Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Təhlükəsizlik orqanlarının keçmiş işçiləri dövlətə xəyanətdə günahlandırılırlar


İllüstrasiya
İllüstrasiya

Əvvəllər Azərbaycanın təhlükəsizlik orqanlarında çalışan bəzi şəxslər xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılırlar.

Bu barədə bu gün, dekabrın 26-da Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Məlumatda vurğulanır ki, DTX-də bununla bağlı cinayət işi açılıb.

Açıqlamaya görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları maddi maraq əvəzində, xüsusi təxəllüs verilməklə Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü Zakir İsmayılovu məxfi əməkdaşlığa cəlb edib.

İddiaya görə, o, Milli Təhlükəsizlik Nazirliyində (2015-ci ildə ləğv edilib. Onun əsasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb) şöbə rəisi, digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi, milli maraqları zərərinə fəaliyyət göstərərək, əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, xarici xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət edib.

O, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini xarici xüsusi xidmət orqanına təqdim etməklə günahlandırılır.

“İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli, şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilmişdir. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilmişdir”

Açıqlamada oxşar ittiham 1977-ci il təvəllüdlü Bəhruz Yusifzadə haqqında da yer alır. O, da təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsi ilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil etməkdə günahlandırılır. Habelə, onun maddi maraq əvəzində əməkdaşlığa cəlb edildiyi, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq aldığı bildirilir.

“Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunmuşdur. Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilmişdir. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilmişdir”, açıqlamada yazılıb.

DTX bildirir ki, aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən olunub və digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

“İfşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılmışdır. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir” - DTX qeyd edir.

DTX-in bu açıqlamasına hələlik, sözü gedən həbs edilmiş şəxslərin və onların vəkillərinin münasibətini almaq mükün olmayıb. Onların ittihama münasibəti açıqlanmır. İttihamlar subuta yetirilərsə onlara əmlakı müsadirə olunmaqla (olunmamaqla) on ildən on beş ilədək həbs və ya ömürlük azadlıqdan məhrum etmə cəzası verilə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG