Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

'Abituriyent' jurnalına görə 2 milyon istənilir


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının onlardan icazə alınmadan çap edilib satılmasına görə 2 milyonluq iddia qaldırıb.

Mülki iddia pirat (orijinal olmayan) dərsliklərin, test toplularının hazırlanması, satışına görə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şirzad Abdullayev Faiq Məmmədova qarşı qaldırılıb. İyunun 7-də məhkəmədə «Abituriyent» jurnalının nümayəndəsi mülki iddianı məhkəməyə təqdim edib. Bildirib ki, təqsirləndirilən şəxslərin hər birindən 1 milyon manat tələb edirlər.

Nümayəndə deyir ki, əslində, saxta jurnalların satışı nəticəsində onlara dəyən ziyan daha çoxdur. Ona görə də, ola bilsin, prosesin gedişində məbləği artırsınlar: «Məhkəmə istintaqı dövründə mülki iddianı artırmaq hüququmuz var. «Abituriyent» jurnalının redaksiyasına vurulmuş zərəri sübut edəcək sənədləri də məhkəməyə təqdim edəcəyik».

Təqsirləndirilən şəxslər və onların vəkilləri mülki iddiaya etiraz ediblər.

Ancaq hakimlər 2 milyonluq mülki iddianı icraata qəbul edib.

«Abituriyent»in nümayəndəsi təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulmasını da istəyib. Ancaq bu vəsatət təmin olunmayıb.

Xatırlatma

İttihamda yazılıb ki, pirat dərsliklər, test topluları orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənib. Onlar müxtəlif vaxtlarda Türkiyədə nəşr edilib Azərbaycana gətirilib. Ancaq ölkəyə daxil olanda gömrük nəzarətinə düzgün bəyan edilməyib. Vəsaitlər «Sədərək», «Binə» və başqa ticarət mərkəzlərində satılıb.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. Onlar özlərini təqsirli bilmədiklərini deyirlər.

Bu işə görə cinayət məsuliyyətinə cəlb olunanlar iki qrupa ayrılıb. Onlardan ikisinin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, qalan beş nəfərinki isə Qaradağ Rayon Məhkəməsinə.

Beş nəfərə CM-in 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) maddəsi ilə, ikisinə isə həm bu, həm də 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

İstintaqın sonuna yaxın beş nəfərdən qaçaqmalçılıq ittihamının götürülməsi Dövlət İmtahan Mərkəzini narazı salıb. Sözügedən beş nəfərin bir neçəsi «Sədərək», «Binə» ticarət mərkəzlərində dəftər-kitab satışıyla məşğul olanlardır.

Mühakiməolunanlara verilən ittihamlardan CM-in 206.4 maddəsində 7 ildən 12 ilədək həbs, 197.2 maddəsində isə vurulmuş ziyanın 3 mislindən 5 mislinədək cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud da 2 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG