Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:59

Dollar krediti olanlarla bağlı Konstitusiya Məhkəməsi hərəkətə keçdi


Dollar kreditləri artıq borcluların həbsinə səbəb olur
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Dollar kreditləri artıq borcluların həbsinə səbəb olur

Azərbaycanda devalvasiyadan öncə banklardan xarici valyutada götürülmüş kreditlərlə bağlı yeni qərar verilə bilər. Bakı Apellyasiya Məhkəməsi məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsi bundan öncə bir dəfə bu məsələyə baxıb, bankların xeyrinə qərar çıxarmışdı.

Bu dəfə Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsindən xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Bu maddədə «Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi»ndən bəhs olunur.

Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyulub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda, milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

«Bankın maraqlarını gözardı etmək olmaz»

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsi sözügedən müraciətlə əlaqədar hərəkətə keçib. Müraciət Azərbaycan Banklar Assosiasiyasına göndərilib ki, bankların da məsələyə münasibəti öyrənilsin. Assosiasiya da öz növbəsində banklara məktublar göndərib.

«Bizi də həmin müraciətlə bağlı məlumatlandırıblar. Açığı, biz əleyhinəyik. Nəzərə almaq lazımdır ki, bankın da əmanətçiləri var. Eyni məntiqlə, biz də xarici valyutada əmanət yatırmış müştərilərə deməliyik ki, «biz də əmanət gəlirlərini sizə o dövrün məzənnəsi ilə veririk». Bu nə dərəcədə doğrudur? Əmanətçiyə bunu demək olmaz. Deməli, bankdan götürülən kredit də buna uyğun şəkildə qaytarılmalıdır. Biz kreditlərin qaytarmaqla bağlı çətinliklərini nəzərə alıb, müəyyən addımlar atmışıq. Məsələn, bir çox müştərilərin ödəniş cədvəli, aylıq məbləğlər dəyişdirilib. Bankın da maraqlarını, öhdəliklərini gözardı etmək olmaz», – banklardan birinin İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvü AzadlıqRadiosuna bunları deyib.

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

«Hər iki gündən bir zəng eləyirlər»

Bakının Yasamal rayon sakini 57 yaşlı Rəna Məmmədova bir neçə il öncə bankdan dollarla kredit götürüb. Deyir ki, bankın kassasından ona 1230 manat pul verilib, ancaq müqavilədə kreditin dollarla ayrıldığı göstərilib. 2015-ci ilin fevral və dekabr aylarında ardıcıl iki devalvasiyadan sonra krediti ödəməkdə ciddi problemləri yaranıb: «İndiyə qədər ödəyirəm, ancaq deyilənə görə, hələ də 200 dollardan çox borcum qalıb. Onların dediyi qaydada hamısını ödəməyə gücüm çatmır. Ödədiklərim də faizə gedir, əsas borcdan az çıxılır. Başqa çarəm də yoxdur. Hər iki gündən bir zəng eləyirlər. Bütün qohum-əqrəbanı da zəng eləyib bezdirirlər. Ona görə əlimə düşən kimi aparıb az da olsa, ödəyirəm».

R.Məmmədova deyir ki, əvvəlcə yüz minlərlə insanın çətin duruma düşdüyünü nəzərə alıb, vətəndaşların xeyrinə bir çıxış yolu tapacağını düşünürdü. Ancaq Konstitusiya Məhkəməsinin əhalinin yox, bankların xeyrinə qərarından sonra məyus olub: «Oğul-uşaq mənə çox dedi ki, öz ziyanlarına qərar verməyəcəklər ki... Nə bilim, ümid eləyirdim də...».

Bakı sakini Əhəd Rzayevin devalvasiyadan əvvəl götürdüyü 5 min dollarlıq kredit isə indi onun üstündə 11 min manatlıq borc kimi qalıb. Artıq haqqında məhkəmə qərarı da var: «Nə qədər yalvardım, yaxardım ki, bəs mənim ödədiyim pullar hara getdi? Xeyri olmadı. Məhkəməyə verdilər, öz xeyirlərinə qərar çıxartdırdılar. İndi hissə-hissə ödəyirəm».

Ə.Həsənov
Ə.Həsənov

«Bu dəfə əhalinin xeyrinə qərar verilə bilər»

Vaxtilə Mərkəzi Bankda Ümumi qanunvericilik şöbəsinin rəisi, ardından ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə işləmiş vəkil Əkrəm Həsənov hesab edir ki, Konstitusiya Məhkəməsinin məlum qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin yenə bu quruma müraciət etməsi təsadüfi deyil. AzadlıqRadiosuna bu haqda danışan vəkil ehtimal edir ki, bu dəfə qərar fərqli olacaq: «Əlbəttə, bunu qəti söyləmək olmaz. Amma durumu təhlil edəndə belə nəticəyə gəlirəm ki, bu dəfə əhalinin xeyrinə qərar verilə bilər. Yəni hüquqi şəxslərin yox, fiziki şəxslərin».

Fikrini əsaslandıran vəkil bildirir ki, problemli kredit ödəyiciləri arasında fiziki şəxslərin sayı az olsa da, onların payına düşən ümumi məbləğ daha azdır. Ancaq hüquqi şəxs olan problemli ödəyicilərin sayı az, götürdükləri məbləğ isə xeyli çoxdur: «Üstəlik, belə bir qərar görün nə qədər adamı razı sala bilər. Başqa bir məqam da var. Devalvasiyadan artıq 3 il yarım vaxt keçib, ala bildikləri adamlardan alıblar. Ödəməyənlər, deməli, həqiqətən ödəməyə imkanı olmayan adamlardır, neyləsən də ödəyə bilməyəcəklər. Məhkəmələrdə problemli kreditlərlə bağlı işlər yetərincə çoxdur. Yəqin ki, Konstitusiya Məhkəməsinə yenidən müraciətin əsas səbəblərindən biri də budur».

2015-ci ilin mayında Konstitusiya Məhkəməsi qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da məhkəmə kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib. Həmin ilin dekabrında manat ikinci dəfə devalvasiyaya uğrayıb.

1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ancaq, əsasən, son bir ildə manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG