Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:38

'Dolları ucuz alıb baha satacaqdıq...'


«GünayBank»
«GünayBank»

«GünayBank»ın İdarə Heyətinin keçmiş sədr müavini Emin Zeynalov hakim önünə çıxarılıb. O, 20-yə qədər zərərçəkənin 30 milyon manata yaxın pulunu mənimsəməkdə suçlanır. Zərərçəkənlər arasında E.Zeynalovun bacısının həyat yoldaşı da var.

İddia olunur ki, E.Zeynalov adamlara bankdan kənar valyuta əməliyyatı - dolları ucuz alıb, baha satmaq yoluyla qazanc söz verməklə onlardan pul alıb. Deyib ki, qazanc üçün ortaya pul qoymaq lazımdır. Həmin pulun da 3 faizi qədər aylıq qazanc olacaq.

Cinayət işinin materiallarında yazılıb ki, zərərçəkənlər arasında 20 min dollardan tutmuş, 4 milyon dollara qədər ziyana düşənlər var. Əksəriyyəti bir neçə milyon zərər gördüyünü deyir.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Noyabrın 13-də prokuror ittiham aktını elan edəndə E.Zeynalov özünü təqsirli bilmədiyini deyib.

İttihamda yazılıb ki, E.Zeynalov «GünayBank» ASC-nin İdarə Heyətinin sədr müavini təyin ediləndən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib. Bu qeyri-leqal depozitlərə görə pul sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə özü də yoxa çıxıb. Araşdırma zamanı məlum olub ki, E.Zeynalov pulları onlayn valyuta birjasına yatırıb və ziyana düşüb.

«1 milyon dollara görə 300 min dollar qazanc vermişdi»

E.Zeynalov özünü təqsirli bilmədiyinə görə məhkəmədə dindirmələr zərərçəkənlərdən başlayıb. İlk ifadə verən zərərçəkmiş isə onun bacısının əri Fərid Məmmədov olub. O deyib ki, qaynına 1 milyon dollar pul verib.

19 ildir bank sektorunda çalışdığını deyən F.Məmmədov özü də «GünayBank»ın 3 saylı filialının müdiri olub. Bundan başqa, o, Beynəlxalq Bankın Xaçmaz və Quba filiallarında da işləyib. Deyir ki, pulu da Qubada işləyəndə verib. Onun sözlərinə görə, sonradan Bakıya qayıtmaq istəyib və gəlib «GünayBank»da çalışıb.

Necə qazanc əldə ediləcəyini F.Məmmədov belə izah edib: «Emin dedi ki, «KapitalBank»da da tanışları var. Dollar alıb-satmaq üçün maliyyə vəsaiti lazımdır. Dolları ucuz alıb baha satacaqdıq. Aradakı fərq isə bizim qazancımız olacaqdı. Əvvəlcə 400 min dollar vermişdim. Sonra da 600 min dollar verdim. 1 milyon dollara görə 300 min dollar qazanc vermişdi».

E.Zeynalovun vəkili isə bu vəsaitin verilmədiyini vurğulayaraq, zərərçəkəndən soruşub ki, ona 1 milyon dollar haradan idi? F.Məmmədov cavabında deyib ki, xalasından almışdı. Sonradan Badamdar qəsəbəsində yerləşən evini 1 milyon 500 min, «Mercedes» markalı maşınını isə 100 min dollara satıb, həmin pulu xalasına ödəyib. Dediyinə görə, 300 min dollar qazancı da alıb xalasına vermişdi.

E.Zeynalov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

E.Zeynalov «KapitalBank»ın (o zaman «BUSBank» idi) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankının (BUS) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. O, 2004-cü ilə qədər həmin vəzifədə işləyib. Daha sonra «Finans Lizinq» ASC Müşahidə Şurasının sədri olub. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetinin «Maliyyə və maliyyə institutları» kafedrasının dosentidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG