Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirilmiş əməliyyatla bağlı məlumat yayıb.
Məlumatda nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə dair şübhələr müəyyən edildiyi bildirilir.
F.Molla-zadə və S.Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, N.Abdullayev rüşvət almaqda ittiham olunurlar. Onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Məlumatda məhkəmənin qərarı əsasında adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlara baxış keçirildiyi və XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlərin, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillərin aşkarlandığı qeyd olunur.
F.Molla-zadə və S.Əlizadənin dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm olaraq mənimsədiyi, XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət aldığı iddia edilir.
İddialardan biri də şöbə rəisi N.Abdullayevin elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi müqabilində müntəzəm rüşvət alması ilə bağlıdır.
Hələlik adıçəkilən şəxslərin özlərinin və ya vəkillərinin bu ittihamlarla bağlı mövqeyi məlum deyil.
Ötən həftə DTX nazirlikdə əməliyyat keçirib.
Bu ilin mayında yerli media xarici işlər naziri Elmar Məmmədyarovun övladlarının ABŞ-da 4 milyonluq mənzil alması haqda yazmışdı. Nazirlikdən AzadlıqRadiosuna bildirilmişdi ki, bu, şəxsi məsələdir və xəbəri şərh etməmişdilər. O zaman nazirin istefa verməsini istəyənlər olmuşdu.