Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

Daştatük sakinləri imdad diləyir - 'Deyirlər, çayı özəlləşdirmişik'


Çayın dibi qazılır
Çayın dibi qazılır

«Çayda kütləvi qazıntı işləri aparılır, gün ərzində azı 85 maşın çaydan daş və qum qarışığı daşıyıb aparır. Əməliyyatı aparan şirkətin işçiləri deyirlər ki, «pul verib çayı özəlləşdirmişik, nə istəsək, edə bilərik». Çayın dibi qazılan vaxt ağır texnikalar çayın ətrafındakı ağacları da kökündən qırır».

«SANKİ QARŞILARINA PLAN QOYUBLAR»

Lənkəranın Daştatük kəndinin sakinləri ərazidən keçən çayda qazıntı başlanmasından və təbiətə zərər vurulmasından narahatdır. Kənd sakini Sakit İmranlı AzadlıqRadiosuna danışır ki, Lənkərançayın bir qolu olan və təqribən 200 ailənin yaşadığı dağlıq kəndi iki hissəyə ayıran Bəşərü çayı qazılır:

«Bu il mayın 25-də çayın kənddən keçən ərazisində peyda olan xeyli ağırtonnajlı texnika çayın dibində qazıntı aparır. İş o qədər sürətlə aparılır ki, sanki qarşılarına plan qoyublar. Yüzillik ağacları qırıb töküblər. O çayın suyundan istifadə edirik, elə vəziyyət yaradıblar ki, indi istifadə edə bilmirik».

Sakinlər qazıntının dayandırılması üçün həm Lənkəran şəhər İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər.

Yüzillik ağacları qırıb töküblər.
Yüzillik ağacları qırıb töküblər.

«YÜZİLLİK AĞACLAR MƏHV OLUR»

Kənd sakini Firudin Namazov:

«Kənd ərazisindəki çayda qazıntı işləri sürətlə davam edir. Ağır texnikalar hərəkət etdikcə çayın kənarındakı yüzillik ağaclar qırılır, məhv olur. Çayın suyundan istifadə edə bilmirik, qazıntının aparılması həyətlərimizdəki quyularda suyu qurudub».

Kənd sakinlərinin deməsinə görə, qazıntının qarşısını almaqdan ötrü çay kənarına gediblər, ancaq qarşıdurma baş verib. Məsələyə müdaxilə edən polislər də sakinləri hədələyib.

Kəndi iki hissəyə ayıran Bəşərü çayı dağlıq ərazidən keçir, hər iki sahilində yaşayış evləri var. Evləri çaydan təqribən 15 metrlik məsafə ayırır. Əvvəllər baş vermiş daşqınlar nəticəsində yaşayış yerlərini bir neçə də su basıb. Ağacların kütləvi qırılmasının və çayın dibinin qazılmasının önlənməsi üçün müraciətlər, hələlik, sakinləri susdurmağa polis qüvvəsi göndərilməsiylə sonuclanıb.

Ağır texnika ağacları məhv edir
Ağır texnika ağacları məhv edir

«SAKİNLƏR MANE OLMAQ İSTƏYİRLƏR»

Lənkəran rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, çayda qazıntı aparan şirkətin uyğun qurumlarla müqaviləsi var:

«Orda işlər tam qanuni görülür. Sakinlər mane olmaq istəyirlər, ancaq onların hərəkəti qanunsuz müdaxilədir. İşlər təbiətə zərər vurmadan aparılır. Orda bircə budaq da qırılmayıb, hər şey nəzarətdədir. Sakinlərin narahatlığına əsas yoxdur».

Lakin qurumdan qazıntı işlərinin konkret hansı şirkət tərəfindən aparıldığı bildirilməyib.

Ekoloq Rüstəm Hüseynli deyir, ətrafında yaşayış evləri olan çayların qazılması təhlükəlidir. O bildirib ki, çayın dibi qazıldıqca ətrafında torpaq sürüşməsi riski də artır.

XS
SM
MD
LG