Hüquq müdafiəçisi: “Heç bir halda insana işgəncə vermək, onu aşağılamaq və ölümcül...”
“Ən ağır cinayətkarın da hüququ var. Heç bir halda insana işgəncə vermək, onu aşağılamaq və ölümcül vəziyyətə salmaq olmaz”.
Hüquq müdafiəçisi Oktay Gülalıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsdə görə saxlanan Yunis Səfərovun xəsarət aldığı görünüən fotolarının yayılması, rəsmi qurumların buna reaksiyasın dəyərləndirərkən belə deyib.
Hüquq müdafiəçisi diqqəti Y.Səfərovun fotoları ilə bağlı hüquq mühafizə qurumlarının iki fərqli rəsmi açıqlama verilməsinə yönəldib. O, ilk açıqlamada Y.Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyaların həqiqəti əks etdirməməsinin vurğulandığını qeyd edib.
“ Daxili İşlər Nazirliyi (DİN) sğzçüsü bu gün yeni mövqe bildirib. Onun ağır xəsarət alması ilə bağlı sosial şəbəkələrdə yayılan fotonun Yinis Səfərova aid olmasını təsdiq edib. Amma bildirirlər ki, o həbs olunan zaman xəsarət alıb, saxlandıqdan sonra heç bir işgəncəyə məruz qalmayıb. Tamamilə yanlış məlumatdır və məsələni ört- basdır etməyə çalışırlar. Əvvalə dünən, iyulun 4-də açıqlamada yayılan fotoların adı çəkilən şəxsə aid olmadığını bildirirdilər. Bu gün isə fotonun ona aid olduğu bildirilsə də "xəsarət"- in saxlanan zaman aldığını vurğulayırlar”, deyən hüquq müdafiəçisi qeyd edib ki, ya xalqı avam yerinə qoyurlar, ya da ağıllarını itiriblər.
“Hər şey ortalıqda gün kimi aydındır”, deyən O.Gülalıyev qeyd edib ki, sosial şəbəkələrdə yayılmış şəkillərdən Y.Səfərovun açıq havada deyil, otaq şəraitində olması, tərki- silah edilmiş, qolları qandallı vəziyyətdə saxlandığı görünür.
O.Güləliyev bildirib ki, onlarda olan məlumata görə, icra başçısının vurulduğu ərazidə videokameralar olub.
“Yaxşı olar ki, aidiyyatı qurumlar həmin görüntüləri nümayiş etdirsinlər. O zaman bir çox suallara aydınlıq gələcək.”, hüquq müdafiəçisi vurğulayıb.
Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücuma görə saxlanılıb.
Dünən, iyulun 4-də sosial şəbəkələrdə Y.Səfərovun olduğu deyilən və şəxsin aşkar xəsarət izləri görünən fotolar yayılıb. Həmin fotolarla bağlı bəziləri güman edirdi ki, o, saxlandıqdan sonra işgəncəyə məruz qalıb.
Əvvəlcə rəsmi qurumlar bu fotoların Y. Səfərova məxsus olduğunu təsdiqləməyiblər.
APA agentliyinin xəbərinə görə, bu gün, iyulun 5-də isə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov təsdiq edib ki, həmin fotolar Y. Səfərova məxsusudur.
Amma E. Zahidov deyib ki, Y. Səfərov tutulandan sonra işgəncəyə məruz qalmayıb.DİN sözcüsünün deməsinə görə, O saxlanarkən silahlı müqavimət göstərib:
“Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”, DİN sözçüsü bildirib.
***
Son iki gün sosial şəbəkələrdə yayılan və Gəncə Şəhər İcra Hakimiyyəti başçısına sui-qəsdə görə saxlandığı deyilən Y.Səfərova məxsus olduğu bildirilən fotolar haqqında müəyyən rəsmi izahat verilib.
APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb . O, açıqlamasında Y.Səfərova məxsus olduğu iddia edilən və sosial şəbəkələrdə yayılmış fotolar haqqında da danışıb.Həmin fotolarda yerə yixılmış şəxsin xəsarət aldığı görünür:
“O ki, qaldı sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı şəxs polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”, DİN sözçüsü bildirib.
Halbuki, bundan bir gün öncə, iyulun 4-də sosial şəbəkələrdə həmin fotolar yayılarkən onun Y. Səfərova məxsus olduğu təsdiqlənməmişdi. Hətta bəzi sayıtların məlumatına görə, elə DİN sözçüləri bunu təkzib etmişdilər.
Y.Səfərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücuma görə, saxlanıb.
Dünən, iyulun 4-də sosial şəbəkələrdə Y.Səfərovun olduğu deyilən və şəxsinaşkar xəsarət izləri görünən fotolar yayılıb. Həmin fotolarla bağlı bəziləri güman edirdi ki, o, saxlandıqdan sonra işgəncəyə məruz qalıb.
Üstəlik də, bəziləri suallar edirdi: “Bu şəkillər necə sosial şəbəkələrdə yayılır. Bu məsələdə hüquq mühafizə orqanlarının marağı varmı? Vətəndaş əgər cinayət edibsə, bu ona qarşı cinayətə bəraət qazandıra bilərmi?”
Bu suallara isə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mükün olmayıb.
İttiham və sonrakı məlumatlarla da bağlı, Y. Səfərov və onun vəkilindən münasibət alamaq cəhdləri nəticə verməyib.
Xatırlatma
Rəsmi bilgilərə görə, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir.
“Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”, olayla bağlı hüquq-mühafizə qurumlarının açıqlamasında belə yazılırdı.