Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Avropa İttifaqı dezinformasiya yayan ölkələrə sanksiyalar qoya bilər


Avropa Komissiyası ilk dəfə olaraq Rusiya və Çin kimi xarici ölkələrə yaydıqları dezinformasiyaya görə sanksiyalar qoyulması təklifi ilə Avropa İttifaqına müraciət edib.

AzadlıqRadiosuna məlum olub ki, Avropa Demokratik Hərəkət Planı adlı sənəd rəsmən dekabrın 2-də təqdim olunacaq.

Bu müraciətdə deyilir ki, blokun 27 üzvü xarici müdaxilə və nüfuz əməliyyatlarını dəf etmək üçün ən müxtəlif alətlərdən sistematik şəkildə istifadə etməyə hazır olmalıdır.

Bu da qeyd olunur ki, təkrar olunan müdaxilə hərəkətlərindən sonra bu “xarici ölkələrə” sanksiyalar qoyulmalıdır.

Avropa İttifaqının icra qanadı olan Avropa Komissiyası ilk dəfədir ki, dezinformasiyalara görə sanksiyaların qoyulmasını təklif edir.

İlk növbədə Rusiya və Çin

Sənəddə qeyd olunur ki, “xarici ölkələr”, ilk növbədə Rusiya və Çin Avropa İttifaqında və onun qonşuluğunda COVID-19-la bağlı dezinformasiya kampaniyaları aparıb.

Bu da deyilir ki, xarici oyunçuların belə müdaxilələrdən məqsədi Avropa ölkələrində demokratik debatları gözdən salmaq, sosial qütbləşmə yaratmaq və nəticədə öz imiclərini yaxşılaşdırmaqdır.

Hərəkət planında bildirilir ki, Avropa Xarici Siyasət İdarəsinin Rusiya dezinformasiyalarını monitorinq edən East StratCom bölümü bu il ərzində COVID-19-la bağlı 500-dən artıq kremlyönlü dezinformasiya müəyyənləşdirib.

East StratCom bölümü yaradıldığı 2015-ci ildən bəri 10 mindən artıq belə dezinformasiyanı faş edib.

Sosial platformalara daha sərt tələblər

Sənəddə habelə “internetdə ziyanlı əməliyyatlarıln aparıldığı platformalara daha sərt monitorinq qaydalarının tətbiqinə” çağırış edilir.

2018-ci ildə Avropa Komissiyası Facebook, Google və Twitter platformaları üçün belə qaydalar yaradıb. Bu qaydalara qoşulmaq texnoloji şirkətlər üçün könüllüdür.

Avropa Komissiyası hesab edir ki, bu tədbir elə də əhəmiyyətli nəticələr verməyib. Bu səbəbdən sosial platformlara daha sərt tələblərin qoyulması təklif olunub.

Sənəddə qeyd olunur ki, Avropa Komissiyasının bu ilin sonlarına doğru açıqlayacağı Rəqəmsal Xidmətlər Qanunu sosial şəbəkələrə daha ciddi tələblər qoyacaq.

Bu qanuna əsasən iri sosial media şirkətləri dezinformasiyaya qarşı apardıqları mübarizə barədə Avropa Komissiyasına hesabat verməli olacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG