Deməsinə görə, böyrəyində ciddi problem olan və həftədə üç dəfə hemodializ proseduruna ehtiyacı olan Vüsal Məmmədov xəstəxanaya çətinliklə getdiyini söyləyir.
Bu barədə məlumat verən V. Məmmədovun sözlərinə görə, buna səbəb həftəsonu küçəyə çıxmaq qadağasıdır:
"Mənim və həyat yoldaşımın böyrəyimiz xəstədir. Biz həftədə üç dəfə, yəni ikinci, dördüncü və altıncı günləri Respublika Klinik Xəstəxanasının dializ şöbəsində hemodializ alırıq. Bu həftə istirahət günlərində çölə çıxmaya qoyulmuş qadağaya görə bizim xəstəxanaya getməyimizdə problem yaranıb. Nəqliyyat işləmir və heç bir dövlət xidməti bizə yardım göstərmir".
V.Məmmədov qeyd edib ki, müxtəlif xidmətlərə müraciət etsələr də onlara yardım göstərilməyib:
“Yardım etmirlər, imtina edirlər”
"Təcili Tibbi Yardıma, Daxili İşlər Nazirliyin "102" Xidmətinə, Fövqəladə Hallar Nazirliyin qaynar xəttinə müraciət etmişik. Yardım etmirlər, imtina edirlər. Deyirlər ki, bizim ixtiyarımız yoxdur, bizim sahəmiz deyil və s. İki gün əvvəl TƏBİB-ə də ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-red) məktub yazmışıq, amma cavab almamışıq. Ona görə məcbur olub Sumqayıtdan xəstəxanaya piyada gedirik…".
TƏBİB-dən cavab
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə “Turan” agentliyinə bildirib ki, dializə ehtiyacı olan xəstələr şəxsi nəqliyyat vasitəsi ilə xəstəxanaya gedə bilərlər:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Daxili İşlər Nazirliyinə məktub göndərilib və dializ xəstələri fərdi maşını ilə xəstəxanaya gedə bilirlər. Eyni zamanda səhər Təcili Tibbi Yardım maşınları vasitəsilə dializə aparılmış xəstələr bizim tərəfimizdən təşkil olunmuş nəqliyyat vasitələri ilə evə qaytarılıb".
Bu gün, iyunun 6-dan etibarən paytaxt Bakı və ölkənin daha bir neçə iri şəhərlərində həftəsonu (şənbə, bazar) vətəndaşların küçəyə çıxması yasaqlanıb.Hazırda paytaxt Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ərzaq mağazaları belə qapalıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargah qeyd edib ki, iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda bütün iş, xidmət, ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın, avtomobillərin hərəkəti dayandırılacaq (Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qərargahın vurğulamasına görə, sakinlər yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım vasitəsilə tərk edə bilərlər.Qərarda yazılıb ki, habelə, yaxın qohumların dəfnində Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla iştirak etmək olar.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.8 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 398 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 6 min 860 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 82 nəfər vəfat edib.Ölkədə martın 24-dən karantin elan edilib.