Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Gəncədə əməliyyat- iki nəfər öldürülüb


Azərbaycan, xüsusi qüvvələr
Azərbaycan, xüsusi qüvvələr

Dövlət Təhlükəsizliyi Xidməti “radikal dini ekstremist” qrupun üzvü olduğu və ölkə ərazisində terror aktı planlaşdırdıqları deyilən iki nəfəri öldürdüyünü bildirir.

Dövlət qurumu bu haqda noyabrın 4-də məlumat yayıb.

“2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılıb. Amma həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv ediliblər”, - qurumun məlumatında belə deyilir.
Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1” əl qumbarası, Famil Ələkbərova məxsus avtomobildən partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkarlandığı qeyd olunur.

Hadisə ilə bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XATIRLATMA

Bu il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və yanındakı polis nəfərinə sui-qəsd edilib. Sui-qəsdi törətməkdə təqsirləndirilən Yunis Səfərov saxlanılıb. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə edilən islam dövləti qurmaq olub.

Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini ictimaiyyətə açıqlamayıb.

Hadisədən bir neçə gün sonra - iyulun 10-da Gəncədə iğtişaş olub, bu zaman iki nəfər yüksək rütbəli polis nəfəri qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının yaydıqları məlumata görə, bu hadisə ilə bağlı 69-a yaxın şəxs həbs edilərək cinayət məsuluyyətinə cəlb edilib. Eyni zamanda, 5 nəfər öldürülüb.

XS
SM
MD
LG