Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Prezident Trump Konqresdə ‘Ölkənin vəziyyəti’ haqda çıxış edib


Fevralın 6-da Konqresdə ABŞ prezidenti Donald Trump növbəti ənənəvi “Ölkənin Vəziyyəti” adlı məruzəsini edib.

Donald Trump çıxışının əvvəlində deyib ki, “biz Amerikanı iki partiya kimi yox, bir ölkə kimi idarə etməliyik”.

O bildirib: “Bizim gündəliyimiz respublikaçı və ya demokrat güngəliyi deyil, Amerika xalqının gündəliyi olmalıdır”.

Bundan sonra prezident son iki ildə qeyd edilən iki əlamətdar ildönümünü xatırladıb.

O deyib ki, bunlardan biri ABŞ-ın və müttəfiqlərinin II Dünya Müharibəsindəki qələbəsinin ötən iyunda qeyd olunmuş 75 illiyidir.

Donald Trump ötən illərdə “Birləşmiş Ştatların böyük nailiyyətlərindən” söz açıb.

O bildirib ki, Aya ikinci qədəm qoymuş şəxs - Buzz Aldrin zaldadır.

Trump yada salıb ki, bu il Apollo 11 gəmisinin Aya enməsinin 50-ci ildönümü tamam olur.

Trump daha sonra administrasiyasının iki il ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb və bildirib ki, bu administrasiya onilliklər ərzində əldə olunmayanları əldə edə bilib.

Trump deyib ki, “biz bu gün qisas, inadkarlıq və intiqam siaysətindən imtina etməli, əməkdaşlığın, kompromisin və ümumun xeyri prinsipinin sonsuz faydalarına qovuşmalıyıq”.

O bildirib ki, “biz birlikdə oniliklərdir davam edən siyasi durğunluğa son qoya bilərk. Biz köhnə ixtilafların üstündən körpü sala, köhnə yaralara məlhəm qoya, yeni koalisiyalar qura, yeni həll yolları tapa və Amerikanın gələcəyi üçün verilmiş fövqəladə vədin düyününü aça bilərik”.

Prezident bildirib ki, bu gün böyüklük və düyün, nəticə və inadkarlıq, gələcəyə baxış və qisas, heyrətamiz tərərqqi və mənasız dağıntı arasında seçim edilməlidir:

“Mən bu gün sizi böyüklüyü seçməyə çağırıram”.

BİRLİYƏ ÇAĞIRIŞ

Donald Trump deyib ki, onun administarsiyasının 20 ayı ərzində “Amerika dünyanın qibtə obyektinə” çevrilib.

Trump Obamacare adlandırılan səhiyyə sığorta sisteminin dayandırılmasından məmnunluq ifadə edib.

Bundan sonra Trump ABŞ-ı inkişafdan qoya biləcək amillərdən danışıb. O bildirib ki, bunlardan biri mənasız müharibələr, digəri isə axmaq və “partiyalı” təhqiqatlardır.

Trump bunun ardınca birliyə çağırıb: “Biz ölkə daxilində bir olsaq, düşmənlərimiz bizi xaricdə məğlub edə bilməz”.

Prezident bəyan edib ki, Konqresdəki hər iki partiya əməkdaşlıq şəraitində işləyə bilər və bu, bir çox gərəkli qanunların qəbulu ilə sübut olunub.

"QANUNİ GƏLSİNLƏR"

Trump habelə həbsxana və məhkumluq məsələsinə də toxunub. O deyib ki, “Amerika islaholunmaya inanan ölkədir”. Prezident bunun ardınca vaxtilə məhkum olsa da, sonradan cəmiyyətə qayıda bilən adamlardan misallar çəkib.

Donald Trump çıxışının böyük bir hissəsini ölkəyə qanunsuz mühacirətə həsr edib.

Trump Demokratik Partiyanın “Mühacirət və Gömrük Qüvvəsini ləğv etməyə çağıran solçu qanadını” tənqid edib.

Prezident “ölkənin cənub sərhədlərinə doğru irəliləyən miqrant karvanlarının” təhlükəsindən söz açıb:

“Bu gecə mən sizi həmvətənlərimizə və ölkəmizə sevgi və bağlılıq naminə bizim çox təhlükəli cənub sərhədlərimizi müdafiə etməyə çağırıram”.

O xatırladıb ki, hökumətin maliyyələşdirilməsi haqqında qanunun qəbulu üçün Konqresin 10 gün vaxtı qalır.

Trump bildirib ki, o, ölkəyə çox sayda adamların gəlməsini, lakin qanuni şəkildə gəlməsini istəyir.

O deyib ki, qanunsuz miqrasiyaya dözümlülük rəğbət yox, əslində qəddarlıq sayılmalıdır.

"DİVAR TİKİLMƏLİDİR"

Prezident çıxışında maaşların aşağı olmasını, cinayətkarlığın artmasını, məktəb və xəstəxanalarda yer çatışmazlığını da qanunsuz mühacirətlə əlaqələndirib.

O iddia edib ki, “mühacirlərin şimala gedən uzun yollarında hər üç qadından biri zorlanmaya məruz qalır”, qaçaqmalçılar uşaqlardan sərhədləri pozaraq ölkəyə gəlmək üçün vasitə kimi istifadə edirlər.

Trump bunu da bildirib ki, buraxılış-keçid məntəqələri arasında açıq sərhəd sektorlarının olması insan və seks qaçaqmalçılaırnın fəaliyyəti, “müasir quldarlıq” üçün imkanlar yaradır.

Prezident çıxışının bu yerində daha bir misal çəkib. O deyib ki, Elvin ailəsi ilə birlikdə Dominikan Respublikasından ABŞ-a mühacirət edib. O hələ 8 yaşı olanda atasına xüsusi agent olmaq istədiyini demişdi və bu gün Elvin beynəlxalq seks qaçaqmalçılığının araşdırılmasına rəhbərlik edən xəfiyyələrdən biridir.

Trump bir daha sərhəd divarının tikilməsinin zəruruiliyi məsələsindən söz açıb: “Keçmişdə adamların çoxu sərhəd divariına səs verib və əməlli-başlı bir divar heç vaxt tikilməyib. Bu divar tikilməlidir”.

Prezident Amerikanı daha təhlükəsiz ölkəyə çevirmək üçün kompromisə gedib razılaşma əldə etməyə çağırıb.

"İQTİSADİ MÖCÜZƏ"

Trump deyib ki, bu il Amerika astronavtları kosmosa Amerika raketləri ilə qalxacaqlar.

Donald Trump öz administrasiyasının iqtidasdi uğurlarından söz açıb, iqtisadiyyatın “görünməmiş sürətlə inikişaf etdiyini” vurğulayıb.

O deyib ki, onun administrasiyası dövründə 5, 3 milyon yeni iş yerləri yaradılıb və bunlardan 600 mini bilavasitə istehsalla bağlı iş yerlərdirir.

Trump bildirib ki, maaşlar son onuilliklər ərzində ən yüksək sürətlə artır. O vurğulayıb ki, 5 milyon amerikalı ərzaq kartlarından xilas olub.

Prezident deyib ki, iqtisadiyyat o Ağ Evə gələndən bəri ötən illərlə müqayisədə ikiqat sürətlə inkişaf edib. O habelə bildirib ki, Afrikalı-amerikalılar, ispandilli amerikalılar və Asiyalı amerikalılar arasında işsizlik rekord həddə enib.

Trump çıxışında özünün vergi ixtisarı siyasətindən də danışıb.

Prezident vurğulayıb ki, indi Birləşmiş Ştatlar dünyada bir nömrəli neft və qaz hasilatçısıdır. Ölkə son 65 ildə ilk dəfə olaraq enerji ixracatçısına çevrilib.

Trump bidlirib ki, təkcə ötən ay 304 min yeni iş yeri açılıb. O son aylarda Amerikanın iqtisadi nailiyyətlərini “möcüzə” adlandırıb.

AMERİKA HEÇ VAXT SOSİALİST ÖLKƏ OLMAYACAQ

Daha sonra Donald Trump Birləşmiş Ştatların siyasi dəyərlərindən danışıb və ölkədə sosializmi qəbul etməyə edilən çağırışların həyəcan doğurduğunu bildirib.

O deyib ki, Amerikanın əsası, hökumət diqtəsi, hegemonluq və nəzarət deyil, azadlıq və müstəqillik üzərində qoyulub:

“Biz azad doğulmuşuq, azad da qalacağıq.

Donald Trump deyib: "Biz bu gecə belə bir qətiyyətimizi təzələyirik ki, Amerika heç vaxt sosialist ölkə olmayacaq".

YAXIN ŞƏRQ SİYASƏTİ VƏ YERUSƏLİM

O deyib ki, məhz buna görə də onun administrasiyası Yerusəlimi İsrailin həqiqi paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu şəhərə köçürmək qərarını qəbul edib.

Trump yada salıb ki, ABŞ qoşunları 19 ildir ki, Yaxın Şərqdə döyüşür. Əfqanıstan və İraqda 7 minədək Amerika əsgəri həyatını qurban verib. Yaxın Şərqə 7 trilyon dollar xərclənib.

Trump deyib ki, böyük ölkələr sonsuz müharibələrdə vuruşmurlar.

Prezident bildirib ki, hələ iki il əvvəl İŞİD Suriya və İraqda böyük ərazilərə nəzarət edirdi, amma indi bu ərazilər demək olar tamamilə azad edilib.

Donald Trump bildirib ki, onun administrasiyası Əfqanıstanda sülhün əldə olunması üçün Taliban da daxil, müxtəlif qruplaşmalrla konstruktiv danışıqlar aparır.

“AMERİKAYA ÖLÜM ŞÜARI SƏSLƏNDİRƏN REJİM”

Prezident daha sonra İran məsələsinə toxunub. O deyib ki, onun administrasiyası İrandakı radikal rejimə qarşı qətiyyətlə çıxış edib:

“Bu radikal rejimdir. Onlar çox pis şeylər edirlər. Bu korrupsiyalı diktatorluğun heç vaxt nüvə silahları əldə etməyəcəyinə əmin olmaq üçün mən ABŞ-ı dəhşətli İran nüvə sazişindən çıxarmışam”.

Trump bildirib ki, bunu ardınca İran üzərinə daha sərt sanksiyalar qoyulub:

“Biz Amerikaya ölüm şüarları səsləndirən və yəhudi xalqını soyqırımı ilə hədələyən rejimdən üzümüzü kənara çevirə bilmərik”.

ABŞ-IN DOSTLARI VƏ RƏQİBLƏRİ

Donald Trump deyib ki, Amerikanın milli təhlükəsizliyinin qorunması onun prioritetidir.

O bildirib ki, Birləşmiş Ştatlar ölkə hərbiyyəsinə ötən il 700 milyard dollar xərcləyib, bu ilin büdcəsində isə bu rəqəm 716 milyard dollardır.

Trump bildirib ki, ABŞ-ın müttəfiqləri paylarına düşən xərcləri çəkməyə başlayıblar.

Onun sözlərinə görə uzun illər dostları ABŞ-a münasibətdə ədalətsiz davranıblar:

“Amma indi biz NATO müttəfiqlərinin müdafiə xərclərini 100 milyard dollar artırmasını təmin etmişik. Amma deyirdilər ki, bunu etmək mümkün deyil”.

Trump habelə Soyuq müharibə illərində ABŞ-la SSRİ arasında bağlanmış ortamənzilli raket müqaviləsindən də danışıb.

O deyib ki, Rusiya bu sazişi illər ərzində dəfələrlə pozub:

“Məhz buna görə də mən Birləşmiş Ştatların rəsmən bu müqavilədən çıxdığını elan etmişəm”.

Donald Trump bildirib ki, ola bilsin, başqa saziş barədə razılaşma əldə edildi. O belə bir müqaviləyə Çin və başqalarının da cəlb oluna biləcəyini söyləyib.

“MƏN PREZİDENT SEÇİLMƏSƏYDİM, BƏLKƏ DƏ İNDİ ŞİMALİ KOREYA İLƏ MÜHARİBƏDƏ OLARDIQ”

Şimali Koreya məsələsinə toxunan Trump deyib ki, onun administrasiyasının “cəsarətli diplomatiyası sayəsində” Pxenyan nüvə sınaqlarını dayandırıb, girovlar vətənə qaytarılıb, son 15 ayda raket buraxılışları olmayıb:

“Əgər mən Birləşmiş Ştatların prezidenti seçilməsəydim, bəlkə də biz indi, mənim fikrimcə, Şimali Koreya ilə böyük müharbədə olardıq”.

Donald Trump bunu da bəyan edib ki, fevralın 27-28-də Vyetnamda Şimali Koreya lideri ilə ikinci sammitdə görüşəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG