Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 05:23

Uşaqlar ikinci dili hansı yaşda daha tez öyrənirlər?


Newsweek dilçi alimlərin yeni araşdırmasına istinadən yazır ki, uşaqlar xarici dilin öyrənilməsinə 10 yaşa qədər başlamalıdırlar. Xarici dilin öyrənilməsinə yalnız bu yaşa qədər başlayanlar sonradan həmin dilin daşıyıcıları qədər səlis və rahat danışa bilirlər.

Alimlər bunu da bildirirlər ki, 10 yaşdan sonra insan yalnız hər hansı səbəbdən bilmədiyi ana dilini mükəmməl öyrənə bilər.

Yeni araşdırma habelə müəyyən edib ki, uşaqlar xarici dilin qrammatikasını 17-18 yaşınadək yaxşı qavraya bilirlər. Əvvəllər bunun daha erkən yaşlarda başa çatdığı düşünülürdü.

Nəticələr göstərir ki, uşaqlar 10 yaşından sonra da dili sürətlə öyrənə bilirlər, lakin onlar həmin dildə heç vaxt 100 faiz səlis danışa bilməyəcəklər. Çünki üzü 17 yaşa doğru xarici dil öyrənməyin sürəti azalmaqda davam edir.

Bu araşdırmanın müəllifi, Massaçussets Texnoloji İnstititu Boston kollecinin professoru Joshua Hartshorne deyib:

“Bizi maraqlandıran başlıca sual bu idi ki, dil öyrənmək qabiliyyəti artıq doğuş anından, yoxsa beş yaşından və ya başqa yaşdan azalır. Bu tədqiqat ilk növbədə uşaqların xarici dili yaşlılardan niyə daha yaxşı öyrənməsinin səbəbi barədə sualı cavablandırır”.

Nəticələri Cognition jurnalında dərc edilmiş tədqiqatı MTİ və Harvard universitetlərinin alimləri 670 min nəfər arasında sorğu keçirərək aparıblar. Bu, dilin öyrənilməsi barədə indiyədək aparılmış ən böyük araşdırmadır.

Bundan əvvəl sadəcə olaraq uşaqlarla yaşlıların dil öyrənmək qabiliyyətləri paralel araşdırılırdı. Lakin son araşdırmada başlıca diqqət qrammatikanın əxz edilməsi sürətinə yönəldilib.

Tədqiqat zamanı yaddillilərin ingilis dilini öyrənməsi prosesi nəzərdən keçirilirdi.

Bunun üçün iştirakçıların arasında anketlər paylanmışdı.

Alimlər bildirirlər kİ, indi onların əsas məqsədi xarici dil öyrənmək qabiliyyətinin yaş ötdükcə niyə azaldığının araşdırılmasıdır.

Ekspertlər deyirlər ki, bu, insanın biologiyası ilə bağlı məsələ ola bilər.

Amma bir məsələ tamamilə aydındır. Xarici dillərin öyrənilməsi 17-18 yaşlarınadək effektlidir.

Alimlər bildirirlər ki, hər şey bir yana, bu yaşdan sonra həyatın başqa qayğıları artmağa başlayır.

XS
SM
MD
LG