Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 14:35

DTX Gömrük Komitəsinin 4 yüksək vəzifəli əməkdaşını saxlayıb


İllüstrativ foto
İllüstrativ foto

Hələlik ittihamlarla bağlı saxlanılan şəxslərin yaxınları və ya vəkilləri açıqlama verməyiblər

Dövlət Təhlükəsizlik Xidməti iyulun 15-də Dövlət Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Bunlardan biri gömrük generalı, Komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovdur.

Digər saxlananlar Komitə yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərovdur.

Rəsmi məlumata görə, general Məsum Rəsulov müsadirə edilmiş siqaret məhsullarını hərbi qulluqçulara paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, əməkdaşına təhvil verib. Bununla da külli miqdarda siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulduğu bildirilir.

Həmçinin deyilir ki, onun Komitənin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri və başqa xidmətlərin göstərilməsi adı altında çox sayda şirkətin hesabına köçürülən külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Məsum Rəsulov iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

“Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilovun isə gömrük hərraclarının təşkili və keçirilməsi qaydalarını pozaraq dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrini real dəyərindən aşağı qiymətləndirib satışını təmin etdiyi iddia olunur.

Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 22 iyunda məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İdarə rəisinin müavini Rəşad Babayev və şöbə rəisi Şükür Səfərovun ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması müqabilində onların sahiblərindən təkrar külli miqdarda rüşvət almalarına dair məlumatlar əldə edildiyi bildirlir.

Rəşad Babayev və Şükür Səfərov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvətalma) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. İyulun 1-də məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hələlik ittihamlarla bağlı saxlanılan şəxslərin yaxınları və ya vəkilləri açıqlama verməyiblər.

XS
SM
MD
LG