Keçid linkləri

2026, 08 Oktyabr, cümə axşamı, Bakı vaxtı 10:48

Tramp: FlyDubai insidenti ilə əlaqəsi təsdiqlənsə, İrana 'ağır zərbə' endiriləcək

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də xəbərdarlıq edib ki, İsrailə uçan FlyDubai təyyarəsindəki insidentdə Tehranın rolu aşkarlansa, İrana “ağır zərbə” endiriləcək. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) pilot kabinəsindəki hücumun terrorçuluqla əlaqəli olub-olmadığını araşdırmağa başlayıb.

Ağ evdə Trampdan İranın hadisədə iştirakıyla bağlı nə düşündüyünü soruşublar. “Eşitdiklərimə əsasən, deyərdim ki, cavab “bəli”dir, amma hazırda bunu araşdırırıq”, – prezident vurğulayıb.

İranın iştirakı təsdiqlənərsə, ABŞ-nin cavab zərbəsi endirib-endirməyəcəyinə gəlincə, Tramp “Onlara ağır zərbə endiriləcək, narahat olmayın” deyə cavab verib.

Tramp bu iddianı təsdiqləyən sübut təqdim etməyib. İranın hadisə ilə bağlılığına dair ictimaiyyətə hər hansı sübut açıqlanmayıb. İsrail rəsmiləri “Reuters”ə bildiriblər ki, ilkin dəyərləndirməyə görə, ikinci pilot, böyük ehtimalla, təkbaşına hərəkət edib.

İsrailin baş naziri Benyamin Netanyahu ikinci pilotun İranla əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün hələ tez olduğunu deyib. Netanyahu “Fox News”a müsahibəsində onu da deyib ki, ikinci pilot barədə əldə olunan məlumatlar onun “radikal islamçı ideoloji təsirə məruz qaldığını” göstərib. O, bu iddianı əsaslandıran detalları açıqlamayıb.

İnsident sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan, göyərtəsində 174 sərnişin və səkkiz ekipaj üzvü olan “FlyDubai”ın FZ1073 reysində baş verib. Səudiyyə Ərəbistanının məlumatına görə, ikinci pilot kapitana hücum edib və hər iki pilot yaralanıb. Bundan sonra təyyarə Təbukda təcili eniş edib.

BƏƏ-nin baş prokuroru hadisə ilə bağlı xüsusi araşdırma göstərişi verib. Araşdırma zamanı hadisənin “terror fəaliyyəti və ya məqsədi” ilə əlaqəli olub-olmadığı, öncədən planlaşdırılıb-planlaşdırılmadığı, göstəriş əsasında törədilib-törədilmədiyi də yoxlanılacaq.

BƏƏ ictimaiyyəti və medianı araşdırma başa çatanadək hadisənin səbəbi barədə fərziyyələr irəli sürməməyə çağırıb.

1 oktyabr

İsrail 'FlyDubai' təyyarəsindəki insidenti terror aktı kimi tanıyıb

İsrail hakimiyyəti Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsinin göyərtəsində baş verən hadisəni terror aktı kimi tanıyıb. İstintaqın versiyasına görə, pilotlardan biri təyyarənin kapitanına hücum edərək təyyarəni yerə çırpmağa çalışıb.

Yaralı kapitan hücum edən şəxslə əlbəyaxa olub və pilot kabinəsinin qapısını aça bilib. Bundan sonra aralarında israillilərin də olduğu bir neçə sərnişin kabinəyə daxil olaraq ikinci pilotu zərərsizləşdirməyə kömək edib. Sərnişinlərdən Asəf Racuan bildirib ki, müdaxilə etmək qərarını təyyarə kəskin şəkildə enməyə başlayandan sonra veriblər.

Medianın məlumatına görə, əlbəyaxa zamanı təyyarənin kapitanı, hindistanlı Sumit Maçxar yaralanıb. Hücum edən şəxs zərərsizləşdirildikdən sonra ekipaj təyyarənin uçuşunu sabitləşdirə bilib.

Təyyarə sonda Səudiyyə Ərəbistanının Təbuk hava limanına enib. Səudiyyə hakimiyyəti təyyarənin müşayiətini və enişini təşkil edib, sərnişinləri yemək və tibbi yardımla təmin edib.

İsrail mediası yazır ki, böhran boyunca İsrailin xarici kəşfiyyat xidməti “Mossad” səudiyyəli həmkarları ilə fasiləsiz əlaqə saxlayıb. Amma Səudiyyə Ərəbistanı hakimiyyəti sərnişinlərin təxliyəsi üçün İsrailin C-130 “Herkules” hərbi nəqliyyat təyyarəsinin enişinə icazə verməyib. Jurnalistlərə görə, Ər-Riyad bunun iki ölkə arasında münasibətlərin normallaşmasının göstəricisi kimi qəbul olunacağından ehtiyatlanıblar.

İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər yoxdur. Bununla belə, krallıq 2023-cü ilin oktyabrından İsrailə və İsraildən uçan “FlyDubai” təyyarələrinin öz hava məkanından istifadəsinə icazə verir.

30 sentyabr

Dubay-Təl-Əviv təyyarəsi məcburi eniş etdi: Terror şübhəsi araşdırılır

İsrail mediası ölkənin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, söhbət adi insidentdən yox, mümkün terror aktı cəhdindən gedir. Məlumata görə, ikinci pilot təyyarənin idarəetməsini ələ keçirərək onu sərnişinlərlə birlikdə yerə çırpmağa çalışıb. Bildirilir ki, ekipaj üzvləri bir neçə sərnişinin köməyi ilə onu zərərsizləşdirə biliblər. Sərnişinlərin dediyinə görə, təyyarənin idarəetməsini salondakı ehtiyat heyət öz üzərinə götürüb.

İddialara görə, bu versiyanı dəstəkləyən dəlillər daha çoxdur, amma hələlik rəsmi təsdiqlənməyib.

İsrail mediasında təyyarədəki sərnişinlərin fotoları da yayılıb. Onların geyimlərində görünən qan izlərinin pilotun qanı olduğu iddia edilir.

İnsidentin dəqiq detalları hələ də tam məlum deyil.

"Times of Israel" sərnişinlərin dediklərinə və rəsmi qurumların açıqlamalarına əsasən yazır ki, kapitan pilot BƏƏ, ikinci pilot isə Oman vətəndaşı olub. İkinci pilot kapitana hücum edərək təyyarənin idarəetməsini ələ keçirmək istəyib. Onların davası zamanı bıçaqdan da istifadə olunub. Sərnişinlər hücum edəni tutub hərəkətsizləşdirməyə kömək ediblər. Hazırda hər iki pilot Səudiyyə Ərəbistanında xəstəxanadadır.

İsrail hadisə ilə bağlı cinayət işi açıb və araşdırma aparır. Terror aktına cəhd versiyası da istisna edilmir. İsrail rəsmiləri bildirir ki, Omanla İsrail arasında diplomatik əlaqələr yoxdur. Buna görə də "FlyDubai"ın omanlı pilota uçuş icazəsi verməsi böyük bir səhv olub.

+++

Son məlumatlara görə, göyərtəsində 174 sərnişin olan təyyarə Səudiyyə Ərəbistanına enib. Hadisəyə pilotlar arasındakı davanın səbəb olduğu ehtimal edilir.

İsrail mediası sərnişinlərdən birinə istinadən yazır ki, pilotlardan biri bıçaqlanaraq huşunu itirib.

"FlyDubai" şirkəti təyyarədə fövqəladə vəziyyət yarandığını təsdiqləsə də, detalları açıqlamayıb. Şirkətdən sərnişinlərin tam təhlükəsizlikdə olduğu və onların ardınca ehtiyat təyyarə göndəriləcəyi bildirilib.

+++

Dubaydan (BƏƏ) Təl-Əvivə uçan sərnişin təyyarəsi qəza siqnalı verərək Səudiyyə Ərəbistanı üzərindən geri dönüb.

İsrailin 12-ci kanalının məlumatına görə, pilotlar "kənar müdaxilə" siqnalı da ötürüblər ki, bu da təyyarənin qaçırılmasından xəbər verə bilər. "Flightradar24" xidməti sonradan bu xəbərdarlığın yenidən ümumi qəza siqnalı ilə əvəzləndiyini bildirib.

İsrail mediası ölkənin qırıcı təyyarələrini havaya qaldırdığını, baş nazir Binyamin Netanyahunun isə təcili iclas çağırdığını xəbər verir.

​
XS
SM
MD
LG