Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

‘Diqlas’ın taleyinə tam aydınlıq gəldi - söküləcək!


Diqlas ticarət mərkəzində yanğın
Diqlas ticarət mərkəzində yanğın

“Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binanın taleyinə tam aydınlıq gəlib və mərkəzin sökülməsi qərara alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin aprelin 4-də yaydığı məlumatda bildirilir.

Nazirliyin saytında yer alan məlumata görə, bu qərar mütəxəssislərin rəyi əsasında çıxarılıb.

Baş verən yanğından sonra mərkəzin yerləşdiyi binanın söküləcəyi ehtimal edilirdi. Amma rəsmi qurumlar belə fikirləri təsdiq etməmişdilər.

Martın 26-da səhər saat 8 radələrində “Diqlas” Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Nəticədə həm dördmərtəbəli mərkəz, həm də ona bitişik bir sıra binalar yanmışdı. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilirdi.

Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.

Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 400-dən çox şəxsə ziyan dəydiyi bildirilir.

Martın 29-da isə prezident İlham Əliyev həmin yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə sərəncam verib.

Sərəncamla 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmalıdır.

Nazirlikdə “Diqlas” Ticarət Mərkəzində mağazaları yanan sahibkarlarla bağlı İşçi qrup da fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq işçi qrupda sahibkarların fərdi qəbulu başa çatıb.

“... 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğunu bildirib », - məlumatda yazılıb.

Məlumatda habelə vurğulanırdı ki, aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində 680-yə yaxın ticarət obyekti təklif olunub.

“Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12.4 min kvadratmetr olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb”, - nazirlik qeyd edirdi.

XS
SM
MD
LG