Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

ABŞ Mehman Əliyevə qarşı ittihamların ləğvinə çağırır


ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert

Birləşmiş Ştatlar Turan müstəqil xəbər agentliyinin direktoru Mehman Əliyevin məhkəməyə qədər həbsdən azad edilməsini alqışlayıb, lakin rəsmi Bakını ona qarşı bütün ittihamların ləğvinə çağırıb.

ABŞ Dövlət Departamentinin sentyabrın 13-də verilmiş bəyanatında deyilir ki, “biz hökuməti qalan ittihamları ləğv etməyə və Turan agentliyinin öz mühüm işini icra etməsinə imkan verməyə çağırırıq”.

Bəyanatda bu da qeyd olunur ki, “hökumət bu müsbət addımdan başlayaraq Azərbaycanda ifadə azadlığının və başqa insan haqlarının möhkəmləndirilməsi üçün hərəkətə keçməlidir”.

Azərbaycan hakimiyyəti Mehman Əliyevi vergidən yayınmada və səlahiyyətlərindən sui-istifadədə ittiham edir. Əliyev bu ittihamları rədd edir.

Hökumət həm də təhqiqatın davam etdiyi müddətdə Turan xəbər agentliyinin bank hesablarını dondurub.

Mehman Əliyev məhkəməyə qədər ev məhbusu kimi qalmaq şərtilə həbsdə saxlanmadan azad edilib. Məhkəmənin vaxtı hələlik təyin edilməyib.

Turan agentliyinin direktoru deyib ki, “mən bu qərara müsbət baxıram və şadam ki, səhv düzəldilib”.

Turan 1990-cı ildə təsis edilib və o vaxtdan bəri Azərbaycan, ingilis və rus dillərində xəbərlər dərc edir. Agentlik habelə beynəlxalq xəbər qurumları ilə işgüzar münasibətlərə malikdir.

Bir çox media azadlığı qrupları və xarici hökumətlər Əliyev və Turana qarşı hərəkətləri pisləmiş, ittihamların siyasi motivlu olduğunu bildirmişdi. Bu da qeyd ounurdu ki, Mehman Əliyevin həbsi Azərbaycanda hökuməti tənqid edən səslərin susdurulması kampaniyasının bir hissəsidir.

ABŞ Dövlət Departamentinin bəynatında deyilir ki, Birləşmiş Ştatları Azərbaycan hökumətini təməl haqlarından istifadəyə görə məhbus edilmiş bütün şəxaslərin azad olunmasına çağırıb.

Parisdə mənzillənmiş Sərhədsiz Müxbirlər qrupu bildirir ki, son illərdə bir çox jurnalist mətbuat üzərinə hücumlardan xilas olmaq üçün Azərbaycandan qaçmalı olub.

Qrup bildirib ki, Bakı “vergidən yayınma ittihamlarından Turanı qısnamaq üçün istifadə edir”.

Azərbaycan 2017-ci ilin Dünya Mətbuat Azadlığı İndeksindıə 180 ölkə arasında 162-ci yeri tutur.

XS
SM
MD
LG