Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 04:25

'Trump prezidentliyə yaramır'


Khizr Khan
Khizr Khan

İraqda həyatını itirən amerikalı əsgər Humayun Khan-ın valideynləri ilə qarşıdurması sürən Donald Trump mənsub olduğu partiyanın rəhbərlərinin qınağına tuş gəlib.

Ölən əsgərin ata-anası - Khizr və Ghazala Khan Trump-ı sərt tənqid edərək deyiblər ki, temperamentli və empatiya duyğusundan («empatiya» deyərkən, özünü başqasının yerinə qoyub, onu anlamağa çalışmaq nəzərdə tutulur – red.) məhrum Trump prezidentliyə yaramır.

«TRUMP-DAN İMTİNA EDİN»

Khizr Khan Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan spikeri Paul D.Ryan və partiyanın Senatdakı çoxluğunun lideri Mitch McConnell-i Trump-dan imtina etməyə də çağırıb. O deyib ki, partiyalarının vahid namizədinə qarşı fikir bildirmək onların əxlaqi borcudur.

Həm Ryan, həm də McConnell ayrı-ayrılıqda bəyanat verərək Khan ailəsinə dəstəklərini bildiriblər. Sözügedən spiker və senator Trump-ın adını çəkmədən və partiyadan vahid namizədliyini dəstəkləməkdən boyun qaçırmadan, onun müsəlmanlara qadağa təklifini heç bəyənmədiklərini yenə diqqətə yetiriblər.

Khan-larla mübarizənin Trump-a ziyan vurub-vurmayacağı hələ bilinmir. Trump-ın daha çəkişməli atmacaları, tutalım, əlilliyi olan Meksikaəsilli amerikalı hakimə hücumu tezcə unudulub.

Müşahidəçilər bu qarşıdurmanın hətta Trump-ın işinə yarayacağını da mümkün sayırlar.

«NİFRƏTƏ SƏS VERMƏYİN!»

Ötən gün – iyulun 31-də Khizr Khan deyib ki, Trump onun xanımına sayqısızlıq göstərib. Söhbət ondan gedir ki, Trump Khan ailəsinin müsəlmanlığına eyham vuraraq, partiya qurultayında Ghazala-nın danışmağa ixtiyarı olmadığını söyləmişdi. Khizir Khan Respublikaçılar Partiyası liderlərini Trump-ın namizədliyini dəstəkləməməyə çağırıb:

«Noyabrda, böyük ehtimalla, Donald Trump-a səs verəcək vətənpərvər amerikalılara üzümü tutub yalvarıram: Nifrətə səs verməyin! Xof yayana səs verməyin!». O, NBC telekanalına belə deyib.

Ghazala Khan-sa «The Washington Post» qəzetində dərc etdirdiyi köşə yazısında Trump-a cavab verərək deyib ki, halı çox pərişan olduğundan, qurultayda danışa bilməyib və səhnəyə çıxanda öz hisslərini güclə cilovlayıb:

«Donald Trump-a cavabım budur: Ağzımı açmadan, bütün dünya, bütün Amerika ağrımı hiss etdi. Mən «Qızıl Ulduz anası»yam (döyüşlərdə həyatını itirən əsgər valideynlərinə belə deyilir - red.). Məni görənlər ürəklərində dərdimi duydular».

Donald Trump ABŞ prezidentliyinə namizəd oldu

Donald Trump ABŞ prezidentliyinə namizəd oldu
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

«DAHA BÖYÜK MƏSƏLƏLƏR»

Trump və onun seçki komandası isə diqqəti İraq müharibəsinin səbəblərinə və İslam terrorizmi qorxusuna yönəltməyə çalışıblar.

Trump əvvəlcə Twitter-də belə yazıb: «12 il əvvəl həlak olan kapitan Khan qəhrəman idi. Ancaq söhbət RADİKAL İSLAM TERRORUNDAN və «rəhbərlərimizin» gücünün onu məhv etməyə çatmamasından – zəifliyindən gedir!».

CNN kanalının «terrorçuluğun Khan ailəsinə nə aidiyyəti var» sualına cavab olaraq, Trump-ın sözçüsü Jason Miller deyib ki, seçki kampaniyasında «daha böyük məsələ»lərə toxunmağa çalışırlar.

İndiana ştatının öz oğlu da dəniz piyadaları sırasında xidmət edən qubernatoru – Trump-ın vitse-prezidentliyə namizədi Mike Pence isə kapitan Humayun Khan-ın terrorla müharibədə öz ölkəsini qoruyarkən həlak olduğunu söyləyib. O, Clinton-u və Khan həlak olarkən İllinoys ştatından senator seçilən indiki prezident Obama-nı «İslam Dövləti» qruplaşmasının Yaxın Şərqi «istilasına» imkan verməkdə günahlandırıb. Pence deyib ki, bəlli ölkələrdən gələn mühacirlərin qarşısının alınmasına dair Trump-ın planına bənzər təkliflər hərbçi ölümlərini azaltmağa kömək edəcək:

«Donald Trump da, mən də inanırıq ki, kapitan Humayun Khan Amerika qəhrəmanıdır və onun ailəsini, bütün Qızıl Ulduz ailələri kimi, hər bir amerikalı sevməlidir».

Çin fabriki Trump-ın maskasından xeyli qabağa duşəcək

Çin fabriki Trumpın maskasından xeyli qabağa duşəcək
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

FƏDAKARLIQ NƏ DEMƏKDİR?

Bazar günü – iyulun 31-də Trump-ı dəstəkləyənlər, o cümlədən uzun zamandan bəri onun müşaviri olan Roger Stone bir antiislam saytında Khizir Khan-ı ittiham ediblər. Stone Twitter-də paylaşdığı bir linkdə Khan-ı Müsəlman Qardaşlığının agenti olmaqda və şəriət qanununu tətbiq etmək istəməkdə suçlayıb.

Khizir və Ghazala Khan-lar elə həmin gün (iyulun 31-də) terrorizmi sərt tənqidə tutublar. Ghazala Khan deyib ki, müsəlmanları anlamaq məsələsinə gələndə, Trump bisavaddır: «O, gerçək İslamı və Quranı öyrənsəydi, terrorçulardan qaynaqlanan bütün fikirlərini dəyişərdi, axı terrorizm başqa bir dindir».

Ghazala Khan bunu da yazıb ki, «Trump «fədakarlıq» sözünün nə demək olduğunu bilmir».

Daha öncə partiya qurultayında Khizir Khan demişdi ki, Trump həyatında heç nəyi qurban verməyib. Trump-sa cavabında bildirmişdi ki, bir işadamı kimi çox çalışması və on minlərlə insana iş verməsi fədakarlıqdır.

«BÖYÜK NƏZAKƏTSİZLİK»

Florida ştatının keçmiş qubernatoru, eks-prezident George W.Bush-un qardaşı, Respublikaçılar Partiyasının praymerizində Trump-a uduzan Jeb Bush Trump-ı tənqid edərək deyib ki, onun Ghazala Khan-ın ərinin yanında danışmağa ixtiyarı olmadığını dilə gətirməsi «ölkəmizə ən böyük qurbanı vermiş bir ailəyə qarşı inanılmaz dərəcədə böyük nəzakətsizlikdir».

Cənubi Karolina ştatından senator seçilən respublikaçı Lindsey O.Graham-sa belə deyib: «Sən azad dünyanın lideri olacaqsansa, tənqidlə barışmağı bacarmalısan. Cənab Trump bunu bacarmır».

Trump-ı tənqid edən respublikaçılar arasında Ohayo ştatını təmsil edən senator Rob Portman-ın sözçüsü də var.

TRUMP KRIMIN İŞĞALINDAN XƏBƏRSİZDİR?

Trump əvvəllər də ABŞ Silahlı Qüvvələri haqqında haçalı fikirlər səsləndirib. O, debatda hərbi xərclərlə bağlı sualı cavablarkən, ölkə ordusunu «fəlakət» adlandırıb və üstəlik bunu da deyib ki, respublikaçı senator, keçmiş hərbi əsir John McCain qəhrəman deyil, çünki tutulub. Trump istefada olan dəniz piyadaları generalı John Allen-i «İslam dövləti» qruplaşmasını məğlub edə bilmədiyinə görə tənqid atəşinə tutub.

Bazar günü – iyulun 31-də 2014-cü ildə Rusiyanın Krımı işğal edərək özünə birləşdirməsindən və Ukraynayla davranışlarından Trump-ın xəbərsiz olduğu ortaya çıxıb. Respublikaçıların prezidentliyə vahid namizədi buna görə də tənqid edilib.

XS
SM
MD
LG