Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:23

DST koronavirusu ağır keçirənlərin dərmanla müalicəsini dəstəkləyir


Arxiv fotosu
Arxiv fotosu

Afrika liderləri isə Nyu Yorkda BMT-nin Baş Məclisində çıxışlarında COVID-19 vaksinlərinin paylanmasında bərabərsizliyə diqqət çəkib

Rusiyada koronavirusdan yeni ölü rekordu

Rusiya səhiyyə orqanları son 24 saat ərzində ölkədə koronavirusdan 828 ölümün qeydə alındığını deyirlər. Sentyabrın 24-də yayılmış məlumata görə, son 24 saatda bir gün öncəkindən cüzi az – 21 mindən çox yeni yoluxma aşkarlanıb.

Artıq dördüncü gündür ölkədə virus 800-dəm çox insanın həyatına son qoyur və bu, Avropada ən yüksək göstəricidir.

Rusiyanın 85 regionundan 36-da yeni yoluxmaların “intensiv” artdığı bildirilir. Səhiyyə rəsmiləri mövsümdən dolayı vəziyyətin pisləşə biləcəyini deyirlər.

Ötən həftə Prezident Vladimir Putin özünü təcrid edib. Onun yaxın ətrafında onlarla adamın COVID-19 testinin müsbət çıxdığı açıqlanıb.

***

Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19-a tutulmuş bəzi xəstələr üçün “Regeneron” anticisim müalicəsini tövsiyə edib. Söhbət hospitalizasiya riski böyük, təbii anticismi olmayan ağır xəstələrdən gedir.

DST-nin tövsiyəsi sentyabrın 24-də Britaniya Tibb Dərgisində (BMJ) dərc olunub və Britaniyada aparılmış böyük araşdırmaya əsaslanır. Daha üç sınaq isə hələ ekspert dəyərləndirməsindən keçməyib.

Trampa bu dərmandan verildiyi deyilirdi

Araşdırmalara görə, “Regeneron” sintetik anticisim kokteyli peyvənd olunmayanların, yaşlıların və immuniteti zəif, eləcə də yetərli immun reaksiyası əldə edə bilməyən COVID-19 xəstələrinin hospitalizasiya riskini azaldır.

“Regeneron” indiyədək COVID-19-a qarşı DST-nin tövsiyə etdiyi üçüncü müalicədir. İyulda qurum immun sisteminin təhlükəli aşırı reaksiyasını azaldan bir qrup dərmana yaşıl işıq yandırıb. 2020-ci ilin sentyabrında isə COVID-19 xəstələri üçün kortikosteroiddən istifadəyə icazə verilib.

“Regeneron”la müalicənin marketinqi ilə İsveçrənin “Roche” farmaseptik şirkəti məşğuldur. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən il COVID-19-dan müalicə olunanda ona “Regeneron” anticism kokteyli verildiyi deyilirdi.

İyulda Yaponiya COVID-19-un yüngül-orta formasına tutulmuş pasiyentlərin anticism müalicəsini tam təsdiqləyən ölkə olub. Britaniya isə onu ötən ay təsdiqləyib.

Bəzi ölkələrdə təsdiqlənib

Bu müalicə üsulu Birləşmiş Ştatlar, Hindistan, İsveçrə və Kanada daxil bir sıra ölkə və regionlarda təcili, yaxud müvəqqəti istifadəyə təsdiqlənib.

DST “COVID-19-a qarşı dünya arsenalına daha bir müalicənin əlavə olunmasını alqışlayıb”, amma onun qiymətindən narahatlıq bildirib. Bu dərmanın dozasının 2 min dollardan baha olduğu deyilir.

UNITAID qlobal səhiyyə agentliyi qiymətin salınması və bütün regionlara, xüsusilə aşağı və aşağı-orta gəlirli ölkələrə bərabər paylanma üçün “Roche” ilə danışıqlar aparır, DST bəyanatında bildirib.

Fransanın “Medecins Sans Frontieres” (MSF) tibbi xeyriyyə qurumu BMT agentliyinin bəyanatına dəstək bildirib, pandemiya dövründə həyatı xilas edən dərmanlara əlçatan və davamlı çıxış tələb edib.

Vaksin bərabərsizliyi

Afrika liderləri isə Nyu Yorkda BMT-nin Baş Məclisində çıxışlarında COVID-19 vaksinlərinin paylanmasında bərabərsizliyə diqqət çəkib.

Cənubi Afrika Prezidenti Kiril Ramafoza vaksinlərin “bəşəriyyətin bu pandemiyanın səbəb olduğu viranəliyə qarşı ən böyük müdafiəsi” olduğunu deyib.

Ramafoza BMT üzvlərini Dünya Ticarət Təşkilatının müəyyən intellektual mülkiyyət hüquqlarını müvəqqəti dayandırmaqla bağlı təklifə dəstək istəyib. Məqsəd az və orta gəlirli ölkələrin COVID-19-a qarşı vaksin istehsal etməsinə şərait yaratmaqdır.

“Dünyada vaksin dozalarının 82 faizindən çoxunu zəngin ölkələrin əldə etməsi, 1 faizindən də azının azgəlirli ölkələrə getməsi bəşəriyyətə qarşı çıxarılmış hökmdür”, – o deyib.

Anqola Prezident Joao Lourenço deyib ki, bərabərsizlik bəzi ölkələrdə üçüncü dozaların vurulmasına imkan verir. Afrikada isə əhalinin böyük əksəriyyətinə heç birinci doza vurulmayıb.

ABŞ, Britaniya, Fransa, Almaniya və İsrail ya buster dozaları vurmağa başlayıblar, ya da bununla bağlı planlarını açıqlayıblar.

Cənubi Koreya

Cənubu Koreya rəsmiləri isə COVID-19 qadağalarına əməl olunmasında pozuntulara yol verilməsindən narahatlıq bildirib. İyuldan ölkədə sərt sosial məsafə qaydaları tətbiq olunub.

Sentyabrın 24-də pandemiya başlanandan ölkədə koronavirusa yoluxmalarda ən böyük gündəlik artım olduğunu bildirib. Bu arada əhali ilin ən böyük bayram tətilindən qayıdır.

2 min 400-dən çox gündəlik yoluxmanın 1750-nin Seul ərazisində aşkarlandığı bildirilir.

Seul metropolitan ərazisində axşam 6-dan sonra peyvənd olunmamış üçdən artıq adamın bir yerə yığışmasına icazə verilmir. Rəsmilərin sözlərinə görə, qadağalardan bezginlik və məyusluq ölkənin COVID-19-la mübarizəsində getdikcə daha böyük əngələ çevrilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG