Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 02:23

Dreskod hələ də uğur gətirirmi?


Pandemiya dövründə məsafədən iş
Pandemiya dövründə məsafədən iş

Əvvəllər yaxşı və səliqəli geyimin uğura təsiri fikri ilə hamı razılaşırdı. "İş kontekstində geyim nə qədər rəsmi olsa, o qədər yaxşıdır", – deyə düşünülürdü. Rəsmi idarələrdə hamı kostyum geyinirdi.

Əvvəllər yaxşı və səliqəli geyimin uğura təsiri fikri ilə hamı razılaşırdı. “İş kontekstində geyim nə qədər rəsmi olsa, o qədər yaxşıdır”, – deyə düşünülürdü. Rəsmi idarələrdə hamı kostyum geyinirdi.

Texnologiya sektorunun önə çıxması ilə bu stereotip qırılmağa başladı. Silikon vadisinin ən yüksək səviyyəli liderləri daim cins, hudi (kapüşonlu flis sviter) və qara tişört geyinir. Bu qeyri-rəsmilik trendi digər sektorlara da yayıldı.

2020-ci ildə bütün planetin məsafədən işləməyə başlaması iş dreskodunu kökündən dəyişdi. Pandemiya dövründə insanlar həmkarlarını yalnız çiyindən yuxarı görə bildikləri üçün üstdən yaxalıqlı köynək, altdansa ev şalvarı və çəkələk geyməkdə heç bir problem yox idi. Kameralar sönmüş olanda isə, ümumiyyətlə, iş gününü pijamada keçirmək də olardı.

“Yaxınlıq qərəzi”

Əməkdaşların ofislərə qayıtmağa başladığı, iş yerlərinin hibrid modelləri sınaqdan keçirdiyi indiki dövrdə isə bəzi şirkətlər yenidən rəsmi geyimə qayıtmağı tələb edir. Bəs, bu qədər fərqli dreskodların yarandığı indiki şəraitdə işə gedərkən necə geyinməli?

BBC yazır ki, uğuru hədəfləyərək geyinmək incə yanaşma tələb edir. Vəzifəsinə iddialı olduğunuz həmkarınızın necə geyindiyinə diqqət yetirmək yaxşı olardı.

Londonda fəaliyyət göstərən “CareerTree Coaching” şirkətindən karyera əminliyi təlimçisi Sara Arçer çalışdığınız quruma aid olduğunuzu göstərmək üçün həmkarlarınız kimi geyinməyin faydasını vurğulayır. “Yaxud, karyeranızda irəliləmək istəyirsinizsə, liderlərə yaraşdırdığınız kimi geyinə bilərsiniz”, – o deyir.

İnsanın özü ilə daha yüksək vəzifəli insanlar arasında oxşarlıqları görməsi də effektiv strategiya ola bilər. İnsanlar özlərinə oxşatdıqları adamlara müsbət yanaşırlar. Mütəxəssislər buna “yaxınlıq qərəzi” deyirlər. Araşdırmalar göstərir ki, müdirlər özlərinə oxşatdıqları adamları işə götürməyə daha meylli olurlar. Bura təqdimat bacarıqları da daxildir.

Yüksəkdə oturanlara aydın mesaj

Daha yüksək vəzifələrdə olan insanlarla eyni dalğaya köklənmək özünü qurumun bir parçası kimi hiss etməyə də kömək edir. Araşdırmalar göstərir ki, rəsmi geyim özünə əminliyi artırır və iş performansını yaxşılaşdırır.

Hər kəsin rəsmi geyindiyi əvvəlki vaxtlarda iş yerində sözsüz geyim dilini deşifrə etmək asan olurdu. Bu günsə, xüsusilə də geyim qaydalarının daha liberal olduğu iş yerlərində geyim dilini deşifrə etmək daha çətindir. Bunu edə bilmək sizin şirkətin mədəniyyətinə uyğunlaşmağınızın göstəricisi kimi görülə bilər.

“Bu, insanın detallara diqqətli olduğunu, öhdəlik və davamlılığa önəm verdiyini göstərir. Bu sizin öz şəxsi brendinizə və mövcud məkanlarda necə görünməyinizə hakim olmağa çalışdığınızı göstərir. Bu həm də daha yüksəkdə oturanlara aydın mesaj ötürür”, – “Jumpstart:HR” şirkətinin təsisçisi, “While We Were Working” podkastının aparıcısı Baltimorda fəaliyyət göstərən Coi Prays deyir.

Balansı əks istiqamətdə pozub həddindən artıq rəsmi geyinməksə neqativ mesaj ötürə, reputasiyanıza ziyan vura bilər. “Siz sudan çıxarılmış balığa oxşaya bilərsiniz. [Bu] həm də sizin [şirkətin] mədəniyyətini anlaya bilmədiyinizi, yaxşı diqqət yetirmədiyinizi və heç də bu mühitə uyğun olmadığınızı göstərə bilər”, – Arçer deyir.

“Fərqlənməyin yolunu tapmalısınız”

Dreskod dilində gender və irq də rol oynaya, ətəyin uzunluğu qadın menecerin nə dərəcədə səriştəli və iddialı olduğunu göstərə bilər.

Düşünə bilərsiniz ki, məsafədən və onlayn rejimdə işləmək iş dreskodunu tamamilə aradan qaldırıb. Ancaq vəzifəsinin yüksəldilməsini istəyənlər həmkarlarını görmək üçün mövcud məhdud imkanlar şəraitində də yaxşı təəssürat yaratmağa çalışmalıdırlar.

Arçer deyir ki, bu dreskodun aradan qalxması fikri tamamilə yanlışdır:

“Əgər insanların nəyi görə bildiyinə diqqət yetirmirsinizsə, yadda qalmaq imkanını əldən buraxırsınız. Çünki qurumun içində görünməyiniz üçün daha yaxşı çalışmalısınız. Fərqlənməyin yolunu tapmalısınız. Xüsusilə də ekrandakı balaca qutunun içindəsinizsə”.

Diqqət cəlb edən geyim, yaxud aksessuar bu işdə sizə kömək edə bilər. Ancaq balansı gözləmək qaydası burada da vacibliyini qoruyub saxlayır.

XS
SM
MD
LG