Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:16

Gözəllik Dostoyevski dünyasını xilas edəcəkmi


F.Dostoyevski Muzeyinin yeni korpusunun eskizi
F.Dostoyevski Muzeyinin yeni korpusunun eskizi

«Gözəllik dünyanı xilas edəcək». Bu cümlə XIX əsrin tanınmış rus yazıçısı Fyodor Dostoyevskinin ən çox təkrarlanan sitatlarından biridir. İndi iş elə gətirib ki, onun «Rusiyanın şimal paytaxtı» adlandırılan Sankt-Peterburqdakı muzeyi bu arqumenti sınağa çəkən ziddiyyətin mərkəzində yer alıb.

Yeni bitişik tikili

Muzey tamamilə modern üslubda yeni korpus tikəcəyini elan edib. Yeni binanı tikməkdə məqsəd Peterburqun ən populyar turist məkanlarından biri olan muzeyi müasir dövrə uyğunlaşdırmaqdır.

«Bizim üçün bu yeni bina əla qərardır. Bu bir fürsətdir, gələcəyə təkandır», - muzeyin direktoru Natalya Aşimbayeva AzadlıqRadiosunun rus xidmətinə deyib.

2021-ci ildə Dostoyevskinin 200 illiyi qeyd olunacaq. Muzey bu münasibətlə köhnə binaya bitişik 1600 kvadratmetrlik yeni bir korpus tikməyi planlaşdırır. Layihənin dəyəri 9.8 milyon dollardır.

Muzeyin hazırkı binası XIX əsrə aiddır. Dostoyevskinin özü bu binada iki dəfə yaşayıb: birinci dəfə 1846-cı ildə, «Oxşar» (Двойник”) adlı psixoloji novellasını yazanda və 1978-1881-ci illərdə, «Karamazov qardaşları»nı yazdığı zaman.

Çox az yazıçı hər hansı şəhərə Dostoyevski Peterburqa bağlı olduğu qədər sıx bağlı olur. Çarlz Dikkens və London, Ceyms Coys və Dublin belə nümunələrdəndir. Buludlu şimal paytaxtının özü onun bir çox romanlarında, xüsusilə də «Cinayət və cəza»da ayrıca surətdir. Bunun özü şəhəri Dostoyevski-sevərlər üçün maraqlı turizm məkanına çevirir.

«Radikal memarlıq dizaynı»

Ancaq muzeyin bu yeni bina ilə bağlı layihəsinə qarşı çıxanlar da az deyil. Onlar düşünürlər ki, müasir boz qutu Peterburqun dostoyevskisayağı şarmının qalıqlarını yox edəcək.

Muzeyin hazırkı binası XIX əsrə aiddır. Dostoyevskinin özü bu binada iki dəfə yaşayıb
Muzeyin hazırkı binası XIX əsrə aiddır. Dostoyevskinin özü bu binada iki dəfə yaşayıb

«Onlar ən radikal memarlıq dizaynını seçiblər. Tamamilə modernist fasad təkcə Dostoyevskinin Peterburquna deyil, heç digər tarixi məkanların da hər hansı birinə uyğun gəlmir. Əlbəttə, bizim cəmiyyət hesab edir ki, bu layihə qətiyyən uyğun deyil», – Ümumrusiya Tarix və Mədəniyyətin Qorunması Cəmiyyətinin yerli şöbəsinin rəhbəri Aleksandr Kononov deyir.

Kononov deyir ki, ən yaxşı qərar qorunub saxlanmış foto və şəkillərin köməyi ilə XIX əsrə aid binanın fasadını bərpa etmək olardı. Əvvəllər indiki binanın yerində olan orijinal bina 1970-ci illərdə kommunist hökuməti tərəfindən sökülüb.

Layihənin müəllifi, tanınmış memar və «Gerasimov and Partners» şirkətinin rəhbəri Yevgeni Gerasimov deyir ki, muzeyin 50 il öncə tikilmiş binası müasir tələblərə cavab vermir. Onun sözlərinə görə, muzeyin yaxşı təchiz olunmuş müasir məkana ehtiyacı var.

«Ümid edirəm, bu bina ətrafının yaratdığı təəssüratı korlamayacaq. Onun gözəl olub-olmaması isə tikiləndən sonra müzakirə oluna bilər. Zaman ən yaxşı hakimdir», – deyə o əlavə edib.

«Canlı sədd də qurarıq»

Layihəni dəstəkləmək üçün hətta «Dostoyevskinin Peterburqu» adlı xeyriyyə cəmiyyəti də yaradılıb. Qurumun yaradıcıları isə muzeyin direktoru Aşimbayeva, Gerasimov və 43 yaşlı keçmiş KQB əməkdaşı Andrey Yakunindir. Yakunin prezident Vladimir Putin və «Rusiya Dəmir Yolları»nın keçmiş rəhbəri Vladimir Yakuninin yaxın adamıdır. Eyni zamanda, həm Rusiya, həm də Britaniya vətəndaşı olan və Londonda yaşayan A.Yakunin öz səhifəsində özünü «filantrop» adlandırır.

Beş il öncə şəhərin əfsanəvi Mariinski Teatrının şəhərin başqa tərəfinə doğru genişləndirilməsi ətrafında da mübahisə qızışmışdı. O zaman yerli fəallar müasir üslubda tikilən binanın qarşısını ala bilmədilər. Binanın tikilməsi üçün ən böyük basqını isə teatrın bədii rəhbəri, Kremlə yaxınlığı ilə tanınan Valeri Gergiyev göstərirdi. Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski bu binanı «memarlıq səhvi» adlandırıb.

Şəhər planlama komissiyası Gerasimovun layihəsinə ilkin xeyir-dua versə də, layihəyə tam yaşıl işıq yanmayıb. Fəallar bu layihəyə dirəniş göstərəcəklərini deyirlər. Artıq birnəfərlik piketlər keçirilir və şəhər şurasının müxalif deputatları ilə danışıqlar aparılır.

«Lazım gələrsə, biz tikintinin qarşısını almaq üçün canlı sədd də qurarıq», – ictimai fəal Yaroslav Kostrov deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG