Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 11:41

Azərbaycanın DTT-yə üzvlüyü müzakirə olunub


Dünya Ticarət Təşkilatının İsveçrədəki iqamətgahı
Dünya Ticarət Təşkilatının İsveçrədəki iqamətgahı

“Son zamanlarda Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması prosesi ilə əlaqədar 20 normativ-hüquqi akt qəbul olunub”.

İqtisadiyyat naziri Şahin Mustafayev bunu bu gün, iyunun 28-də DTT-yə üzvülük prosesi ilə bağlı Azərbaycan üzrə İşçi Qrupun rəhbəri Valter Vernerlə görüşündə belə deyib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-DTT əlaqələrinin durumu müzakirə mövzusu olub.

Azərbaycan qanunvericiliyinin DTT tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin davam etdirildiyini bildirən Şahin Mustafayev maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə DTT-yə üzvlük danışıqları gedişinin, perspektivlərinin diqqət mərkəzində olduğu bildirilir.

Xatirlatma

Azərbaycan DTT ilə danışıqlara hələ 1997-ci ildə başlayıb. Artıq Azərbaycanın bir çox qonşuları bu quruma daxil olub.

Rəsmilər danışıqların uzanmasını Azərbaycan qanunvericiliyinin bu qurumun tələblərinə tədricən uyğunlaşdırılması ilə izah edirlər.

Ancaq müstəqil ekspertlər deyirlər ki, gerçəkdə Azərbaycan bu quruma üzvilikdə maraqlı deyil. Çünki Dünya Ticarət Təşkilatı gömrükdə korrupsiya ilə ciddi mübarizə və islahatlar tələb edir. Həmin ekspertlərin fikrincə, Azərbaycan hökuməti, hələ ki, bu islahatlara hazır deyil.

Hərçənd, rəsmilər ölkədə islahatların dərinləşdirildiyini və korrupsiya ilə ciddi mübarizənin aparıldığını vurğulayırlar.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bir neçə ay əvvəl demişdi ki, Azərbaycanın DTT-yə daxil olması məsələsi aktualdır. “Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun”, o, vurğulamışdı.

XS
SM
MD
LG