Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:20

Tramp 2024-cü il prezident seçkisinə namizədliyini verir


Donald Tramp həyat yoldaşı Melania Tramp ilə
Donald Tramp həyat yoldaşı Melania Tramp ilə

ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Donald Trump) Ağ evə 2024-cü il seçkisinə rəsmi namizədliyyini irəli sürüb. O, Floridadakı Mar-a-Laqo kurortunda tərəfdarlarına deyib ki, “Amerikanın dönüşü indi baş verir”.

Tramp açıqlamanı noyabrın 15-də verib. Bir həftə öncə isə Respublikaçı partiyası Konqresə seçkilərdə gözlənəndən daha zəif uğur qazanıb, Trampın dəstəklədiyi namizədlərin çoxu seçkini uduzub.

Keçmiş prezident seçiciləri özünün dəstəklədiyi respublikaçılara yönəltməsinə dair tənqidləri rədd edib, seçkini udanlara fokuslanıb, respublikaçıların Nümayəndələr Palatasında üstünlük qazanmasını alqışlayıb. Bundan cəmi bir neçə saat öncə respublikaçılar palatada çoxluq üçün gərəkən 212 yeri qazanıb.

“Amerikanı yenidən böyük və şöhrətli etmək üçün...”

Milyarder, daşınmaz əmlak maqnatı Tramp 2016-cı ildə keçmiş dövlət katibi və birinci ledi Hillari Klinton (Hillary Clinton) üzərində qələbə çalmaqla çoxlarını təəccübləndirmişdi. O deyir ki, siyasətə görə deyil, Birləşmiş Ştatlara sevgisindən dolayı namizədliyini verir:

“Amerikanı yenidən böyük və şöhrətli etmək üçün bu gecə Birləşmiş Ştatlar prezidentliyinə namizədliyimi irəli sürürəm. Ona görə seçkiyə gedirəm ki, dünya hələ bu xalqın həqiqi şöhrətini görməyib”.

Tramp qeyd edib ki, dörd illik prezidentliyi dövründə Amerika xalqının cənub sərhədini möhkəmləndirib, ədalətsiz ticarət sazişlərinə son verib, amerikalıları terror hücumlarından qoruyub. O, hakimiyyəti dövründə inflyasiyanın, işsizliyin aşağı olduğunu, səhm bazarlarının qazandığını, benzinin daha ucuz satıldığını vurğulayıb.

Tramp indidən ta 2024-cü ilin noyabrında seçki gününədək “heç kəsin öncə savaşmadığı səviyyədə mübarizə” vəd edib.

İki dəfə impiç edilən prezident

2020-ci ildə seçkini Demokrat partiyasından Co Baydenə (Joe Biden) uduzan Tramp məğlubiyyətini qəbul etməyib, seçkinin saxtalaşdırıldığını iddia edib. Federal və ştat seçki rəsmiləri, eləcə də Trampın öz baş prokuroru 2020-ci il seçkisinin saxtalaşdırılmasına etibarlı dəlil olmadığını deyiblər.

Dörd illik hakimiyyəti dövründə Tramp iki dəfə impiç olunan prezident kimi tarixə düşüb. O ikinci dəfə tərəfdarlarının Kapitoliyə basqınına görə impiç olunub. Onlar 2021-ci il yanvarın 6-da hakimiyyətin dinc transferinin qarşısını almağa çalışırdılar.

Bundan başqa, Trampa bir neçə cinayət işi açılıb. Ədliyyə Departamentin onun iqamətgahında qutular və siyirmələrdən tapılmış yüzlərlə məxfi işarəli sənədi araşdırır.

Bayden isə Trampın açıqlamasına “Tramp Amerikanı bada verdi” deyə şərh edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG