Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

'Doing Business' hesabatı daha olmayacaq, Azərbaycan…


İllüstrativ foto
İllüstrativ foto

Cankov Azərbaycanla bağlı datanın dəyişdirilməsinə ona görə göstəriş verib ki, ölkənin göstərilən islahatları həqiqətən həyata keçirməsinə şəxsən inanmayıb

Dünya Bankının liderləri, ovaxtkı baş icraedici direktoru Kristalina Georgiyeva Çinin “Doing Business” hesabatında reytinqinin gücləndirilməsi üçün “hədsiz təzyiq” göstərib.

Georgiyeva hazırda Beynəlxalq Valyuta Fondunun idarəçi direktorudur.

Bankın etika komitəsinin xahişilə “WilmerHale” şirkəti bu məsələni araşdırıb. Ortaya çıxan hesabat Çinin Dünya Bankına və bankın ovaxtkı prezidenti Cim Yonq Kimə təsirilə bağlı narahatlıq yaradıb.

Georgiyeva isə deyib ki, hesabatın üzə çıxardıqları və yozumları ilə əsasən razılaşmır və BVF-nin icraedici heyətinə məlumat verib.

Hökumət Dünya Bankına yalnış məlumat təqdim edib?
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Hesabat daha hazırlanmayacaq

Dünya Bankı Qrupu isə sentyabrın 16-da biznes mühitlərinə dair “Doing Business” hesabatının hazırlanmasını tamamilə dayandırdığını açıqlayıb. BVF və Dünya Bankında ABŞ səhmlərini idarə edən ABŞ Xəzinədarlığı “ciddi tapıntıları” təhlil etdiyini bildirib.

“WilmerHale”in araşdırmasında deyilir ki, Kimin ofisinin aparıcı işçiləri Çinin balının yaxşılaşdırılmasından ötrü metodologiyanın dəyişdirilməsi üçün “birbaşa və dolayısı ilə təzyiq” göstəriblər.

“Reuters” Kimdən açıqlama ala bilməyib, Cankovla əlaqə saxlamaq da mümkün olmayıb.

Çinin “Doing Business 2018” hesabatında 7 pillə yüksələrək 78-ə qalxıb. Çünki data metodologiyası dəyişdirilib.

“WilmerHale” “Doing Business 2020” hesabatında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın reytinqini müəyyənləşdirən datayla bağlı təzyiq olduğunu bildirsə də, Dünya Bankı Prezidentinin ofisinin, yaxud icraedici heyətinin hansısa üzvünün dəyişikliklərdə əli olmasına dəlil aşkarlamayıb.

Səudiyyə Ərəbistanı həmin hesabatda 30 pillə irəliləyərək 62-ci olub.

Azərbaycana niyə şübhə ediblər

Azərbaycan 2019-cu ildə dərc olunmuş "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilmişdi.

2019-cu ilin avqustunda Simeon Cankov “Doing Business” komandasına göstəriş verib ki, Azərbaycanla bağlı datanı nəzərdən keçirsin. Cankov “Doing Business” hesabatının qurucularından biri, bankın ovaxtkı baş icraçı direktoru Kristika Georgiyevanın müşaviri olub.

Hesabatda deyilir ki, Azərbaycan hökumətinin “Doing Business” komandasına məlumatları verən özəl sektor təmsilçilərinə təsir göstərməsindən dolayı narahatlıq olub. “Doing Business” komandası Azərbaycan məlumatları ilə bağlı “daxili audit” keçirib və hesabata salınmış islahatların əksəriyyətinin dəqiqliyini təsdiqləyib. Ancaq üç məsələdə Azərbaycanın islahatları “dondurulub”, yaxud hesaba alınmayıb.

Cənab Cankov müsahibəsində Azərbaycan hökumətinə skeptik yanaşdığını təsdiqləyib və islahatları nəzərə almamasını düzgün qərar adlandırıb. Sonucdasa Azərbaycanın balı iki bəndə yaxın azalıb, Baş İslahatçılar siyahısından çıxıb, 34-cü yerdə qərarlaşıb.

Cankovun "ədavəti"

Bundan başqa Cankov son anda Minoritar İnvestorların Qorunması indikatorunu müəyyənləşdirən metodologiyaya dəyişiklik edib, bu da Azərbaycanın, həm də xeyli sayda digər ölkələrin balına təsirini göstərib.

Şirkət bildirir ki, Dünya Bankı prezident idarəsinin, yaxud idarə heyətinin hansısa üzvlərinin 2020-ci il hesabatında Azərbaycanla bağlı dəyişikliklərdə əli olmasına dəlil aşkarlamayıb.

Araşdırmaya görə, Cankov Azərbaycanın datasının dəyişdirilməsinə ona görə göstəriş verib ki, ölkənin həmin islahatları həqiqətən həyata keçirməsinə şəxsən inanmayıb. “Çoxsaylı işçilər bizə dedilər ki, cənab Cankovun bu ölkəyə qarşı şəxsi ədavəti olub və Doing Business komandasının tanıdığı və təsdiqlədiyi islahatların legitimliyinə inanmayıb. Komandanın onun inandırmasına baxmayaraq, Cankov göstəriş verib ki, 2020-ci il hesabatında Azərbaycanın üç islahatı tanınmasın”, – hesabatda deyilir.

Yazılı qaydaların olmaması

Bu məqamda araşdırma müəllifləri diqqəti sözügedən hesabatın hazırlanmasında davamlı qaydaların olmamasına çəkilir.

Elə məhz Azərbaycanla bağlı məsələdə hesabatın hazırlanması üçün sərt və yazılı prosedurların yoxluğu üzə çıxıb. Məsələn, Cankov Azərbaycanda müəyyən islahatların tanınmasını dondurmaq qərarını “Özbəkistan protokolu” ilə əsaslandırıb. Yazılmamış bu qayda şübhəli islahatlarla bağlı qərarı dayandırmağa imkan verir.

“Doing Business” hesabatında ölkələr tənzimləyici və hüquq mühitləri, biznes startaplarının qurulmasının asanlığı, maliyyələşmə, infrastruktur və digər biznes mühiti alətlərinə görə dəyərləndirilir.

“Oxfam” təşkilatı “Doing Business” hesabatının daha hazırlanmamasına dair bankın qərarını alqışlayıb. Qurum bildirir ki, bu hesabata görə hökumətlər əmək qanunvericiliyini və korporativ vergiləri ixtisar edir, bununla reytinqlərini yaxşılaşdırmağa çalışırdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG