Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Direktor həbsxanaya salınmayacaq, 'müddət ötüb'


S.Abbasova
S.Abbasova

İyulun 19-da Bakıdakı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın həbsi üçün verilən şikayətə baxılıb. Söhbət 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etdiyi təhsil ocağının rəhbərindən gedir. Mərhum məktəblinin anası Sevil Hüseynovanın vəkilləri Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin qərarla S.Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. S.Hüseynova isə direktorun həbsini tələb edir.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb, amma təmin olunmayıb. AzadlıqRadiosuna danışan vəkillərin bildirdiyinə görə, məhkəmə şikayətvermə müddətinin ötürüldüyünü əsas gətirib.

«Sən demə, ev dustaqlığının uzadılması barədə qərar iyulun 9-da qəbul edilib. Bizim xəbərimiz olmayıb. Bu cür qərarlardan şikayət müddəti 3 gündür. Müddət də iyulun 12-də bitib. Biz ev dustaqlığının uzadılmasından ayın 13-də xəbər tutub, elə həmin gün də şikayət vermişdik. Hətta vaxt itirməmək, müddəti ötürməmək üçün qərarın surətini almaqdan ötrü müstəntiqə də müraciət etməmişdik. Ümumi əsaslarla şikayətimizi yazmışdıq», - vəkil Sevinc Əliyevanın sözləridir.

Müdafiəçi deyir ki, müddətin bərpasından ötrü Səbail Rayon Məhkəməsinə müraciət edəcək və müddət bərpa ediləndən sonra yenidən ev dustaqlığı qərarından şikayət verəcəklər.

Elinanın anası S.Hüseynova deyir ki, qızının ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru S.Abbasovanın həbs edilməməsini anlamır: «İstəyirəm ki, bütün günahkarlar cəzalandırılsın. Direktorun ev dustaqlığına buraxılması məni, ümumiyyətlə, qane eləmədi. Həbs olunmalıdır. Bəlkə də onun arxasında kimlərsə dayanır ki, özünə arxayındır».

Xatırlatma

162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü 3-cü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

«Təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə, məktəb psixoloqunun da iştirakı ilə, bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub», - direktorun E.Hacıyeva haqqında yaydığı məlumatda bu sözlər əksini tapmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG