Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:43

Gözlər Amerikada: iqlimlə bağlı qərar gözlənilir


D.Trump
D.Trump

İyunun 1-də ABŞ prezidenti Donald Trump ölkəsinin qlobal iqlim dəyişikliyi razılaşmasında qalıb-qalmamasıyla bağlı qərarını açıqlayacaq. Dünya liderləri onu bu sazişdən çıxmamağa çağırırlar.

Vaşinqtondakı mənbələrin mayın 31-də sızdırdığı məlumata görə, Trump-ın 2015-ci il Paris razılaşmasından çıxacağı gözlənir. Həmin razılaşmanı 195 ölkə imzalayıb.

RAZILAŞMADAN ÇIXARSA...

Trump sazişdən çıxarsa, Birləşmiş Ştatların müttəfiqləriylə münasibətləri daha da gərginləşmiş olar. Paris razılaşmasını bircə Suriya və Nikaraqua imzalamayıb.

Avropa liderləri son anadək Trump-ı dilə tutmağa çalışıblar ki, razılaşmadan çıxmasın. Ancaq Trump-ın sözlərinə görə, sənədin Respublikaçılar Partiyasındakı opponentləri, eləcə də kömür, neft sənayeləri razılaşmadan çıxmağın tərəfindədirlər.

«Hər iki tərəfdən müxtəlif adamları dinləyirəm», – Trump mayın 31-də Ağ evdə deyib. O, 2016-cı ildə prezident kampaniyası zamanı həmin sazişi tənqid edib, qlobal istiləşməni «uydurma» adlandırıb.

Paris razılaşması iqlim dəyişikliyi ilə mübarizəni hədəfləyən ilk hüquqi qlobal sənəddir. Həmin razılaşmaya uyğun olaraq, hər bir ölkə istixana qazlarının atmosferə buraxılmasının azaldılması yönündə addımlar atmağa boyun olub.

Kömür elektrik stansiyası
Kömür elektrik stansiyası

İSTİXANA QAZLARI

Əsas istixana qazı karbon sayılır, onu da elektrik stansiyaları, neft, kömür, təbii qaz yandıran maşınlar buraxır. Alimlərin fikrincə, atmosferdə karbon qazı, metan və digər qazların yığılması planeti istiləşdirir.

Keçmiş prezident Barack Obama administrasiyası 2025-ci ilədək atmosferə buraxılan qazların həcmini 2005-ci illər müqayisədə 26-28 faiz azaltmaq öhdəliyi götürmüşdü.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Berlində deyib ki, avropalı müttəfiqləri ötən həftə Böyük Yeddiliyin sammitində Trump-ı çox dilə tutub, onu razılaşmadan çıxmamağa inandırmağa çalışıb. Onun sözlərinə görə, ABŞ-ın razılaşmadan çıxması asan olmayacaq və illər çəkəcək:

«Amerikalılar iqlimin mühafizəsi razılaşmasından, sadəcə, çıxa bilməzlər. Cənab Trump ona görə buna inanır ki, detalları bilmir».

RAZILAŞMANI DƏSTƏKLƏYƏN VƏ ONA QARŞI ÇIXAN ŞİRKƏTLƏR

ABŞ-ın sənəddən çıxa biləcəyini gözə alan Avropa rəsmiləri deyiblər ki, Çin və Avropa Birliyi iyunun 2-də Paris razılaşmasının gücləndirilməsindən ötrü daha bir addım atacaqlar – sənədin tam icrası öhdəliklərini bir daha bəyan edəcəklər.

Trump-a mayın 31-də razılaşmanı dəstəkləyən şirkət rəhbərləri də müraciət ediblər. «ExxonMobil», «Apple», «Dow Chemical», «Unilever» və «Tesla» onu razılaşmadan çıxmamağa çağırıblar.

«Tesla»nın təsisçisi Elon Musk hədələyib ki, Trump sazişdən çıxarsa, o da Ağ evin məşvərət şuralarını tərk edəcək. Həmin şuralara onu Trump dəvət etmişdi.

«Bacardığım qədər Trump-a birbaşa və Ağ evdəki digər şəxslər vasitəsilə məsləhət vermişəm», – Musk deyib.

Ohayoda mənzillənən «Murray Energy Corp» kömür şirkətinin rəhbəri Robert Murray isə prezidenti iqlim razılaşmasından çıxmağa çağırıb. O, Trump-ın seçki kampaniyasının əsas donorlarından olub.

XS
SM
MD
LG