Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:45

Trump-ın reytinqi düşür, ABŞ-ın nüfuzunu da sarsıdır


Donald Trump

Prezident Donald Trump dövründə Birləşmiş Ştatların bir çox ölkələrdə imici pisləşib. Çoxluq onun idarəçilik bacarığına inamının azlığını ifadə edib. Bunu «Pew» araşdırma mərkəzi üzə çıxarıb.

Sorğu Trump-ın prezidentliyinin beş ayı tamamlanandan sonra, iyunun 27-də açıqlanıb. 37 ölkədə keçirilmiş sorğu göstərir ki, Birləşmiş Ştatların dünyadakı reytinqi 64 faizdən 49 faizə düşüb. 64 faiz Barack Obama-nın 8 illik prezidentlik dövrünün sonunda qeydə alınmışdı.

Ən böyük düşüşlər Amerikanın ən yaxın müttəfiqləri və qonşularında – Meksika və Kanadada, eləcə də Almaniya və İspaniyada qeydə alınıb.

ŞƏXSİ İNAMSIZLIQ DƏRİNDİR

Ancaq iki ölkədə Trump-a sələfi Obama-dan daha yüksək reytinq verilib: Rusiya və İsraildə onun reytinqi 53 və 56 faizdir.

Trump-a şəxsi inamsızlıq daha dərindir. Cəmi 22 faiz onun dünya işlərində düzgün olanı edəcəyinə inandığını deyib. Obama-ya inananlar isə 64 faiz idi.

Rəyi soruşulanların 74 faizə respublikaçı prezidentə inanmadıqlarını söyləyiblər. Onlar Trump-ın immiqrasiyanı önləmək, ticarət, iqlim dəyişikliyi ilə bağlı siyasətini də dəstəkləmədiklərini dilə gətiriblər.

Sorğuya qatılan meksikalıların cəmi 5 faizi Trump-a inandığını deyib. Bu, əsasən, ABŞ prezidentinin Meksikayla sərhəddə hasar ucaltmaq niyyətiylə izah olunur. Meksikalıların 94 faizi həmin plana qarşı olduqlarını deyiblər. Bu mənfi münasibət təkcə Meksikada qeydə alınmayıb. Sorğu keçirilən 37 ölkədə 76 faiz həmin planı dəstəkləmədiyini dilə gətirib.

SİYASİ TƏKLİFLƏRİNƏ MÜXALİFƏT GÜCLÜDÜR

«Newsweek» dərgisi yazır ki, sorğuya salınmış, Trump-ın əsas siyasi təkliflərinə ortalama müxalif mövqenin üstün olduğu üzə çıxıb. Həmin təkliflər sırasında İranla nüvə sazişindən çıxmaq, Trump-ın altı müsəlman ölkəsindən gələnlərə səyahət qadağası, beynəlxalq iqlim sazişlərini tərk etmək daxildir.

Bu sorğu ABŞ Paris iqlim sazişindən çıxandan öncə keçirilib. Yəni bu, Trump-ın mövqeyinin bir az da zəifləməsi anlamına gəlir. Onun iqlim sazişiylə bağlı qərarı beynəlxalq səviyyədə pislənib.

Trump-dan ötrü yeganə yaxşı xəbər odur ki, ortalama 55 faiz onun güclü lider olduğunu söyləyib.

ABŞ prezidentinin özəlliklə də Qərbi Avropadakı reytinqi George W.Bush-un prezidentliyi dövründəkinə bənzəyir. O zaman Birləşmiş Ştatların beynəlxalq nüfuzu xeyli zəifləmişdi.

Rusiya prezidenti Vladimir Putin-ə və Çin prezidenti Xi Jinping-ə inam reytinqi Trump-ınkından daha yüksəkdir. Onlara inam uyğun olaraq 27 və 28 faizdir.

Almaniya kansleri Angela Merkel-ə inam 42 faizdir, 31 faiz ona inanmadığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG