan dövlətinin zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ şirkətinə veriləcək.

TANAP Azərbaycandan təbii qazı Türkiyəyə, oradan isə Avropaya nəql edəcək. Bununla da Azərbaycan qaz ixracı bazarlarını şaxələndirəcək, Türkiyə və cənub-şərqi Avropada isə enerji təchizatının təhlükəsizliyi yaxşılaşdırılacaq.

Dünya Bankının vitse-prezidenti Cyril Muller deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisinə yeni iqtisadi imkanlar açacaq. Onun fikrincə, layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təminatını dəstəkləyəcək.

TANAP-TAP
TANAP-TAP

TANAP «Cənub Qaz Dəhlizi» layihəsinin bir hissəsidir.

Dünya Bankıyla yanaşı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Asiya İnkişaf Bankı (ADB) da «Cənub Qaz Dəhlizi»ni dəstəkləyir.

Uzunluğu 1850 km olan TANAP Azərbaycandan İtaliyaya uzanacaq 3500 km-lik «Cənub Qaz Dəhlizi»nin yarısından çoxunu əhatə edir. Türkiyənin Gürcüstanla sərhədindən başlayan kəmər şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində TAP-la birləşəcək və qazı Avropa bazarlarına ötürəcək.

XS
SM
MD
LG