Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:20

Deputat: 'Manatın indiki durumu uzunmüddətli ola bilməz'


Vahid Əhmədov
Vahid Əhmədov

«Son 3 ayda manatın məzənnəsinin dollara nisbətdə aşağı-yuxarı 1.70 səviyyəsində qalması bir çox səbəblərlə bağlıdır. Burada həm manata təzyiqin aradan qaldırılması, həm inflyasiyanın aşağı səviyyədə saxlanması kimi məqamlar var».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna manatın durumunu şərh edərkən belə deyir.

Onun sözlərinə görə, manatın bu səviyyədə saxlanması iqtisadi aktivliyin azaldılması və manatın dövriyyəsinin sıxılması sayəsində mümkün olub.

Amma V.Əhmədov hesab edir ki, əlavə vəsaitlər tələb olunarsa, investisiya yatırımlarına zərurət yaranarsa, o zaman manata təzyiqlər artacaq:

«Dövriyyədə manat kütləsinin sıxılması uzunmüddətli ola bilməz, çünki bu, həm iqtisadi aktivliyi ciddi şəkildə azaldır, həm daxili məhsul istehsalının artımına mənfi təsir göstərir, həm də real sektorun inkişafına, bir tərəfdən də bankların əsas vəzifəsi olan kreditləşdirməyə imkan vermir» .

İQTİSADÇI: «13 MİLYARDLIQ DÖVRİYYƏ 7 MİLYARDA DÜŞÜB»

İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, son 3 ayda manatın məzənnəsinin sabit qalması inzibati üsulla tənzimlənmənin nəticəsidir.

Ekspert bildirir ki, indiki sabitliyi saxlaya bilmək üçün manatın 12-13 milyardlıq dövriyyəsi 7 milyard manata qədər azaldılıb, iqtisadi canlanma yoxdur:

Natiq Cəfərli
Natiq Cəfərli

«Amma bu addım iqtisadi geriləməni belə dayandıra bilməyib. Məsələn, keçən il Ümumi Daxili Məhsulda azalma sürəti 1.3% olubsa, bu il 0.9% olub, həm də nəzərə alın ki, bu, hələ rəsmi rəqəmlərdir».

N.Cəfərliyə görə, bu durum uzun müddət belə davam edə bilməz, əvvəl-axır «sabit manat, yoxsa iqtisadi canlanma» seçimi bütün kəskinliyi ilə özünü göstərəcək.

DEPUTATDAN NİKBİN, İQTİSADÇIDAN BƏDBİN PROQNOZ

Deputat Vahid Əhmədov da gec-tez «sabit manat, yoxsa iqtisadi canlanma» arasında seçim olacağını deyir. O əlavə edir ki, artıq ölkədə beynəlxalq miqyaslı bəzi tədbirlər başa çatdığından, manatın real bazar dəyəri məsələsi həllini tapmalıdır.

Deputat maliyyə siyasətinin dəyişməz qalacağı halda ölkənin inkişafı baxımından problemlər yarada biləcəyini düşünür.

Bununla belə, V.Əhmədovun fikrincə, hökumət 2017-ci ilin sonuna kimi manatın indiki səviyyədə qalmasını təmin etməyə çalışacaq.

Ekspert Natiq Cəfərli avqustun ortalarından maliyyə vəsaitlərinə ciddi ehtiyac yaranacağını deyir:

«Tədris ili ərəfəsində paltardan tutmuş dərs ləvazimatınadək alınması lazım gəlir və bu da 300-400 milyon manat vəsait tələb edir. Bundan əlavə, həmin vaxt ilin son rübü də yaxınlaşır, büdcə xərcləmələrinin əksər hissəsi bu rübə təsadüf edir, odur ki, maliyyə vəsaitləri tələb olunacaq».

N.Cəfərli bu yerdə xarici amilləri də unutmur, neftin qiymətinin sabit qalmaması, FED-in uçot dərəcəsini daha 1-2 dəfə qaldıra bilməsi ehtimalından danışır:

«Mənim fikrimcə, bu tələbat ciddi devalvasiya yaratmasa belə, ilin sonunda dolların 1.92 həddinə yüksələcəyini göstərir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG