Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Azərbaycanda doğum sayı azalır, abort artır


Abort sayının artması ölkədə doğuş sayının azaldığı ortamda baş verir
Abort sayının artması ölkədə doğuş sayının azaldığı ortamda baş verir

Altı il öncə Azərbaycanda iki dəfə ard-arda devalvasiya baş vermiş və il ərzində manat dollarla müqayisədə iki dəfə ucuzlaşmışdı. Həmin vaxtdan – 2015-ci ildən bəri ölkə əhalisinin gəlirləri azalmağa, qiymətlərsə sürətlə bahalaşmağa başlayıb. Maraqlıdır ki, iqtisadi göstəricilər və dolanışıq səviyyəsi azaldıqca qeydə alınan abort sayında ciddi artım gözə çarpır. Məsələn, devalvasiyadan öncə ölkədə ilboyu ortalama 27 min abort qeydə alınırdısa, 2016-cı ildə bu rəqəm birdən-birə 34 minə yüksəldi. Sonrakı illərdə abort sayı daha da çoxalaraq 37 mini aşdı. Bu, devalvasiyadan sonrakı illərdə ölkədə qeydə alınan abort sayının təxminən 10 min və ya 40 faizə yaxın artması deməkdir.

Pandemiya məhdudiyyətləri ilə müşahidə olunan 2020-ci ildə abort sayı 2019-cu illə müqayisədə təxminən 2 min 600-dək azalıb. Ötən il Azərbaycanda 15-17-yaşlı qadınlar arasında 29 abort, 18-19 yaşlı qadınlar arasında isə 1 min 270 abort olub. 20-24 yaş qrupu üçün bu göstərici 7 min 552, 25-29 yaş qrupu üçün 10 min 993, 30-34 yaş qrupu üçün 9 min 445, 35 yaşı aşanlar üçünsə 5 min 430 olub.

Onu da nəzərə almaq lazımdır ki, abort sayının artması ölkədə doğuş sayının azaldığı ortamda baş verir. Azərbaycanda 2012-ci ildən bəri doğuş sayı ardıcıl azalır. Əgər 2011-ci ildə, rəsmi rəqəmlərə görə, Azərbaycanda 175 min doğuş (ölü doğulanlar da nəzərə alınmaqla) qeydə alınmışdısa, 2019-cu ildə bu göstərici 139 minə bərabər olub. Başqa deyimlə, həmin müddət ərzində doğuş sayı 20 faiz azalıb.

Cədvəl: 2013-2020-ci illərdə Azərbaycanda doğulan uşaqların və abortların sayı

İl

Doğulanların sayı

Abortların sayı

2020

126 min 571

34 min 700

2019

141 min 179

37 min 300

2018

138 min 982

36 min 100

2017

144 min 041

37 min 600

2016

159 min 464

34 min 600

2015

166 min 210

27 min 500

2014

170 min 503

27 min 200

2013

172 min 671

27 min 900

Uşaq dünyaya gətirən anaların orta yaşı artır

Son illərdə Azərbaycanda doğuşla bağlı diqqətçəkən daha bir məqam ilk uşağını dünyaya gətirən anaların orta yaşının artmasıdır. 2014-2019-cu illərdə bu göstərici 23-dən 24-ə yüksəlib.

Cədvəl: Azərbaycanda ilk uşağı dünyaya gətirən anaların orta yaşı

İl

Orta yaş

2019

24.0

2018

23.9

2017

23.8

2016

23.6

2015

23.3

2010

24.4

2005

23.9

2000

24.1

1995

23.8

1990

23.0

1985

23.6

1980

23.1

Selektiv abortlara görə lider ölkələrdən biri

Bir neçə il öncə ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilən araşdırma nəticəsində məlum olmuşdu ki, Azərbaycan dünyada selektiv abortların ən çox qeydə alındığı ölkələrdən biridir. Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb və oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmağa doğru gedib. Araşdırma nəticəsində bu problemin ən kəskin olduğu 11 ölkədən biri Azərbaycan sayılıb.

Bu 11 ölkə arasına Cənubi Qafqazın digər iki ölkəsi – Ermənistan və Gürcüstan da daxildir. Siyahıya liderləri Çin və Hindistandır. Oğlan uşaqlarının sayının kəskin artdığı digər ölkələr Albaniya, Monteneqro, Tunis, Cənubi Koreya və Tayvan olmuşdu.

Ötən il Azərbaycanda dünyaya gələn 126 min 571 uşağın 67 min 407 nəfəri, yəni 53.3 faizi oğlan olub. Azərbaycan Respublikasında əhalinin cins üzrə bölgüsünə baxanda da kişilərin toplam əhali arasındakı payının son illərdə artdığı görünür. Artıq, demək olar, ölkədə kişi və qadınların sayı təxminən bərabərdir.

Cədvəl: Azərbaycan əhalisi arasında qadın və kişilərin nisbəti və sayları arasındakı fərq

İl

Kişilərin payı

Qadınların payı

Kişi və qadınlar arasındakı fərq

2020

49.9

50.1

11 min 100

2019

49.9

50.1

16 min 700

2018

49.9

50.1

22 min 100

2017

49.9

50.1

27 min 600

2016

49.8

50.2

34 min 400

2015

49.8

50.2

41 min 400

2010

49.5

50.5

86 min 600

2005

49.2

50.8

135 min

2000

48.9

50.9

178 min 800

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG