Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:59

Dövlət vətəndaşı səhvən cəzalandırıb. Niyə üzr istəmir?


Xəyanətdə ittiham olunanların ailələri yeni detallar açıqlayır
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Xəyanətdə ittiham olunanların ailələri yeni detallar açıqlayır

Keçən ilin mayında, Tərtərdə vətənə xəyanətdə ittiham olunanlardan biri - Səxavət Binnətov həbs olunandan sonra evə meyiti göndərilmişdi, xanımı Xavər Haqverdiyeva AzadlıqRadiosuna deyir ki, bu günlərdə Baş prokurorluqda ona deyiblər ki, ərinin təqsiri sübut olunmayıb və o günahsız imiş.

Xavər Haqverdiyeva deyir ki, ona hələ də qaranlıq qalıb ki, 34 yaşlı əri necə və hansı şəraitdə öldürülüb. O bildirir ki, ona gələn ölüm kağızında deyilirdi ki, ərinə, qarın boşluğunun, qara ciyərin, dalağın dağılması, ürəyin oksigen çatışmazlığı kimi beş diaqnoz qoyulub. Haqverdiyevaya ərininxəsarət nəticəsində keçindiyi deyilib:

“Mənim yoldaşıma nə Quran oxutmadılar, nə namaza durmadılar, hələ də uşaqlarımı inandıra bilmirəm ki, ataları ölüb. Belə haqsızlıq, belə ədalətsizlik harda olar? Öldürmüşdülər, gətirib verərdilər özümüzə, döymüşdülər, mənim yoldaşımın yiyələrini çağırardılar ki, bəlkə can verəndə bir vəsiyyət edəcək? İndi də heç cür imkanım yoxdur, qızım iki ay məktəbə getmədi. Uşaqlar dedilər ki, atam xain deyilsə, niyə qəbristanlıqdan kənarda basdırıblar? Sonra direktor iclas elədi, uşağım məktəbə getdi. Sonra gedirəm bazara, dükana hamı dalımca pıçıldaşır. Biri inanır, biri inanmır, nə qədər hökumət mənə desə də ki, yoldaşın günahsızdır, bunu kimə sübut edə bilərəm?”

Xavər Haqverdiyeva deyir ki, o, ərinin bəraəti barədə sənədi tələb edir.

O bildirir ki, işləmir, iki qızı ilə kirayələrdə yaşayır, əgər dövlət belə bir səhv edibsə, onda heç olmasa, ona yardım etsin ki, uşaqlarına baxa bilsin.

Sosial şəbəkələrdə eyni işlə bağlı həbs olunub, az sonra evə meyiti göndərilmiş daha bir hərbçi- Süleyman Kazımov barədə sənəd yayılıb. Hərbi Prokurorluğa aid kimi görünən sənəddə, hərbçinin cinayətinin sübut olunmadığı, lakin ona bəraət verilmədiyi bildirilir.

Azadlıq Radiosu, bu barədə Baş prokurorluğun münasibətini öyrənmək üçün, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova suallar ünvanlasa da, günün sonuna qədər cavab ala bilmədi.

Keçən ilin mayında, rəsmi məlumatda deyilirdi ki, adları açıqlanmayan hərbçilər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər. Hüquq müdafiəçiləri deyirlər ki, daha sonra bu işin necə davam etməsi, əslində nə baş verməsi barədə məlumat ala bilmədilər.

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, rəhbərlik etdiyi Sülh və Demokratiya İnstititunun araşdırmasına görə, həbs olunmuş həmin hərbçilərdən 7-i işgəncə nəticəsində öldürülüb:

“Cavan oğlanları götürüblər, iki həftədən sonra meyitləri gəlib. Dayandur Əzizlinin atası meyiti açıb və görüb ki, oğlunu nə vəziyyətə salıblar. Polkovnik Saleh Qafarov isə cavan kişi idi. Sonra Hərbi Prokurorluq onun yoldaşına kağız göndərdi ki, sizin yoldaşınız işgəncə nəticəsində ölüb, ona iki nəfər praporşik işgəncə verib. Necə olur ki, polkovnikə prarorşik işgəncə verə bilir?”

Leyla Yunus deyir: İndi durum elədir ki, dövlət istədiyi adamı istədiyi kimi cəzalandırır.

Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan şəxslər həbs olunanda, hüquq mühafizə orqanları bu hadisə ilə bağlı iki nəfəri də öldürmələri barədə məlumat yaydı.

Vəkil Aslan İsmayılov deyir ki, əslində, hüquq-mühafizə orqanları bu şəxslərdən lazım olan məlumatları almaq üçün, onları diri tutmaqda maraqlı olmalı idi. Onun sözlərinə görə, bu şəxslərin öldürülməsi, sui-qəsd cəhdində ittiham olunan Yunis Səfərovun işgəncə verilmiş fotolarının yayılması dövlət idarələrinə nəzarətin itməsinə işarədir:

“Bu sistemin çökməsi idarəçiliyin itirilməsinin bariz nümunəsidir. Ona görə ki, sistem nə deyir? Cəza törədibsənsə, ən azı araşdırılıb, qanuni və ya qanunsuz cəza verilməlidir. Burda araşdırma aparılmadan, hadisənin mahiyyəti bilinmədən, insanı ölənə qədər döyürlər. Bu bir cinayət, sonra isə bu şəkli internetə qoyub yayırlar…”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov iyulun 5-də, APA-ya deyib ki, Yunis Səfərova işgəncə verilməyib:

“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Azərbaycanda hüquq-mühafizə orqanları qanunsuz cəzalar verirlərmi? Milli Məclisin İnsan Haqları Komitəsinin hakim Yeni Azərbaycan Partiyasından deputatı Hikmət Məmmədov deyir ki, sadalanan arqumentlər və yanaşmalar qərəzlidir və odur ki, müsahibə vermək istəmir.

Azadlıq Radiosu bu mövzuda Bakı sakinləri arasında sorğu aparıb:

Həbsxanalarda işgəncənin olmasına inanırsızmı?
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Azərbaycan hökuməti bu günlərdə, Avropa Şurası İşgəncələr Əleyhinə Komitəyə icazə verib ki, saxlanma yerlərindəki vəziyyətlə bağlı 2014-cü ildən bəri hazırladığı hesabatları açıqlasın.

Komitədən AzadlıqRadiosuna bildiriblər ki, bundan sonra hökumətlə daha yaxşı əməkdaşlığa və durumun daha da yaxşılaşmasına ümid edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG