Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Trump ABŞ-a yeni müttəfiqlər tapmaq istəyir [video]


D.Trump
D.Trump

ABŞ prezidenti Donald Trump ilk dəfə Konqres qarşısında – Konqresin birgə toplantısında çıxış edib.

Fevralın 28-ə – prezidentlik fəaliyyətinin 40-cı gününə təsadüf edən çıxışında D.Trump seçkiqabağı vədlərinin üstündə dayanıb, amma bu dəfə, «The Washington Post»un yazdığına görə, daha ciddi təsir bağışlayıb.

Trump yumşalır...
Gözlə
Embed

No media source currently available

0:00 0:01:22 0:00

D.Trump deyib ki, onun seçki kampaniyası zamanı verdiyi vədlər, əsasən, ölkənin daxili problemləriylə bağlı olub, çünki ABŞ şəhərlərinin çoxu uzun illər diqqətdən kənarda qalıb, infrastruktur dağılıb, işçi qüvvələr əziyyət içindədir, səhiyyə xidməti bahadır, miqrantların törətdiyi cinayətlərin sayı artmaqdadır, narkomaniya baş alıb gedir və s.

ÖDƏNİŞLİ AİLƏVİ TƏTİL HAQDA QANUN

60 dəqiqəlik çıxışı zamanı D.Trump ölkəsində səhiyyə sistemi və vergi kodeksini yeniləməyə çalışdığını deyib, bu planlarını gerçəkləşdirməkdən ötrü ona fürsət verməsi üçün xalqa, az qala, yalvarıb, xalqın onun prezidentliyi dövründə nail ola biləcəklərini təsəvvür etməsini istəyib. «The Washington Post» prezidentin çıxışını belə təsvir edir.

D.Trump-ın çıxışında diqqəti çəkən məqamlardan biri rəqiblərinə jestləridir. Məsələn, o, demokratların çoxdankı istəyinin – ödənişli ailəvi tətil haqda qanunun qəbul edilməsini istəyib. Liberallar prezidentin təklifini ayaqda alqışlayıblar.

Donald Trump
Donald Trump

Bundan başqa, indiyə kimi müsəlmanlara qarşı aqressiv görünən prezident «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə bütün ölkələrlə, hətta müsəlman aləmindəki müttəfiqlərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. «Mən Müdafiə Nazirliyinə İŞİD-i məhv etmək planı hazırlamaq barədə göstəriş vermişəm», – deyən Trump bu təşkilatın dinindən, milliyətindən asılı olmayaraq, bütün insanları – qadın, uşaq, qoca bilmədən hamını – həm xristianları, həm də müsəlmanları qırdığını, ona görə də Yer üzündən silinməli olduğunu söyləyib.

NATO-YA DAYAQ

D.Trump NATO-ya dayaq duracaqlarını da bildirib. Onun seçki kampaniyası zamanı NATO-nu «gərəksiz təşkilat» adlandırması, təşkilat üzvlərinin hərbi xərcləri artırmasıyla bağlı çağırışları alyans ölkələrini əndişələndirmişdi. Budəfəki çıxışında D.Trump tarixi müttəfiqlərə güvəndiyini söyləyib, ancaq müttəfiqləri yenə hərbi xərcləri artırmağa çağırıb. «Biz NATO-nu tam dəstəkləyirik… Və istər NATO, istər Yaxın Şərq, istərsə də Sakit Okean bölgəsindəki bütün müttəfiqlərimizin strateji və hərbi əməliyyatlarda üzərinə məsuliyyət götürməsini, birbaşa rol oynamasını, xərcləri ədalətlə paylaşmasını istəyirik», – D.Trump belə deyib.

Bununla belə, D.Trump çıxışında xarici siyasətlə bağlı əsas məqamlara toxunmayıb. O, nə Rusiyadan, nə Ukraynadan, nə Suriyadakı müharibədən, nə də Çinlə gərginlikdən danışıb.

NATO
NATO

«REX TILLERSON-A ZƏNG EDƏRDİM»

«İndiki halda, İrandan, İrana sanksiyalardan, Rusiya, Çin, Şimali Koreyadan danışmamaqla məncə, o, çox ciddi məsələlərə məhəl qoymadığını göstərdi. ABŞ-ın prezidenti kimi, o bu məsələlərə toxunmalı idi». Bunları Vaşinqtondakı Brukinqs İnstitutu elmi araşdırma mərkəzinin əməkdaşı, idarəçilik məsələləri üzrə mütəxəssis John Hudak deyib. J.Hudak-ın fikrincə, D.Trump xarici siyasətdən sözlərini seçərək danışıb. Onun sözlərinə görə, prezidentin çıxışındakı dolaşıqlıq, konkretliyin olmaması dinləyəndə qeyri-müəyyənlik yaradır. «Mən xarici işlər naziri olsaydım, sabah durub Rex Tillerson-a (ABŞ-ın dövlət katibi) zəng edərdim», – J.Hudak belə deyib.

Köhnə müttəfiqlərə etibar etdiyini bildirəndə isə, D.Trump Birləşmiş Ştatlara yeni dostlar da axtardığını söyləyib: «Amerika yeni dostlar tapmağa, maraqların üst-üstə düşdüyü sahələrdə yeni tərəfdaşlıqlar qurmağa çalışır. Biz müharibə və münaqişə deyil, harmoniya və stabillik istəyirik».

«ABŞ-IN MARAQLARI NƏZƏRƏ ALINACAQ»

D.Trump razılaşma və anlaşmaların yenilənməsi zamanının gəldiyini, qlobal təzyiqlərə baxmayaraq, imzalayacağı bütün sənədlərdə ABŞ maraqlarının nəzərə alınacağını vurğulayıb, «Mənim işim dünyanın deyil, Amerika Birləşmiş Ştatlarının maraqlarını qorumaqdır», deyib.

Müdafiə məsələlərindən danışanda isə, D.Trump büdcənin yenilənəcəyini, müdafiə xərclərinin ölkə tarixində ən yüksək həddə çatdırılacağını söyləyib. Prezidentin Konqresə göndərəcəyi büdcə layihəsinin təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli deyil. Əslində, onun Respublikaçılar Partiyası Konqresin həm yuxarı, həm də aşağı palatasında üstünlük təşkil edir. Ancaq konqresmenlər Ağ evdəkinin kimliyindən asılı olmayaraq, istəmədikləri layihələrə, məsələn, maliyyə yardımı məqsədiylə ayrılan vəsaitlərin azaldılmasına, adətən, etiraz edirlər. Bir az əvvəl ABŞ diplomatiyası və xarici yardıma ayrılan büdcə xərclərinin 37% endirilməsi təklifi də etirazla qarşılanmışdı.

XARİCİ DİPLOMATİYAYA XƏRCLƏMƏK

Respublikaçı senator Marco Rubio bu haqda danışarkən xaricə yardımın ABŞ-ın təhlükəsizliyi baxımından gərəkli olduğunu söyləyib. «Yaşamasına ABŞ-ın səbəb olduğu insanı Amerika əleyhinə fəaliyyətə, terrora cəlb etmək qeyri-mümkündür», – Senatın Xarici Əlaqələr Komitəsinin üzvü M.Rubio fikrini belə izah edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, İraq və Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı David Petraus da xaricə maliyyə yardımının azaldılmasının əleyhinə olanlardandır. Onun fikrincə, Amerikanın təhlükəsizliyini qorumaqdan ötrü xarici diplomatiyaya da xərcləmək zəruridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG