Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:01

Dinlər iqlim dəyişikliyi ilə mübarizəyə kömək edə bilərmi?


Zavod tüstüsü
Zavod tüstüsü

Siqh məbədlərində icma mətbəxləri dərisinin rəngindən və kastasından asılı olmayaraq, hər kəsə pulsuz yemək verir. Ancaq «lanqar» adlı bu mətbəxlər çox zaman kimyəvi pestisidlərlə yetişdirilmiş ərzaqdan hazırlanan yemək paylayır. Bu pestisidlərsə çaylara və dənizlərə axaraq onları çirkləndirir.

2015-ci ildə siqh ekoloji qruplarının təşəbbüsü ilə hər gün 100 min insana yemək paylayan siqh dininin ən müqəddəs məbədi olan Qızıl Məbəd özünün təbii, ətraf mühitə ziyan vurmayan ərzağını yetişdirməyə başlayıb.

«Bizim müqəddəs kitabımızda ana təbiəti qorumaq, yer üzündəki həyatı və cəmiyyəti daha da yaxşılaşdırmaqla bağlı çoxlu məqamlar var. Planetimizdə ən həssas varlıq planetimizin özüdür - meşə, su, hava, torpaqdır», – «EcoSikh» adlı siqh ətraf mühit qrupunun Cənubi Asiya üzrə meneceri Ravneet Singh «Thomson Reuters» Fonduna müsahibəsində deyib.

Dünyanın bir çox dinləri təbiəti müqəddəs sayır və get-gedə daha çox dini lider ətraf mühitin müdafiəsinə qalxır, o cümlədən iqlim dəyişikliyini önləməyə çağırır.

TƏŞƏBBÜSLƏR

Ekspertlər hesab edirlər ki, insanların emosiyaları və şəxsi həyatlarına təsir edə bilən dinlər onları iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər edərək, siyasətin görə bilmədiyi işi bacara bilərlər.

Dini qruplar trilyonlarla dollarlıq aktivlərə nəzarət edirlər ki, bu da həmin mübarizəyə yönəldilə bilər. Bu həftə bir sıra dini qurumlar İsveçrədə toplaşaraq, etik investisiya qaydalarını müzakirə edəcəklər. Bu qaydalara faydalı qazıntı mənşəli yanacaqlardan imtina və daha ekoloji (yaşıl) layihələrə üstünlük verilməsi də daxildir.

Dünyada get-gedə daha çox inanclı insan iqlim dəyişikliyi ilə mübarizəyə qoşulur. Buna Britaniyada ekoloji məscidlərdən tutmuş hindu qrupların Hindistanda çayları təmizləməsinə və Saharada dini torpaqlarda ağac əkilməsinədək bir çox təşəbbüsü misal göstərmək olar.

Papa Francis və Patriarx Bartholomew
Papa Francis və Patriarx Bartholomew

2015-ci ildə 200-dək dövlətin imzaladığı Paris iqlim dəyişikliyi müqaviləsinə görə, ölkələr iqlim dəyişikliyinin ən pis nəticələrindən qorunmaqdan ötrü planetin orta temperaturunu sənayeləşmədən öncəki dövrə nisbətən 2 dərəcə yüksəlməsinə imkan verməmək öhdəliyi götürüblər.

Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmənin fəlakətlərə yol açacağını göstərən dəlillərə rəğmən, hökumətlər zəruri tədbirlər görmür.

TEMPERATUR YÜKSƏLİR

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, artıq yer səthində orta temperatur sənayeləşmədən öncəki dövrə nisbətən 1.2 dərəcə yuxarıdır.

Bu hal və il-ildən artmaqda olan su basqınları, qasırğalar və s. atmosfer hadisələri bir çox dini rəhbərləri iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmağa vadar edib.

Sentyabrda Papa Francis və ortodoks xristianların lideri Patriarx Bartholomew dünya liderlərini kollektiv şəkildə iqlim dəyişikliyinə qarşı tədbir görməyə çağırıblar. Ekspertlərin fikrincə, bu, çox sayda insanın düşüncəsini dəyişdirməyə qadir addımdır.

«Bütün böyük dinlərdə dünyanın ehtiyacı olan həssas insanlarına və təbiətə qayğıdan danışılır. İnsanları həvəsləndirən faktlar yox, dəyərlər və hisslərdir. Bunlar ümumbəşəri hisslərdir. Dini icmalar iqlim dəyişikliyi ilə mübarizənin əsasında duran bəzi məsələləri, məsələn, ədalətliliyi qabarda bilərlər», – BMT baş katibinin iqlim komandasında məsul vəzifə tutmuş, xristian ailəsində böyümüş, qardaşı hazırda missioner olan Cynthia Scharf deyir.

İqlim dəyişməsi animasiyada
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

EKOLOJİ DAVRANIŞLARIN TƏBLİĞİ

Bir çox dinlər artıq daha az maddi əşyalarla yaşamaq, suya qənaət etmək və ət yeməmək kimi ekoloji davranışları öz əsas dəyərlərinin bir hissəsi kimi təbliğ edirlər. Məsələn, Hindistanda dörd milyondan artıq insanın sitayiş etdiyi caynizm heyvanları öldürməyi qadağan edir və vegetarian həyat tərzini təbliğ edir. Alimlər deyirlər ki, belə həyat tərzi planeti qızdıran istixana effektini önləməyə kömək edə bilər.

Din və Konservasiya Alyansının (ARC) məlumatına görə, dünyada dini investisiya fondları hər il trilyonlarla dolları idarə edirlər. Tarixən dini fondlar alkoqol, tütün, silah kimi işlərə sərmayə qoymaqdan çəkinib. Son zamanlar iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bu siyahıya qazıntı mənşəli yanacaqlar da salınıb.

İNVESTİSİYA PRİORİTETLƏRİ

Dini qruplar eyni zamanda bərpaolunan enerji mənbələri, dayanıqlı kənd təsərrüfatı və meşələrin mühafizəsi kimi layihələrə get-gedə daha çox sərmayə qoymağa başlayıblar.

«Qazıntı yanacağını almamaq meşələrin məhvinin qarşısını almır. Onsuz da bazarda kimsə sizin almadığınız yanacağı alacaq. Biz çıxış yoluna investisiya qoymaq istəyirik», – İsveç Kilsəsinin dayanıqlı inkişaf şöbəsinin rəhbəri Gunnela Hahn deyir.

Bu həftə İsveçrənin Tsuq şəhərciyində dünyanın ən iri dinləri olan buddizm, xristianlıq və islamı təmsil edən investorlar və liderlər etik investisiya prioritetlərini dərc ediblər. Qaydaların bəzilərində tullantıların azaldılması, yenidən istifadəsi layihələrinə dəstək, təmiz su və təhsilə çıxış imkanlarını genişləndirən şirkətlərə investisiya və ekoloji fəaliyyəti daha geniş olan şirkətlərin seçilməsi nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG